Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-402/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC olmaqla) birgə nikah dövründə bankdan götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC olmaqla) birgə nikah dövründə bankdan götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edir ki, Cavabdeh ilə 07 iyun 2019-cu il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin iyun ayının 07-ci günündə 1505 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahlarından iki övladları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5374/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2019-cu il tarixdə bağlanmış və 1505 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 anaları – Cavabdeh himayəsində saxlanılmaları, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin 04 avqust 2023-cü il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət olunmuşdur. Cavabdeh ilə nikah dövründə Azərbaycan Beynəlxalq Bankı Gəncə Mərkəzi filialından xx.xx.2023-cü ildə hesab nömrəsi ******************** saylı, İBAN:AZ031BAZ******************** nömrəli müqaviləyə əsasən 6112.29 manat məbləğində götürmüşlər. Bundan başqa digər Kapital Bankdan GTZK1846892B299 saylı müqaviləyə əsasən 2000 manat məbləğində kredit götürmüşlər. Ümumillikdə 8112.29 manat məbləğində kredit olmuşdur. Bu pulu iş qurmaq məqsədi ilə qazanc əldə etmək üçün bankdan götürmüşlər. Hazırda məhkəmə qətnaməsinə əsasən ayrılmışlar. O, hazırda onun əvəzindən hər iki banka – yəni, Azərbaycan Beynəlxalq Bankına və Kapital Banka olan kredit borclarını ödəyir. Hansı ki, bu pulu Cavabdeh mənimsəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən birgə nikah dövründə onunla Azərbaycan Beynəlxalq Bankı Gəncə filialı arasında bağlanmış xx.xx.2023-cü ildə hesab nömrəsi ******************** saylı, İBAN: AZ031BAZ******************** nömrəli müqaviləyə əsasən 6112.29 manat məbləğində öhdəliyin ½ hissədə ona, ½ hissədə Cavabdeh arasında öhdəliyin bölünməsi, birgə nikah dövründə onunla Kapitalbank arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK 1846892B299 saylı müqaviləyə əsasən 2000 manat məbləğində öhdəliyin ½ hissədə ona, ½ hissədə Cavabdeh arasında öhdəliyin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı ASC”-nin nümayəndəsi Teymur Kərimov iddiaya münasibət bildirərək ərizədə qeyd etmişdir ki, iddiaçı öz iddia tələbində ABB ASC-nin Gəncə filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə mövcud 6112.29 manat borc məbləğinin iddiaçı və cavabdehin 72 hissədə paylarına uyğun bölünməsini xahiş etmişdir. İddia tələbində qeyd edilən müqavilə ABB-nin Gəncə filialı ilə deyil, Sumqayıt filialı ilə bağlanmış, müqavilənin tarixi isə xx.xx.2023 deyil, xx.xx.2023-cü il olmuşdur. Bundan əlavə iddiaçı 6112.29 manat məbləğində borcun bölünməsini xahiş etsə də, müştərinin bugünkü tarixə (xx.xx.2024-cü il) xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə mövcud olan əsas borcu 2512.50 manat, faiz borcu 18.74 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə mövcud borcun tərəflərin arasında % hissədə bölünməsi ilə bağlı münasibətləri isə aşağıdakılardan ibarətdir. İddiaçı öz tələbində kredit müqaviləsi üzrə mövcud borcla bağlı payların müəyyən olunmasını xahiş etmiş və qeyd edilməlidir ki, bu cür yazılmış iddia tələbində ümumi öhdəlikdə payların müəyyən olunması dedikdə tələbkar üçün borclunun əvəz edilməsi həyata keçirilməli olması başa düşülə bilməz. Beləliklə, iddia tələbinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı və cavabdehin 1/2 hissədə paylarının müəyyən olunması zamanı bank üçün borclu qismində sadəcə iş üzrə iddiaçı olan İddiaçı tanınacağı və bu bölgünün iddiaçı ilə cavabdehin öz arasında olan münasibətləri ehtiva etdiyini göz önündə saxlayaraq iddianın məhz qeyd edilən xüsusatlar nəzərə alınmaqla təmin olunmasına etiraz etmirlər. Həmçinin bildirilir ki, oxşar mübahisə üzrə 2023-cü ildə hakim Aynur Behbudovanın sədrliyi ABB-nin üçüncü şəxs olduğu məhkəmə işi aparılmış və hakim tərəfindən də onların hazırki mövqeyinə uyğun qətnamə qəbul edilmişdir (ərizəyə əlavə edilir). Odur ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən AR Ali Məhkəməsinin yuxarıda adı çəkilən qərarındakı halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, hazırda işi və ailə vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirərək, işə iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun kreditdən məlumatı və xəbəri yoxdur. Yeni ilə keçdikdən sonra onların evində problemlər başlamışdır. İyun ayından məlumatları tamamilə kəsilmişdir. Ona görə də boşanma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Səbəbi də kart vasitəsi ilə aldığı pulu tam çıxartmaması, söz-söhbətlərin çox olması, içərək dalaşması, əşyaları qırması, sındırması olmuşdur. 2 və yaxud 3 dəfə şans verilməsinə baxmayaraq cavabdeh də hər hansı dəyişiklik olmamışdır. Birgə nikah dövründə heç vaxt kredit götürməmişdirlər. Onların ehtiyacları da olmamışdır. Çünki evlənərkən cavabdehin evi də olmuşdur. Özü də bütün əşyalarını cehiz olaraq gətirmişdir. Özü də işləmişdir. Heç bir əşya da alınmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər 2023-cü ilin iyun ayından faktiki olaraq ər-arvad münasibətlərini kəsmişlər. Birgə təsərrüfat da idarə etməmişdirlər. İddiaçı iddia ərizəsinə hər hansı işi qurmaq adı ilə götürdüyünü göstərmişdir. Nə iddiaçı, nə də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Hər ikisinin iş yeri olmuş və hər ikisinin əmək haqqı ilə ailə ehtiyaclarını ödəmişdirlər. İddiaçı iddia ərizəsində bir kreditin 2023-cü ilin yanvar ayında, digərini isə iyun ayında götürdüyünü bildirmişdir. 2023-cü ilin iyul ayından əvvəl mediasiyaya müraciət olunmuşdur. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da vardır. Bu qətnamədən də müəyyən olunur. Boşanma barədə fikir də bir gün içərisində formalaşmır. Ona qədər müəyyən söz-söhbətlər olur və ondan sonra qərar qəbul edirlər. 2023-cü ilin yanvar ayından artıq münasibətlər pozulmuşdur. Qanunvericiliyin müvafiq normalarına əsasən tərəflər kredit borcları üzrə o zaman məsuliyyət daşıyırlar ki, kredit ailənin birgə ehtiyacları üçün götürülmüşdür. İddiaçı iddia tələbi irəli sürsə də, onun əsaslarını sübut etməlidir. Ona görə də hesab edir ki, kredit ailənin birgə ehtiyacları üçün sərf olunmamışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə Cavabdeh və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 102 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli hesab dövriyyəsindən görünür ki, İddiaçı adına xx.xx.2023-cü il tarixdə hesab açılmış, hesabat tarixi xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər dövrü əhatə etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı kredit dövriyyəsi 6112,29 manat, debit dövriyyəsi isə 6111,40 manat, günün əvvəli 16 yanvar 2023-cü il tarixi, günün sonu 16 avqust 2024-cü il tarixidir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş və sms bildiriş göndərilmiş, tərəfin telefon nömrəsi ilə əlaqə saxlanılmış, tərəf mediasiyada iştirak etməyəcəyini bildirmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı ASC” iddia münasibət bildirərkən ərizəyə əlavə etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-5374/2023 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2019-cu il tarixdə bağlanmış və 1505 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 anaları - Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin 04 avqust 2023-cü il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi, iş üzrə ödənilmiş rüsumların iddiaçının özünə aid edilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(105)-298/2024 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-5374/2023 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3537/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzili bölünərək, həmin mənzilin ½ hissəsinə X3, ½ hissəsinə X2 paylarının müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi birgə nikah dövründə yaranmış borcun bölünməsi barədədir. İddiaçı tələbinin əsası kimi borc aldığı pul vəsaitinin tərəflərin birgə nikah dövründə ailənin xərclərinə sərf edilməsinə (iş qurmaq məqsədi ilə qazanc əldə etmək üçün) istinad etmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı tərəfindən verilmiş iddia tələbi ilə bağlı hər hansı hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Barəsində mülki işin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə tərəflər kredit müqaviləsi bağlanarkən rəsmi nikah münasibətlərində olsalar da, onların ailə münasibətləri gərgin olmuş və götürülmüş borcun da məhz ailə məqsədləri üçün istifadə olunması müəyyən edilmir, bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, Ailə Məcəlləsinin 41.2-ci maddəsinin dizpozisiya şərtinə görə də ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına o vaxt yönəldilir ki, alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilsin. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinin birgə nikah dövründə bağlanılması heç də bütün hallarda iddianın əsaslı olması anlamına və tələbin təmin olunmasına dəlalət etmir. Çünki nikah dövründə iddiaçının kredit müqaviləsi bağlaması hələ həmin kreditin ailə ehtiyacları üçün istifadə olunduğunu təsdiq etmir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin dizpozisiya şərti də bunu tələb edir. Digər halda, məhkəmənin kreditin ailə məsrəflərinə sərf olunmasını istisna edən halları müəyyən etmək kimi bir vəzifəsi yoxdur, eyni zamanda məhkəmə istəsəydi belə bir halları müəyyən etmək mümkünsüzdür. Yetər ki, məhkəmə iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi halların sübut etdiyini müəyyən etmiş olsun. Alınmış kredit ailə ehtiyacları üçün sərf olunduğunu sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. Bundan əlavə, kredit müqaviləsi bağlanmasına cavabdehin razılığının olması da iş materialları ilə hər hansı bir formada təsdiq olunmur. Sadalananlara əsasən məhkəmə iddiaçının göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək əsassız hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC olmaqla) iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun X8 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC olmaqla) birgə nikah dövründə bankdan götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı ASC” və "xxxx" ASC olmaqla) birgə nikah dövründə bankdan götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-402/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-402/2025
24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver