Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3566/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh arasındakı birgə nikahdan olan 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat sabit pul məbləğində aliment, həmçinin X3 3 yaşına çatanadək saxlnılması üçün hər ay 100 (bir yüz) manat məbləğində pul, həmçinin 50 (əlli manat) ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh arasındakı birgə nikahdan olan 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat sabit pul məbləğində aliment, həmçinin X3 3 yaşına çatanadək saxlnılması üçün hər ay 100 (bir yüz) manat məbləğində pul, həmçinin 50 (əlli manat) ödənilmiş mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddiaçı və cavabdehin birgə nikahından olan 12 yanvar 2021-ci il təvəllüdlü X5 ilə bağlı yaranmış əlavə xərclərə görə hər ay 600 (altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahda olduqları dövrdə 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. İddiaçının cavabdehlə nikahda olduqları zaman ilk dövrlər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş, ailə münasibətləri pozulmuşdur. 27 may 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra hazırda uşaqların hər ikisi iddiaçı ilə birlikdə yaşayır. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf hazırda uşaqların saxlanmasında, onların maddi ehtiyaclarının ödənilməsində iştirak etmir, bunun üçün vəsait sərf etmir. Uşaqların ehtiyacları iddiaçı tərəfindən təmin edilməyə çalışılsa da, cavabdehin bu prosesdə kömək etməməsi çətinlik yaradır. Məlumdur ki, hər bir uşağın, qidalanma, geyim, yaşayış yeri, səhiyyə, təhsil, əyləncə başda olmaqla zəruri xərcləri vardır. Bu xərclərində ödənilməsində cavabdeh cəlb olunmalı, bunun üçün müvafiq aliment məbləği məhkəmə tərəfindən müəyyən olunaraq cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bu səbəbdən də gəlirləri qeyri-müntəzəm olsa da, hər bir halda yüksək gəlir əldə edir. İstər bu səbəb, istərsə də uşaqların yaşayış şəraiti nəzərə alaraq hesab edir ki, hər uşaq üçün 1000 (bir min) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Bundan başqa 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün aylıq 100 (bir yüz) manat məbləğində ödəniş də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məlumdur ki, uşağın ananın bilavasitə qayğısına ehtiyacı var və bu vəziyyət ananın əmək fəaliyyəti ilə məşğul olmasını istisna edir. Bu vəziyyət də iddiaçının maddi vəziyyətini ağırlaşdırır, bu səbəbdən də cavabdeh uşaq 3 yaşına çatanadək iddiaçıya aylıq 100 manat əlavə vəsait ödənilməsinə cəlb edilməlidir. Bundan başqa ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının 09 may 2023-cü il tarixli, MŞS/MT030/2023- 00762 saylı arayışından görünür ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərcləri tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, məlum olduğu kimi qanunvericliyin göstərişinə əsasən, uşaqlara baxmaq valideynin borcudur. Eyni zamanda Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə aliment təyin olunarkən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi sabit məbləğdə aliment təyin olunarkən şəxsin maddi vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınır. İlk növbədə cavabdehin maddi vəziyyəti barədə qeyd edir ki, bu barədə danışıldıqda cavabdehin maddi vəziyyətinin göstəriciləri təkcə hazırkı dövrü deyil, birgə yaşadıqları dövrü də əhatə etməsi nəzərdə tutulur, yəni cavabdehin uşaqlara özünün baxdığı zamana və indiyə aid faktlardır. Belə ki, cavabdeh məhkəməyə ünvanladığı iddiaya etirazda iddianı qismən, yəni 440 manat həddində qəbul etsə də, etirazda göstərdiyi kimi işsiz şəxs deyil, əksinə sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Sumqayıt şəhərində hazır geyim mallarının satışını təşkil edir, bunun üçün kişi və qadın geyimləri olmaqla iki ayrı mağazası mövcuddur, nəinki işsizdir, hətta işini təşkil edə bilmək üçün ən azından satıcı olaraq başqa şəxsləri əmək fəaliyyətinə cəlb edir və onlara məvacib ödəyir və təbii ki, onların yaratdığı əlavə dəyərdən, yəni ticarətdən öz gəlirini əldə edir. Cavabdeh ticarəti üçün malları topdan şəkildə birbaşa istehsalçı ölkədən, özü ora gedib-gəlməklə vaxtaşırı əldə edir, bu da onun fəaliyyətinin həcminin böyük olduğunu düşünməyə əsas verir. Məhkəmə zamanı da məlum olmuşdur ki, cavabdeh mütəmadi ölkə sərhədlərini tərk edir , bu xüsusat onun ticarətlə məşğul olmasına dəlalət edir. Eyni zamanda hazırlıq mərhələsində məhkəməyə təqdim edilmiş CD disklərdə olan video və fotolardan da cavabdehin ticarətlə məşğul olduğu görünür. Bundan başqa, cavabdehin vergi məlumatlarından görünür ki, onun fəaliyyət istiqaməti poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışdır. Hazırda isə həmin fəaliyyətin gəliri olduqca yüksəkdir. Belə ki, diskdəki reklam videosu və fotodan görünür ki, cavabdeh “Murassimo Luxury” adlı kişi paltarlarını satan mağaza işlədir və dükan brend adlanan yüksək qiymətli malların satışını həyata keçirir, bunu istər reklam videosundakı mağaza vitrinin tərtibatı, istər də mağaza adında olan “luxury” sözü təsdiq edir, yəni ki, bu ifadə ingiliscə olub lüks mallar, yüksək keyfiyyətli mallarını satışını, həmin beləliklə də “üst seqment” adlanan yüksək gəlirli müştəri bazasını cəlb etməyi, malların bahalı olmasını ehtiva edir, beləliklə də cavabdehin yuxarı məbləğdə gəlir əldə etdiyini göstərir. Həmçinin həmin videoda cavabdehin özünün mağazada çəkilməsi və instaqram səhifəsində olan müştərilər üçün əlaqə nömrəsinin cavabdehə məxsus olması sözügedən mağazanın cavabdehə aid olmasını təsdiq edir. Eyni zamanda cavabdehin mağazanın “İnstaqram” və “Tiktok” sosial şəbəkələrində reklamını təşkil etdiyi görünür. CD diskdə fotosu olan “Murassimo luxury”ə aid instaqram səhifəsinin fotosunda səhifəsinin təxminən 100 min civarında izləyicisi olduğu görünür, həmçinin 2500 aralığında foto paylaşdığı görünür ki, bu da fəaliyyətin həcmini, sürətliliyini göstərir. Bir instaqram səhifəsində 100 min potensial müştərinin səhifəni izləməsini təmin etmək üçün günlük ən azı 10-20 dolları arası İnstaqram sosial şəbəkəsi vasitəsilə reklam verilməsi tələb olur ki, bu 18 %-lik vergini nəzərə aldıqda təxminən 20-40 manat arasında vəsait edir, həmçinin reklam gündəlikdən əlavə zaman-zaman videobloqer adlı reklam edən şəxslər cəlb olunaraq da təşkil olunur ki, onların da xidməti ən azı 300 manatdan başlayır, həmçinin, mağaza üçün cavabdehin iştirak etdiyi reklam video çarxı da var ki bu da ən azında bir neçə yüz manata çəkilir, bundan başqa çoxminli səhifənin kiberhücumdan qorunması üçün aylıq İT mütəxəssisi xərcləri ən azında 100 manat edir. Bu xərclərin çəkilməsinin, əlbəttə ki, müəyyən qazanc, həmin xərclərdən bir neçə dəfə artıq gəlirlə nəticələndiyini, həmçinin müştərilərin heç də hamısının sosial şəbəkə vasitəsilə gəlmədiyi nəzərə alınarsa, cavabdehin maddi gəlirinin yüksək olduğu qənaətinə gəlinər. Həmçinin, instaqram alqoritmasına görə “luxury” ifadəsi imkanlı müştəriləri cəlb etməyə xidmət edir. Ümumilikdə isə qanunda qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmçinin valideynin uşaqlarla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq valideynin öz övladına qazancına uyğun şəkildə baxması, təmin etməsi onun mənəvi borcudur. Məhkəməyə təqdim edilən CD diskdə uşaqların qaldığı ev, həmin evin çoxmərtəbəli geniş həyət evi olduğu, demək olar ki, “villa” adlana biləcəyini görünür ki, uşaqlar da cavabdehlə birlikdə həmin evdə yaşamışlar. Evin göstəriciləri uşaqların əvvəlki təminat səviyyəsini və cavabdehin maddi vəziyyətini göstərir. Bundan başqa məhkəməyə təqdim edilən “X9-Uşaq Bağçası” MMCnin 06 iyul 2023-cü il tarixli arayışından məlum olur ki, birgə nikahdan olan uşaq Məryəm İskəndərzadə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 400 (dörd yüz) manat ödəniş edilməklə həmin bağçada təlim-tərbiyə almışdır. Bağça üçün vəsait də cavabdeh tərəfindən ödənilmişdir, cavabdeh 2023-cü ilin mart ayınadək uşaqları ilə birgə yaşamışdır, CD diskdə olan görüntülərdə uşaqların yaşı da onların valideynlərinin nikahı rəsmi qaydada pozulduqdan sonra bir yerdə yaşadıqlarını göstərir. Göründüyü kimi cavabdehin bir uşaq üçün 400 manat bağça xərci çəkdiyini (digər uşaq hələ bağça yaşına çatmamışdır), bunu iki uşaq üçün həmin məbləğin ikiqatı edəcəyini və uşağın da xərclərinin təkcə bağçadan ibarət olmadığını nəzərə aldıqda, cavabdehin uşaqların əvvəlki yaşayış səviyyəsini hazırkı işdə iddia tələbinə uyğun təmin etdiyi məlum olur. Digər uşaq Safiya İskənkərzadənin mütəmadi müayinəyə ehtiyacı vardır. Məhkəməyə təqdim olunmuş tibbi sənəddən də uşağa “dəqiqləşdirilməmiş entsefalopatiya” diaqnozu qoyulduğu görünür. Uşağın müayinə və müalicəsi üçün mütəxəssis yardımına ehtiyac var ki, bu da əlavə xərclərin yaranmasına səbəb olur, cavabdeh də valideyn olaraq həmin xərclərin ödənilməsinə cəlb olunmalıdır. Uşaq bu müayinələrə demək olar ki, gündəlik cəlb olunmalıdır. Bu xərclər təkcə Azərbaycan Respublikasında günlük ən azı 20 (iyirmi) manat təşkil edir. Bununla bağlı vəkil sorğusu ilə əldə edilmiş və məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin təqdim etdiyi cavab məktubunda Safiya İskəndərzadənin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək psixoloq, duyu bütünləmə, və refleksoloq seanslarında olduğu, ona xidmət göstərildiyi, bunun üçün MMC-ə ümumilikdə 985 (doqquz yüz səksən beş) manat pul ödənildiyi görünür. Məhkəməyə təqdim edilən qəbzlərdə də təkcə bu ilin fevral ayı üçün 400 (dörd yüz) manat xərclərin bu məqsəd üçün ödənildiyini (ayın bütün günləri xidmətdən istifadə olunmadığı nəzərə alınmalı) məlum olur ki, həmin xərclər də cavabdehin özü tərəfindən ödənilmişdir. Hesab edirəki, bu xüsusat əlavə xərclə bağlı tələbi üçün yetərlidir. İddiaya etirazda həmçinin cavabdeh iddiaçının uşaqlara baxmağa görə yaşadığı ölkədə ən azı 300 ABŞ dolları pul aldığını söyləyir. Əvvəla, bu əsassızdır, həmçinin hər bir tərəf məhkəmədə istinad etdiyi halları özü sübut etməlidir , eyni zamanda iddiaçının maddi vəziyyəti, gəliri, cavabdehin dediyi kimi olsaydı da belə, bu hal cavabdehin valideynlik vəzifəsindən azad etmir. Bundan başqa iddiaçı uşaqlarının qalacaq yerini təmin etmək üçün ipoteka vasitəsilə ev əldə etmişdir, ev hər nə qədər iddiaçının adına olsa da, hər bir halda cavabdehi də uşaqlarının qalmaq yerinin təmini maraqlandırmalıdır. Bu baxımdan iddiaçının uşaqlardan əlavə aylıq ipoteka xərci ödədiyi də nəzərə alınmasını xahiş edir. Bununla bağlı sənədlər tərcümə edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən, hesab edir ki, iddia tələbinin tam təmin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yazılı iddiaya etiraz edərək İddiaçı tərəfindən verilmiş iddia tələbinin (hər uşağa görə 220 manat, ümumilikdə 440 manat həddində) qismən təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. - MŞS/MT030/2023-00762 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. - "xxxx" Korreksiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1№-li arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək psixoloq, duyu bütünləmə və refleksoloq seanslarında olmuş və ona xidmət göstərilmişdir. Göstərilən xidmətlər üzrə "xxxx" MMC-ə ümumi 985 manat ödəniş edilmişdir. - xəstəlik sənədlərindən görünür ki, X5 psxi-nitq qusuru xəstəliyindən əziyyət çəkir. - iddiaçı tərəfindən təqdim edilmiş video diskdə baxış keçiriləkrən, iddiaçının vəkili qeyd etdiki, videogürüntülər uşaqların atasına məxsus evdə olduqları zaman çəkilib və uşaqlar cavabdeh tərəfindən əvvəllər yüksək təminatlandırılıblar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahda olduqları dövrdə 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. 27 may 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra hazırda uşaqların hər ikisi iddiaçı ilə birlikdə yaşayır. İddiaçı bildirir ki, cavabdeh tərəf hazırda uşaqların saxlanmasında, onların maddi ehtiyaclarının ödənilməsində iştirak etmir, bunun üçün vəsait sərf etmir. Uşaqların ehtiyaclarını iddiaçı təmin etməyə çalışsa da, cavabdehin bu prosesdə kömək etməməsi çətinlik yaradır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatının 09 may 2023-cü il tarixli, MŞS/MT030/2023-00762 saylı arayışından görünür ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərcləri tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qismən qəbul edir, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat həddində aliment tutulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın yetkinlik yaşına çatmayan övladın saxlanılması üçün aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə cavabdehin uşağın xəstəliyi ilə əlaqədar iddiaçıdan əlavə xərcin tutulması tələbinə dair hissəyə münasibətdə qeyd edir ki, 12 yanvar 2021-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bu hissədə alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır, belə ki, qeyd edilən tələb həmin tarixdə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın maddi yardımın ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi cavabdeh zəruri vəsaitə malik olduğundan 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, hazırda cavabdeh tərəfindən ödəniləcək aliment məbləği aylıq 740 manat təşkil etdiyindən, bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan 10000 manatadək olduğu üçün (hazırki halda 740x12=8880) qanunvericiliyin tələbinə əsasən 108,8 manat dövlət rüsumu müəyyən edilməlidir. İşdən göründüyü ki həmin rüsumun 50 manat hissəsi mediasiya xərci kimi ödənildiyindən, qalan 58,8 manat cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. 08 iyun 2018-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 12 yanvar 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qeyd edilən hissədə alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. 12 yanvar 2021-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 200 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qeyd edilən hissədə alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilməli olan 58,8 manat Dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3566/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3566/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver