Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3600/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayon İH Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023 tarixli qərarına uyğun olaraq nəvələri xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü (ananın iştirakı olmadan) saat 11:00-dan 20:00-dək ünsiyyətdə olmağa Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, övladları - X3 Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nigahdan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. xx.xx.2018-ci il tarixdə isə X3 ilə Cavabdeh Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmış və hər iki uşaq anasının, yəni cavabdehin himayəsinə verilmişdir. Bundan sonra Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri X1 və X2 ilə görüşməyə imkan vermədiyinə görə iddiaçılar Bakı şəhəri, Xətai rayon İH Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Belə ki, hər iki uşaq iddiaçılarla eyni ünvanda yaşamışlar və orada qeydiyyatdadırlar. Həmin orqan iddiaçıların yaşadığı evə baxış keçirəndən və həyat şəraitləri ilə tanış olandan sonra onlara hər iki nəvələri ilə görüşüb ünsiyyətdə olmaqları üçün (ananın iştirakı olamadan) hər həftənin bazar günləri saat 11:00-dan 20:00-dək vaxt təyin etmişdir. Bundan sonra iddiaçılar uşaqlarla bir dəfə görüşmüşlər, lakin cavabdeh buna qəti razı olmadığı üçün ərizə ilə Xətai rayon İH Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək uşaqların hal-hazırda onunla birlikdə Sumqayıt şəhərində yaşamasını, Xətai rayon İH Qəyyumluq və himayəçilik Komissiyasın bu məsələni həll etmək səlahiyyətinin olmadığını, eyni zamanda guya uşaqların hazırki iş üzrə iddiaçı olan nənə və babaları ilə görüşmək istəmədiklərini qeyd edərək belə hərəkətin uşaqların səhhətini və psixologiyasını pozduğunu bildirmişdir. Cavabdeh eyni zamanda ərizəsində bu mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçılar Sumqayıt şəhər İH-nə müraciət etmiş və alınmış məktubda Cavabdeh Bakı şəhəri, Xətai RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına tabe olmayacağı təqdirdə uşaqlarla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bununla əlaqədar iddiaçılar Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmişlər, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən qəti surətdə imtina etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. İddiaçı2 teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Uşaqlar azyaşlıdır. Uşaqlar yalnız babalarını görmək istəyirlər. Uşaqlar onun müşayiəti ilə görüşmək istəyirlər. Məhkəmə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 nümayəndəsi Nümayəndə ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmişdir. - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılara hər iki nəvələri ilə görüşüb ünsiyyətdə olmaqları üçün (ananın iştirakı olamadan) hər həftənin bazar günü saat 11:00-dan 20:00dək vaxt təyin etmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 343 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə göndərilən müayinə aktından görünür ki, iddiaçıların sağlamlıqları, həyat şəraitləri və şəxsi keyfiyyətləri yetkinlik yaşına çatmayan nəvələri xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə görüşüb ünsiyyətdə olmalarına və uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa imkan verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların övladı X3 ilə Cavabdeh nikahından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Onların nikahı məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqların anası Cavabdeh yanında qalması qərara alınmışdır. Uşaqlar hazırda cavabdehin yanında olmaqla, onunla birgə yaşayır. Həmçinin, iddiaçıların nəvələri ilə görüşməsinə müəyyən çətinliklər və maneçilik mövcuddur. Tərəflər uşaqlardan ayrı yaşayan nənə və babanın onlar ilə ünsiyyət saxlanması ilə bağlı razılığa gələ bilməmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 343 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, komissiya, iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə ünsiyyət müddətinin müəyyən edilməsini məqsədəuyğun hesab edir. Həmin rəydən görünür ki, Cavabdeh ilə əlaqə saxlanılan zaman Komissiyanın iclaslarında iştirak edə bilməyəcəyini, eyni zamanda keçmiş qaynanası və qaynatası ilə razılığa gəldiklərini və övladlarının nənə və babası ilə ünsiyyətinə etirazı olmadığını bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı, nəvələrindən ayrı yaşayan iddiaçıların uşaqlarla ünsiyyət saxlamasının uşaqların fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına xələl gətirməsinə əsas verən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Bu Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.” Məhkəmə hesab edir ki, uşaqların nənə və baba ilə ünsiyyət saxlaması onların hər birinin qanunla qorunan hüquq və mənafeləridir. Bu baxımdan iddiaçıların övladı X3 ilə Cavabdeh nikahının pozulması və məhkəmə qətnaməsi ilə nəvələrinin cavabdehin yanında qalmasının müəyyən edilməsi həmin hüquqların həyata keçirilməsi üçün əngəl deyildir və bu hal uşaqların nənə baba ilə qohumluq bağlarına xitam verilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, göstərilən hallar nəvələr ilə nənə və babanın ünsiyyət hüququnun məhdudlaşdırılmasına əsas vermir. Məhkəmə eyni zamanda, belə qənaətə gəlir ki, işin faktiki halları ilə iddiaçıların cavabdehin yanında qalan nəvələri ilə ünsiyyətdə olmaq hüquqlarını həyata keçirməkdən məhrum olunmaları müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçılar nəvələri ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların konstitusion hüquqları bərpa edilməli və onların nəvələri ilə ünsiyyətdə olma hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü (ananın iştirakı olmadan) saat 1100-dan saat 2000-dək ünsiyyət müddətinin müəyyən olunmasına dair Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli qərarının icrasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçılar - İddiaçı1 və İddiaçı2 nəvələri xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü (ananın iştirakı olmadan) saat 1100-dan saat 2000-dək müəyyən edilmiş ünsiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-3600/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3600/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver