Məhkəmə qərarları › İş №e-2(060)-3787/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3787/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3787/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında İddiaçı tutularaq Cavabdeh verilən alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan-İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 175 manat miqdarında alimentin tutulması barədə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin iddiaçı X4 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edilmiş, iddiaçının qarşılıqlı iddiası qismən təmin edilmiş və xx.xx.2006-cı il təvəllüdlü X1 ilə bağlı Cavabdeh İddiaçı xeyrinə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması, alimentin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanması və alimentin tutulması hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir. Hazırda o, rəsmi olaraq ALTEC MMC-də işləyir və onun vəzifə maaşı ayda 690 manat təşkil edir (iş yerindən əmək müqaviləsi bildirişi əlavə edilir). Digər gəlir yeri yoxdur. Boşanandan sonra 2 uşaq cavabdehlə, 1 uşaq isə onunla qalması məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmişdir. Onunla qalan xx.xx.2006-cı il təvəllüdlü X9 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Biznes Universitetinin «Biznes və menecment» fakültəsinin marketinq ixtisası üzrə əyani şöbənin İ kurs tələbəsidir. (Təhsil haqqında arayış əlavə edilir).Qızının təhsil haqqı ildə 2000 manat təşkil edir. O, birinci il üçün təhsil haqqını xx.xx.2023-cü ildə 1000 manat və xx.xx.2024-cü ildə 1000 manat olmaqla 2 dəfəyə ödəmişdir. (qəbzlər əlavə edilir). Onun əmək haqqı buna kifayət etmədiyi üçün işlədiyi idarədən xx.xx.2023-cü ildə övladımın təhsil haqqını ödəmək üçün 2000 (iki min) manat avans almış və buna görə hər ay onun maaşından 200 manat bu avansa görə tutulur. Beləliklə aylıq 690 manat əmək haqqından vergilər və s. tutulduqdan sonra qalan 618 manat qalır. Bu məbləğdən də 200 manat avansa görə tutulduqdan sonra ona cəmi 418 manat əmək haqqı qalır. Bunu da cavabdehin yanında qalan 2 uşaq üçün məhkəmənin müəyyən etdiyi (175+175) 350 manat alimentə verəndə onun əlində cəmi 418-350=68 manat vəsait qalır. Bu da öz növbəsində ümumi əmək haqqının (680 manat) 10% təşkil edir. Göründüyü kimi mövcud halda onun əmək haqqından tutulmalar 90% təşkil edir ki, bu da «İcra haqqında» Azərbaycan Respublikası qanununun 65.3 -cü maddəsinin tələbi ilə ziddiyyət təşkil edir, belə ki, həmin maddənin tələbinə görə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Bildirir ki, hazırda cavabdehin yanında qalan 2 övladından biri - xx.xx.2012-ci il təvəllüdlü X3 Sərhəd Xidmətinin Xüsusi Məktəbində təhsil alır. Onun bütün ehtiyacları Azərbaycan Dövləti tərəfindən ödənilir, cavabdeh bu övladın saxlanılması üçün heç bir xərc çəkmir. Bu faktın təsdiq edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xx.xx.2024 tarixli, 41/2024 saylı vəkil sorğusu göndərilmiş, lakin oradan telefon zəngi ilə bildirmişlər ki, sorğunu baş idarəyə göndərmək lazımdır. Buna görə həmin sorğu təkrar olaraq 12 mart 2024-cü il tarixində 44S/24 saylı məktubla Dövlət Sərhəd Xidmətinə göndərilmiş, həmin məktub xx.xx.2024-cü ildə həmin təşkilat tərəfindən alınsa da bu günədək cavab verilməmişdir. Bunu nənərə alaraq Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə vəkil sorğularına cavab verilməməsi ilə əlaqədar 18/2024 saylı, xx.xx.2024-cü il tarixli şikayət ünvanlanmışdır. (sorğular, şikayət və poçt qəbzləri əlavə edilir). Odur ki, bu iddia ərizəsinə vəsatət əlavə edərək məhkəmədən həmin sübutu əldə etməyin mümkün olmaması səbəbilə həmin sübutun məhkəmə tərəfindən alınmasını xahiş edir. Cavabdehlə mübahisəni mediasiya vasitəsilə həll etmək istəyi cavabdehin mediasiyada iştirak etməməsi səbəbindən baş tutmamışdır. Bu barədə Sumqayıt 1 saylı mediasiya təşkilatının arayışı əlavə edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlə qalan 2 övladımdan biri üçün aliment ödənilməsi imkanı daxilində olduğunu məhkəmənin nəzərinə çatdırır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh də onun yanında qalan övladlarının yetkinlik yaşına çatmasına görə ona ödəməli olduğu alimentin ödənilməsindən azaddır. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq qeyd etdi ki, iki uşaq digər tərəfdə, biri isə bu biri tərəfdədir. Atada qalan uşaq da 18 yaşına çatmışdır. Buna baxmayaraq qanunvericiliyə görə valideynlər uşağı saxlamalı və ona təhsil verməlidirlər. Atada qalan uşaq ali təhsilə daxil olmuş və pullu təhsil alır. Anada qalan uşaqlardan biri onun himayəsindədir, digəri də hərbi mətkəbdə təhsil alır. Arayış da əlavə olunmuş, məhkəməyə təqdim edilmişdir ki, tam pulsuz təhsil alır. Ona görə də iddiaçının vəziyyətinin nəzərə alınaraq iki uşağa görə kəsilən alimentin birinin azaldılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qətnamə icraya yönələndən sonra bir uşağa görə 175 manat aliment ödəmişdir. İcra məmuru da demişdir ki, aliment əvəzləşdirilmişdir. Onda iki, iddiaçıda isə bir uşaqdır. Qarşı tərəf cəmi 175 manat ödəmişdir. İcra məmuru da onu aldatmışdır ki, aliment bir uşağa görə əvəzlənmişdir. O bilməmişdir ki, onun aliment borcu yığılmışdır. Bu barədə iddiaçı bir dəfə iddia qaldırmışdır ki, nə üçün iki uşağa görə aliment ödəyir. Dövlət də uşağın bütün xərcini qarşılamır. Uşaq beşinci gün evə gəlir, birinci gün mətkəbə gedir. Onun yol pulunu da o verir. Hər dəfə 20 manat taksiyə pul verir. Uşaq üç gün evdə olur, həmin müddətdə də xərcini o çəkir. Məktəb yalnız uşağın məktəbdə olduğu müddətdi qarşılayır. Özü işləmir. Bu il ərzində ödəniş etməmişdir. Çünki imkanı çatmamışdır. Ona da valideynləri baxır. Uşaq ona deyir ki, ona pulsuz ana lazım deyildir. Ona görə də onu qəbul etmir. O, dəfələrlə demişdir ki, iddiaçı kart açsın, pulu ödəsin. Geyimini və məktəbdə olduğu müddətdə yeməyini dövlət qarşılayır. Məktəb sənəd vermişdir ki, ata alimenti ödəməlidir. İddiaçının aldığı maaşla ona yazılan maaş fərqlidir. Maaşı dəfələrlə çoxdur. Bir yerdə yaşadıqları üçün nə qazandığını o bilir. Maşın da onun adına olmuş və satmışdır. Onun adına götürdüyü borcları da ödəmişdir. İddiaçı da onun uşağına dövlət tərəfindən məcburi köçkün statusuna görə verilən pulunu da hər ay özü alaraq, uşağa verməmişdir. Məhkəmə, iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AccessBank tərəfindən verilmiş tranzaksiyadan görünür ki, Bakı Biznes Universitetinə X5 təhsil haqqı ilə bağlı 1000 manat məbləğində vəsait yüklənmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə övladının təhsil haqqı ilə bağlı rəhbərliyə müraciət edərək əmək haqqından 2000 manat avans almışdır. Verilmiş avans məbləği hər ay 200 (iki yüz) manat əmək haqqından tutularaq ödəniləcəkdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Füzuli rayon VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış, 50 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər atası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası X6 yanında qalmaları, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin X4 tutularaq Cavabdeh verilməsi, Cavabdeh 5.250 manat pul tutularaq İddiaçı ödənilməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-70/2022 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə bağlı Cavabdeh İddiaçı xeyrinə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, alimentin əvvəlinin 21 fevral 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Biznes Universitetinin 207 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, X9 Universitetin “Biznes və menecment” fakültəsinin marketinq ixtisası üzrə əyani şöbəsinin 1-ci kurs tələbəsidir. - Rabitəbank tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, V220224-1000 nömrəli qəbzdən görünür ki, X5 adına İddiaçı tərəfindən 1000 manat məbləğində vəsait yüklənmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/2-3824/24 nömrəli məlumatından görünür ki, X3 Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 6 “a” sinifində təhsil alır. Kursantların xüsusi məktəbdə təhsil müddəti 11-ci sinifi bitirinədək davam etdirilir. Kursantlar həftənin bazar ertəsindən cümə gününədək xüsusi məktəbdə qalır, hər həftənin cümə günü dərslərdən sonra evə buraxılır, yəni həftənin bazar ertəsi günü məktəbə qayıdırlar. Kursantların xüsusi məktəbdə təhsil aldıqları dövrdə ərzaq, hərbi geyim və tədris ləvazimatları ilə təminatı Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı proqramçı vəzifəsində işləməklə 690 manat əmək haqqı alır. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə iki uşaq ananın yanında saxlanılmaqla, digər bir uşaq isə atasının yanında saxlanılmış, iki uşağın saxlanılması üçün atadan aliment tutulmuşdur. İddiaçı işləyir və aylıq əmək haqqı 690 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda,həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və sair) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, aliment məbləğinin azaldılması, ədalətli və ağlabatan deyildir, aliment borcunun silinməsi aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçının maddi vəziyyətinin kəskin dəyişilməsi,yəni aliment öhdəliyini qarşılıya bilməməsi təsdiqləyənsübutların olmamsı, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqelərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbində mövqeyi ilə haqlı deyildir.Həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların saxlanılmasında onların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməli olması baxımından onun qanunvericiliyin, həmçinin mənəvi cəhətdən valideyn borcu olmaqla, uşaqların mənafeyinə təsir göstərən amildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində olan dəyişiklik aliment məbləğinin azaldılmasına əsas olmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının maddi durumunun pisləşməsi ilə bağlı onun tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia əsassızdır. Bundan əlavə alimentin azaldılaraq İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 175 manat miqdarında alimentin tutulması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar