Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-484/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2014-cü il təvəllüdlü X3 atası olmadığının müəyyən olunması və Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X6 barəsində 12 dekabr 2014-cü il tarixdə tərtib olunmuş 1901 №-li doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə cavabdeh X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu il mart ayının 12-ci günündə 319 № ilə qeyd edilmişdir. Birgə nikah zamanı üç övladı anadan olmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6. Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(060)-9277/2019 saylı qətnaməsi ilə onunla X4 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 319 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları X1 yanında qalmaları, 13 may 2019-cu il tarixdən başlayaraq ondan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hələ nikahları pozulmamışdan əvvəl cavabdeh 2019-cu ilin may ayında onunla rəsmi nikahda olduğu halda heç kimə bir xəbər vermədən uşaqları da götürüb Ağa adlı bir oğlanla qoşulub qaçmışdır. Qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 bioloji atası olmamağını təzəlikcə bacısı Aytəndən öyrənmişdir. Bacısı Aytən əmisi qızı Elnarədən eşitmişdir ki, Elnarənin qardaşı Elnurla cavabdehin münasibəti olmuş, Murad onun uşağıdır. Belə ki, Elnurun həyat yoldaşı Elnurun telefonunda cavabdehlə olan yazışmalarını görmüş və onların arasında qadın-kişi münasibətlərinin olduğu, uşagın atasının Elnur olduğuna dair yazışmaların şahidi olmuşdur. Bu barədə o, baldızı onun əmisi qızı Elnarəyə danışmış, o da öz növbəsində bacısına bildirmişdir. Bacısı isə ona bu haqda üstüörtülü təzəlikcə bildirmişdir. İnanmaq istəməsə də uşağın əmisi oğluna oxşarlığı onda həqiqətən şübhə yaratmışdir ki, uşaq ondan deyil. Həmçinin bu məsələni araşdırarkən cavabdehin qoşulub getdiyi Ağa adlı şəxsin anası da təsdiq etmişdir ki, cavabdehin Elnurla telefon danışığının şahidi olmuş, cavabdeh Elnura bildirmişdir ki, “gəl, uşağına sahib çıx”. Hazırda əmindir ki, uşaq ondan deyil. Görünüşü də qətiyyən ona bənzəmir, bioloji atası o deyil. Aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı qeyd olunmuşdur. Hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 onun uşağı deyil. Cavabdehlə aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın valideyni kimi onun adı qeyd olunmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh məhkəmə proseslərindən xəbərdardır. Cavabdeh ekspert rəyinin onun ziyanına olacağını bildiyi üçün ekspertizaya getməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İ 451636 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan AZ-İİ 228943 nömrəli, AZ-İİ 413275 nömrəli, AZ-İİİ 393311 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasına iştirak edə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İşin tam və obyektiv araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 xx.xx.2024-cü il tarixli, 9/206 saylı məktubundan görünür ki, cavabdehin ekspertiza keçirilməsi üçün təyin edildiyi gün Şöbəyə getməməsi əsası ilə hazırkı iş üzrə məhkəmə tibbi biologiya ekspertizasının keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehin ekspertizadan yayınmasının onun ziyanına şərh edilməli olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, yalnız cavabdehin ekspertizada iştirak etməməsi iddiaçının uşağın atası olmadığının müəyyən olunması barədə iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, ailə qanunvericiliyində hüquqi atalıq prezumpsiyası nəzərdə tutulmuşdur. Yəni uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, uşağın atası ananın əri hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Hazırki halda İddiaçı xx.xx.2014-cü il təvəllüdlü Murad Süleymanzadənin atası kimi qeydə alınmış, təxminən 10 ildən sonra iddiaçı atalığın mübahisələndirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsini ehtimallarla əsaslandırmış, məhkəməyə iddia tələbini təsdiq edən hər hansı sübut (özəl məhkəmə ekspertizasının rəyi, şahid ifadələri və s.) təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü X3 atası olmadığı işdə olan əsaslı şübhədənkənar mötəbər sübutlarla öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-484/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-484/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver