Məhkəmə qərarları › İş №e-2(060)-4166/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4166/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4166/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «xüsusi icraat qaydasında- şəxsə qəyyum və himayəçinin təyin edilməsi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdim: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «xüsusi icraat qaydasında- şəxsə qəyyum və himayəçinin təyin edilməsi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət edərək qardaşları 06.11.2008-ci il təvəllüdlü X2 onun qəyyumluğuna, 18.01.2005-ci il təvəllüdlü X1 isə onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizənin məzmunundan görünür ki, ərizə iddiaçı tərəfindən verilmişdir, yəni tərəflər düzgün göstərilməmişdir. Bununla yanaşı, mülki prosesual qanunvericiliyinn tələblərinə əsasən hesab edirəm ki, mümkünlüyü yoxlanılan ərizə üzrə mübahisələndirilən məsələyə xüsusi icraat qaydasında baxıla bilməz. Bundan başqa, hesab edirəm ki, həm də iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Ailə Məcəlləsinrni 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Ərizə və əlavə edilmişin sənədlərin mümkünlüyü yoxlanılarkən müvafiq icra hakimiyyəti orqanının iddiaçıya mübahisələndirilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etdiyi, qəyyumluq və himayəçilik təyin edilməsindən imtina edilməsi və bununla bağlı müvafiq qərar qəbul edilməsi müəyyən olunmadı. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilməsindən imtina edilməsi müvafiq qərarda öz əksini tapmalı, əgər tərəf bu imtina ilə razılşmadığı halda ümumi məhkəmə icraatı qaydasında mübahisə aça bilər. Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnaməyə əsasən Komissiyalar onların səlahiyyətinə aid edilən məsələlərə dair qərar qəbul edirlər. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «xüsusi icraat qaydasında- şəxsə qəyyum və himayəçinin təyin edilməsi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar