Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4325/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, Cavabdeh ilə 23 oktyabr 2017-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahlarının pozulması, azyaşlı uşaqlarının yaşayış yerinin iddiaçı ilə müəyyən olunması və birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehlə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Nikahlarını 23 oktyabr 2017-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər daha da kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Hal-hazırda yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsindədir və onun bütün xərcləri iddiaçı tərəfindən ödənilir. Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 193 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçının, Cavabdeh ilə 23 oktyabr 2017-ci ildə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahlarının pozulması, azyaşlı uşaqlarının yaşayış yerinin iddiaçı ilə müəyyən olunması və birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman, nikahın pozulmasına razı olmadığını və barışmaq üçün onlara vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək həmin mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nikahın pozulmasına razılığının olmadığını nəzərə alaraq məhkəmə tərəflərin (ər-arvadın) barışması üçün 3 ay müddət müəyyən etməklə işin baxılmasını təxirə salmışdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 233594 saylı, xx.xx.2017-ci il tarixli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X11 ilə X3 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 23 oktyabr 2017-ci il tarixdə bağlanmış və 3001 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əliyarova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İV № ******* saylı, xx.xx.2018-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1499 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Komissiya, digər valideyni ilə ünsiyyətinə maneçilik yaradılmaması şərtilə, xx.xx.2018-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X5 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X9 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı və Cavabdeh tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X4 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onun yaşını, ananın boşanmadan sonra uşağın onun yanında qalmasını tələb etdiyini və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşaq anasının yanında qalmalıdır. İddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda xx.xx.2018-ci il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 06 iyun 2022-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 23 oktyabr 2017-ci il tarixdə bağlanmış və 3001 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmalı, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 anası- İddiaçı himayəsində saxlanılmalı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməli və iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının boşandıqdan sonra qızlıq soyadı olan “Allahyarova” soyadına keçməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məçəlləsinin 25-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 23 oktyabr 2017-ci il tarixdə bağlanmış və 3001 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 anası- İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-4325/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4325/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver