Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4226/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ümumilikdə hər ay bir uşaq üçün 400x0.92=368 manat, cəmi 736 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı – xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 (060)-102/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh ərizəsi qismən təmin edilərək xx.xx.2025-ci ildən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0,92 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 0.92=368 manat) müəyyən edilməsinə dair qərardad qəbuledilmişdir. Maşın ustasıdır. Gəliri dəyişkəndir. Hər ay borc-xərc də olsa övladlarına aliment ödəyirdi. Hazırda gəliri az olduğundan ödəməkdə çətinlik çəkir. Məcburiyyət qarşısında məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, alimentin məbləğinin hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, uşaqların saxlanması üçün alimentin məbləğinin hər uşağa görə 246 manat müəyyən edilməsinə razıdır.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-102/2025 saylı qərardadı ilə xx.xx.2025-ci ildən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0,92 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 0,92=368 manat) müəyyən edilməsi qərara alınmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin2(060)-12666/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xx.xx.2018-ci ildən etibarən hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. “Uşaq Hüquqları haqqında” Qanun :
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin2(060)-12666/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xx.xx.2018-ci ildən etibarən hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-102/2025 saylı qərardadı ilə xx.xx.2025-ci ildən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0,92 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 0,92=368 manat) müəyyən edilməsi qərara alınmışdır.
16. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 120 manata qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edərkən isə hər aya hər uşağa görə yaşayış minimumu həddində, yəni 246 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirmişdir.
17. İddiaçı cavabdehə qarşı olan “alimentin miqdarının azaldılması” tələbini maddi imkanının aşağı olması, alimenti ödəməyə çətinlik çəkməsi ilə əsaslandırmışdır.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, cavabdehdən hər aya hər uşağa görə 246 (iki yüz qırx altı) manat məbləğində alimentin təyin edilməsinə razı olduğunu bildirmişdir.
19. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
20. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.
22. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür.
23. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
24. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.
25. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.
26. Hazırki halda məhkəmə cavabdeh tərəfindən iddianın qismən qəbul edildiyini, yəni alimentin məbləğinin 246 manat məbləğinədək azaldılmasına razı olduğunu və iddiaçının da həmin məbləğdə aliment ödəməyə razılığını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən halların araşdırılması zərurəti aradan qalxmışdır.
27. Məhkəmə cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq, bu etirafı qəbul edir və iddianın təmin edilməsi qənaətinə gəlir.
28. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
29. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə artırılmış və xx.xx.2025-ci il tarixli, 8(060)-102/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3526/2018 saylı qətnaməsi ilə artırılmış və xx.xx.2025-ci il tarixli, 8(060)-102/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva