Məhkəmə qərarları › İş №e-2(060)-3560/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3560/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3560/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 344/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 12 iyun 2016-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X3 anaları İddiaçı himayəsinə verilməsi, xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 fevral 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat miqdarında alimentin alınaraq, İddiaçı verilməsi, alimentin tutulmasının 10 fevral 2021-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2197/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 344/2022 saylı mülki iş üzrə 10 may 2022 ci il tarixli qətnaməsinin qismən-alimentin 10 fevral 2021-ci il tarixdən tutulmasının qeyd edildiyi hissədə ləğv edilməsi, alimentlə bağlı qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-363/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2197/2022 nömrəli mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması və qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Cavabdeh 2022-ci ildə hər ay 3480,50 manat əmək haqqı aldığı halda 3 uşağa görə ən aşağı həddə-yəni dövlət tərəfindən hər il uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində (3 uşağa görə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat miqdarında) alimentin tutulması haqqında yekun məhkəmə qərarları qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-344/2022 saylı 10 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasına zərurət yaranmışdır. Yuxarıda təsvir olunan mubahisənin mediasiya vasitəsi ilə həll edilməsini mümkün olmamış, mediasiyaya dair 50 manat məbləğində xərc iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən Gədəbəy Rayon Məhkəməsinin 2(042)-344/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-344/2022 saylı 10 may 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2013cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, bir uşağa görə 220 manat olmaqla, ümumilikdə üç uşağa görə 660 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 12 iyun 2016-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 anaları İddiaçı himayəsinə verilməsi, xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması 10 fevral 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 193 manat, cəmi 579 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 3M-261 reyestr nömrəsi ilə təsdiq olunmuş, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-3560/2023 nömrəli işdə “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi tələbi"nə dair məhkəmə prosesi üzrə İ tərəf Cavabdeh, İİ tərəf İddiaçı razılığa gələrək, İİ tərəf bu müqavilə qüvvədə olduğu və İ tərəf bu saziş üzrə öz öhdəliklərini tam və vaxtında icra edəcəyi halda İ tərəfə qarşı alimentin miqdarının artırılması barədə iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür. İ tərəf uşaqlara görə onların hər biri yetkinlik yaşına çatanadək 220 manat məbləğində alimenti hər ay üzrə tam və vaxtında İİ tərəfə ödəməyi öhdəsinə götürür. İ tərəf həmçinin uşaqların təhsili, təlim-tərbiyəsi və sağlamlıqlarının müalicəsi üçün uşaqların hər biri yetkinlik yaşına çatanadək, hər ay digər xərcləri: idman, kurslar, nəqliyyat, müayinə, müalicə və mənzil üzrə mövcud olan bütün kommunal xərcləri tam və vaxtında ödəməyi öz öhdəsinə götürür. Nəqliyyat xərcinə uşaqların hər biri yetkinlik yaşına çatanadək İİ tərəfin uşaqları təhsil aldıqları orta məktəbə, idmana, kurslara, zərurət yarandığı hallarda müayinə və müalicə üçün tibb müəssisələrinə aparıb-gətirməsi üçün hər ay İ tərəfin İİ tərəfə ödəməli olduğu şəhərdaxili marşrutlar üzrə müəyyən edilmiş 100 gediş haqqı məbləği daxildir. Tərəflərdən biri bu sazişin şərtlərini pozduqda, digər tərəfin bu saziş imzalananadək bu sazişdə nəzərdə tutulan alimentin məbləğin dəyişdirilməsi və uşaqların mənzilə olan tələbatının təmin edilməsi ilə bağlı irəli sürdüyü tələbləri mübahisəsiz və qeyd-şərtsiz qəbul etmiş sayılır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından üç övladları anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 344/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 529 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbi ilə razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

14. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

15. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

18. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçı tərəfin izahatını, tərəflər arasında bağlanılmış barışıq sazişini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci iİ təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(042)-344/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

28. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

29. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (660 x 12 = 7920 manat. 6920 x 1% = 69,2 manat. 30+69,2= 99,2 manat)

30. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 99,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(042)-344/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilməmiş dövlət rüsumu olaraq 99,2 (doxsan doqquz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar