Məhkəmə qərarları › İş №e-2(060)-4219/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4219/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4219/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, cavabdehin nümayəndəsi, atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli əmrinə əsasən oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən qazancının ¼ hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi və 15 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat mediasiya xərcinin və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 150 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 29 avqust 2016-cı il tarixdə Sumqayıt ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 15 yanvar 2018-ci il tarixdə Kərim adlı oğulları doğulmuşdur. Tərəflər aralarında olan münasibətlər pozulduğu üçün onlar 28 mart 2021-ci il tarixdə faktiki ayrılmışlar. Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(046)-1941/2021 saylı məhkəmə əmrinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən qazancının ¼ hissəsi miqdarında aliment tutulub 21 sentyabr 2021-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi əmr edilmişdir. Tərəflər arasında olan nikah Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(046)- 800/2022 saylı qətnaməsinə əsasən pozulmuş və uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. Cavabdehdən qazancının ¼ hissəsi kimi tutulan aliment 173 manat təşkil edir ki, bu da uşağın maddi cəhətdən normal təmin olunmasına imkan vermir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ailə və maddi vəziyyəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini qeyd etmiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi, atası X4 məhkəmə iclasında bildirdi ki, cavabdeh onun oğludur. O, hərbçidir. Cavabdeh yeni nikaha daxil olmayıb. Cavabdehin nə qədər əmək haqqı alması barədə dəqiq məlumatı yoxdur. Cavabdehin tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə ünvan 2adır. Yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə, Sumqayıt şəhərind anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(046)-1941/2021 saylı əmrinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməlidir. Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(046)-800/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, 15 yanvar 2018-ci il tarixdə anadan olmuş X2 iddiaçının yanında saxlanılması qət edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzinə əsasən iddiaçı vəkil xidmətinə görə Göyçay rayon Vəkil bürosuna 150 manat pul ödəmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin qazancını, əmlak vəziyyətini və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(043)-1941/2021 saylı əmri ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2023-cü il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 220 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 150 manat məbləğində pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(046)-1941/2021 saylı əmri ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci və 150 (yüz əlli) manat vəkil xidmətinə görə ödənilmiş pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar