Məhkəmə qərarları › İş №e-2(060)-3734/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3734/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3734/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsə qarşı vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 99.000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi olaraq 125 manat, ümumilikdə 99.125 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 388 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X4 xx.xx.2020-ci il tarixdə cavabdeh Tibb Mərkəzinin növbədə olan həkimlərinin qüsurlu tibbi xidmət göstərmələri səbəbindən ölmüşdür. Bunun nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Belə ki, mərhum X22 rayonundan məcburi köçkün idi. Novxanı qəsəbəsində ailəsi ilə birgə yaşayırdı. Ölən zaman 57 yaşı var idi. Ailəsini evlərdə usta işləməklə dolandırırdı. Xəyalları işğal altında olan doğulub böyüdüyü torpaqlara qayıtmaq, oğlunun (iddiaçının) evləndiyini görmək idi. Atasının vaxtsız ölməsi iddiaçının həyatına ən böyük zərbə olmuşdur. İddiaçı hələ də atasının ölümünü qəbul edə bilmir, mənəvi iztirablarını hazırda da yaşayır. İddiaçı atasının ölümündən sonra həyatda qalmağı özünə mənasız bilmişdir. İddiaçı ona dəymiş mənəvi ziyanı 99.000 manat qiymətləndirir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək cavabdeh Tibb Mərkəzinin iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımadığını bildirdi. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Füzuli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 396380 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 181 nömrə ilə qeyd edilmişdir. X4, anası X1r. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 074001 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə miokardın ön divarının təkrar infarktı səbəbindən ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-59/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun, 01(bir) il 06 (altı) ay müddətinə tibb sahəsində fəaliyyət göstərən dövlət və kommersiya təşkiilatlarında vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun, 01(bir) il 06 (altı) ay müddətinə tibb sahəsində fəaliyyət göstərən dövlət və kommersiya təşkiilatlarında vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X11 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilməsi, sınaq müddəti ərzində X5 üzərində nəzarətin həyata keçirilməsinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməsi, X5 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X7 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manatın dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, X9 14 fevral 2020-ji il tarixdə, saat 09:00dan, saat 21:00-dək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim neyrocərrah kimi növbədə olarkən, saat 19:25-də xəstəxananın qəbul şöbəsinə multipli qıjolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstə X12, qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borclu olduğu halda, üzürlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərməsi nəticəsində Namiq Həsnovun, bir saat otuz beş dəqiqədən sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokard infarktından ölümünə səbəb olmuşdur. Həmin hökmlə həmçinin müəyyən olunmuşdur ki, istintaq zamanı müəyyən olunmuşdur ki, X13 14 fevral 2020-ci il tarixdə, saat 09:00-dan, saat 21:00-dək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim terapevt kimi növbədə olarkən, saat 19:25-də xəstəxananın qəbul şöbəsinə multipli qıcolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstə X12, qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borclu olduğu halda, üzürlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərməsi nəticəsində Namiq Həsnovun, bir saat otuz beş dəqiqədən sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokard infarktından ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin iclasının 04 may 2021ci il tarixli, 16 nömrəli protokolundan 1 nömrəli çıxarışdan görünür ki, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin əsasında “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin yaradılması, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilməsi, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin, habelə “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının hüquqi varisi hesab edilməsi və əvvəlki tibb müəssisələrinin işçiləri ilə bağlanmış əmək müqavilələrinin, o cümlədən digər müqavilələrin (debitor və kreditorlar və s. daxil olmaqla) tam həcmdə hüquqi varislik prinsipi əsasında publik hüquqi şəxsə ötürülməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli vəkil orderindən görünür ki, Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında hüquqi yardımın göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 29 nömrəli müqavilə bağlanmışdır. Tapşırığın yerinə yetirildiyi təşkilat kimi Sumqayıt Şəhər Məhkəməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 28307 nörməli qəbzindən görünür ki, ödəyici Həsənov X14 şəhər Vəkil bürosunun ******************** nömrəli hesabına “eManat” terminalı vasitəsilə 125 manat ödəmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həmin gün növbədə olan həkimləri neyrocərrah vəzifəsində işləyən X3 həkim terapevt vəzifəsində işləyən X8 tibbi xidmətin göstərilməsi qaydalarını pozması səbəbindən ölmüşdür. Törətdiyi əməllərə görə həmin şəxslər Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-59/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 31 may 2002-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi cinayət nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Məhkəmə hesab edir ki, iddiaçı ölən şəxsin oğlu olduğundan atasının ölümü ilə bağlı mənəvi təzminat tələb etmək üçün subyektiv hüquqa malikdir. İddiaçıya mənəvi zərər vurulması cinayət hüquq pozmasında ifadə olunmuş və yaxın qohumunu itirməsində özünü biruzə vermişdir. İddiaçının dəlillərindən görünür ki, atasının ölümündən əvvəl onunla emosional yaxınlığı olmuş, birgə yaşamış, həyatında mühüm yer tutmuş, ölümü nəticəsində həyat şəraiti dəyişmiş, mənəvi sarsıntı, əzab və iztirab keçirmişdir. İddiaçı tərəfindən irəli sürmüş bu dəlillərə qarşı cavabdehin hər hansı etirazı daxil olmamışdır. Cavabdehin etirazı baş vermiş cinayətin təqsirkarlarının müəyyən olunmasına baxmayaraq, mənəvi təzminatın məhz cavabdeh təşkilatdan tutulmasının hüquqi əsaslarının olmaması ilə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarın göstərilmişdir ki, “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. ” İddiaçının X4nun ölümündə təqsirli bilinmiş Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim neyrocərrah vəzifəsində çalışan X3 və həkim terapevt vəzifəsində çalışan X6 həmin xəstəxananın işçiləri olması cavabdeh təşkilat tərəfindən mübahisələndirilmişdir. Bundan başqa, 14 fevral 2020-ci il tarixdə, saat 09:00-dan, saat 21:00-dək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim terapevt kimi növbədə olarkən, saat 19:25-də xəstəxananın qəbul şöbəsinə multipli qıcolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstə X12, qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borclu olduğu halda, üzürlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərməsi nəticəsində Namiq Həsnovun, bir saat otuz beş dəqiqədən sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokard infarktından ölümünə səbəb olmuşdur. Bundan başqa, cavabdeh təşkilat “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının hüquqi varisi olması Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin iclasının 04 may 2021-ci il tarixli, 16 nömrəli protokolundan 1 nömrəli çıxarışla təsdiq olunur. Belə olan halda, Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbi baxımından iddiaçının ona vurulmuş mənəvi ziyanın əvəzini cavabdeh təşkilatdan tələb etməyə hüquqi ixtiyarının olduğu müəyyən edilir. İddiaçı düzgün cavabdehə qarşı yönəlmişdir.Cavabdeh təşkilat iddiaya cavab verməli olan şəxsdir. Məhkəmə işin mübahisəsiz hallarını nəzərə alaraq, atasının həkim səhvi nəticəsində ölümü ilə əlaqədar iddiaçının mənəvi aləmində, şüurunda mənfi halların baş verməsini, sarsıntını, yaşamaq eşqinin azalmasını işin müəyyən edilmiş halları kimi qəbul edir. Lakin iddia ərizəsində ona dəymiş mənəvi ziyanı öz mülahizəsinə əsasən 99.000 manat müəyyən etmiş iddiaçı, iddianın tam təmin edilməsi üçün mərhum atası arasındakı mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyəti müəyyən edilərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hisləri fərqləndirilməlidir. Lakin hər bir halda mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Odur ki, iddiaçıya ödənilməli olan təzminatın miqdarı məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvünün ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olubolmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının atasının ölməsi iddiaçıda mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında verilən izahlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləni 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Beləliklə Məhkəmə, iddiaçının atasının ölümünə görə iddiaçıya ödəniləcək təzminatın məbləğinin 5.000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdehin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsdən iddiaçıya vurulmuş mənəvi ziyana görə 5.000 manat alınaraq İddiaçı ödənilməlidir. İddiaçıya atasının ölümü ilə əlaqədar mənəvi ziyan vurulduğu qənaətinə gələn məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməli, bu məqsədlə vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi olaraq 125 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 388 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsdən vurulmuş mənəvi ziyana görə 5.000 (beş min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi olaraq 125 (yüz iyirmi beş) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar