Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4266/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahdan 2 övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 vardır. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonralar Cavabdeh ilə münasibətləri pisləşdiyindən aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. O özü heç yerdə işləmir, başqa yerdən isə qazancı yoxdur. Cavabdeh özü hərbiçidir. Onun aylıq qazancı təxminən 1200 manat təşkil edir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, Cavabdeh məhkəmə bildirişinin kötüyünə imza etməklə bildirişi qəbul etmiş, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin dekabr ayının 24-cü günündə 453 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Ələkbərov, qadına isə Əliyeva soyadı verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01041 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 14:30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş və SMS göndərilmiş, həmçinin istifadəsində olan nömrə vasitəsi ilə whatsapp tətbiqi üzərindən əlaqə saxlanılmış, mediasiyanın mahiyyəti və üstünlükləri, ilkin mediasiya sessiyasının keçiriləcəyi yer və vaxt barədə məlumat verilmiş, tərəf qəti surətdə mediasiya sessiyasında iştirak etmək istəmədiyini, aliment verməyə razı olduğunu, lakin işə məhkəmə qaydasında baxılaraq qətnamə çıxarılmasını istədiyini bildirmişdir. Lakin ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır. Bu baxımdan məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, cavabdehin iş yeri barədə elektron qaydada çıxarışa əsasən məlumatların aşkar olunmamasını, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumillikdə 386 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 08 iyun 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, ümumillikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4266/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4266/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver