Məhkəmə qərarları › İş №e-2(060)-39/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-39/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-39/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 yanvar 2023-cü il tarixdə, saat 20:55-də Cavabdeh Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsində idarə etdiyi “Toyota CH-R minik” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol nişanının tələblərinə riayət etmədiyindən İddiaçı məxsus “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla bağlı Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Avtomobilinə külli miqdarda ziyan dəymişdir. Belə ki, “Mazda Service”in təqdim etdiyi qüsur aktına əsasən, avtomobilə dəyən ziyan endirimsiz 8440,29 manat məbləğində dəyərləndirilmişdir, rəsmi “Mazda Servis” daimi müştəri olduğuna görə həmin məbləg 7078,26 (ƏDV daxil) manata endirilmişdir. Bundan başqa, “JDM Auto”dan verilən hesabfakturaya əsasən “Mazda Service”də tapılmayan ehtiyyat hissələrinə görə də əlavə olaraq 810 manat məbləğində ödəniş etmişdir. Əlavə olaraq təmir zamanı “tsapfa” adlandırılan ehtiyyat hissəsi (544 manat dəyərində) heç bir servisdə mövcud olmadığına görə, müvəqqəti olaraq köhnə maşından çıxarılmış tsapfadan (“ölüxana” adlandırılan qeyrirəsmi yerdən qəbzsiz 230 manata alınmış) quraşdırmasına razılıq bildirməli olmuş və bu gələcəkdə təzədən dəyişilməsinə və əlavə xərc çəkilməsinə səbəb ola bilər. Avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, lakin qalan 3440,29 manat hissəni cavabdeh ödəməkdən imtina edir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmin avtomobilin ilk alıcısıdır, avtomobili alarkən yeni və tam yüksək kompektasiyada idi, heç sürülməmişdir. 2014-cü ildən avtomobili idarə edirdi, cəmi 54.000 km yürüşü vardı və heç vaxt qəzaya uğramamışdır, bu illər ərzində texniki baxış vaxtı-vaxtında və yalnız rəsmi “Mazda Servis”də həyata keçirilmişdir, avtomobilin qəzadan əvvəl heç bir nasazlığı olmamışdı, bütün ehtiyyat hissələri original hissələr idi. Hazırda bu komplektasiyadan olan eyni yürüşlü, eyni ildən olan, aşınması nəzərə alınmaqla real bazar dəyəri 27.000 manatdır. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 20.000 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 7000 manat təşkil edir. İddiaçının avtomobili rəsmi dilerdən alınmış yeni avtomobil olduğundan, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra onu satışa çıxardıqda ən yaxşı halda 20.000 manata sata bilər. Bu da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulan zərərin bir hissəsidir. Bundan başqa, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Heç vaxt qəza keçirməmiş, qəza olarkən çox yüksək ruhi həyacan və qorxu hissini yaşamışdır. Üstəlik cavabdehin təqsirli olaraq hazırda davam edən bu cür hərəkətləri iddiaçını daha da gərgin vəziyyətə salır. Hadisədən sonra özünə qapanıb fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Belə olan halda, maddi zərərin əvəzi olaraq iddiaçıya 5000 manat məbləğində pul ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 3440 manat madddi ziyanın, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinin əvəzi olaraq 7000 manat və mənəvi ziyana görə 5000 manat, cəmi 15.440 manat məbləğində pulun və ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota C-HR minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.

7. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mazda 3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə (ƏDV daxil olmaqla) 7078,26 manat məbləğində ziyan dəymişdir.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mazda 3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5693 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5000 manat təşkil edir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3832 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8489 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat müəyyən edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, “Mazda-3” markalı (** TF *** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzərə qaydada təxminən 21.000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti təxminən 19.500 (təxminən 7-8 % çıxılma tətbiq edilməklə 21.000-1500) manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsində idarə etdiyi “Toyota CH-R minik” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən İddiaçı məxsus “Mazda-3 minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı avtomobilə vurulmuş zərərin qalan hissəsini və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

20. Həmin Qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5000 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 yanvar 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 3440 manat, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinə görə 7000 manat pul tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5490 manat, həmçinin avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktına əsasən təmirə məruz qalmış 2014-cü il buraxılışlı, “Mazda-3” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti təxminən 19.500 (təxminən 7-8 % çıxılma tətbiq edilməklə 21.000-1500) manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

23. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir.

24. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 5490 manat müəyyən edilməsi, sözügedən avtomobilin sığorta şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilməsi nəzərə alınmaqla, Cavabdeh avtomobilə vurulmuş zərərə görə 490 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

25. Həmçinin, Cavabdeh avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinə görə 1500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

26. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 5000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

28. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

29. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 490 (dörd yüz doxsan) manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinə görə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 66 (altmış altı) manat hissəsi İddiaçı aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (əlli) manatın 75 (yetmiş beş) manatı İddiaçı və qalan 75 (yetmiş beş) manatı Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 490 (dörd yüz doxsan) manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinə görə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 66 (altmış altı) manat hissəsi İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (əlli) manatın 75 (yetmiş beş) manatı İddiaçı və qalan 75 (yetmiş beş) manatı Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar