Məhkəmə qərarları › İş №e-2(060)-4871/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4871/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4871/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi Vəkil1 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq iddiaçının cavabdehə ödədiyi 21550 (iyirmi bir min beş yüz əlli) manat məbləğin 5000 manat çıxmaqla, mənimsəmiş olduğu 16550 (on altı min beş yüz əlli) manat əsas borc, müqavilədə göstərilən aylıq 300 manatdan hesablanan 2800 manat kirayə pulu və maddi, mənəvi zərər kimi 3000 manat təzminat, ümumilikdə 22350 (iyirmi iki min üç yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq almaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Cavabdeh məxsus alqı-satqı ofisinə gedib qeyd edilən ərazidə münasib qiymətə torpaq sahəsi varsa almaq istədiyini bildirmişdir. Cavabdeh isə ona qeyd edilən ərazidə bir çox torpaq sahələrinin olduğunu və eyni zamanda torpaq sahəsi üzərində müəyyən müddət ərzində yaşayış evinin də tikilib satıldığını bildirmiş, ödənişin isə hissə-hissə olduğu üçün belə daha sərfəli olacağını vəd vermişdir. İddiaçı da cavabdehin sözlərinə inanıb xx.xx.2022-ci il tarixdə ilkin ödəniş olaraq 7000 (yeddi min) manat məbləğində ödəniş edərək, müqavilə bağlamışdır. Həmin müqavilə ilə iddiaçı öhdəsinə 5 ay müddətində hər ay 605 (altı yüz beş) manat olmaqla 5000 manat pul vəsaiti ödəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya Suraxanı rayonu ərazisində torpaq sahəsi göstərdi, həmin torpaq sahəsinin onda başqa adamın adına çıxarışının olduğunu ödəniş yekunlaşanda isə həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdiriləcəyini bildirmişdir. İddiaçı da hər ay ödəniş cədvəlinə uyğun olaraq 605 (altı yüz beş) manat pul vəsaitini şəxsən özünə əlbəəl verib iddiaçıda olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə hər ikisi imzalamışlar. Qeyd edilən müqaviləyə əsasən cavabdeh torpaq və üzərində tikiləcək yaşayış evini iddiaçıya xx.xx.2023-cü ildə təhvil verməli idi. Qeyd etdiyi tarixdə ofisə yaxınlaşıb işlərin nə yerdə olduğunu maraqlananda ona məlum oldu ki, heç bir ciddi iş görülməyib. Bunun səbəbini maraqlananda isə müxtəlif bəhanələr gətirdi. Sonradan isə təklif elədi ki, bağlamış olduqları müqaviləni yenisi ilə əvəz etsinlər, iddiaçı da həmin müqavilənin surətini özündə saxlayaraq əslini ona təqdim etmişdir. Cavabdeh qeyd edilən müqaviləni cıraraq yeni müqavilə tərtib edərək imzalanması üçün iddiaçıya təqdim etmiş və hər ikisi müqaviləni imzalamışlar. Qeyd edir ki, hər iki müqaviləyə ödəniş cədvəli əlavə olunub və hər dəfə pul vəsaiti ödənildikdən sonra həm cavabdeh həm də iddiaçı cədvəli imzalamışlar. Müqavilənin şərtlərinə görə torpaq sahəsi və üzərində tikilmiş olacaq yaşayış evi xx.xx.2023-cü il tarixdə təhvil verilməli idi. Cavabdeh qeyd edilən müqavilədə öz öhdəsinə götürür ki, müqavilədə göstərilən tarixdə işi təhvil verməsə gecikdirdiyi hər ay üçün 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəməli idi. Müqavilədə qeyd edilən tarixdə cavabdehin ofisinə yaxınlaşıb işin təhvili ilə bağlı maraqlandıqda, müqavilədə göstərilmiş torpaq sahəsində yalnız bir divar hörüldüyünü, ciddi heç bir iş görülmədiyinin şahidi olmuşdur. Halbuki, xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 410A saylı bağ torpaq sahəsində ümumi sahəsi 44 kv.m olan yaşayış evini təhvil verməli və iddiaçının adına rəsmiləşdirməli idi. Hər dəfəsində dediyi bəhanələrə artıq inamı qalmadığı üçün torpağı da, evi də almaq istəmədiyini pulunun isə geri qaytarılmasını tələb etmişdir. Razılaşıb 10 günə pulu qaytaracağını bildirdi, on gündən sonra isə müxtəlif müddətlər deyərək müxtəlif bəhanələrlə ödəniş cədvəlinə uyğun olaraq ödəmiş olduğu ümumilikdə 21550 (iyirmi bir min beş yüz əlli) manat məbləğində pul vəsaitini qaytarmadı. Sonradan iddiaçıya məlum oldu ki, cavabdeh ona qarşı işlətdiyi dələduz əməllərini bir çox vətəndaşlara qarşı edib və Suraxanı Rayon Polis İdarəsində onunla bağlı şikayətlər vardır. Qeyd edilənlərlə əlaqədar iddiaçı da Polis İdarəsinə müraciət etmiş, ifadəsini almışlar. Suraxanı Rayon Polis İdarəsindəki müstəntiq ona bildirdi ki, Cavabdeh barəsində çoxlu sayda eyni məzmunlu şikayətlər var ona təklif olunub ki zərərçəkmişlərin pulunu qaytarmasa onun barəsində cinayət işi açılacaq. Müstəntiq vurğuladı ki, bir müddət vaxt ver pulunu qaytarsın. Təxmini bir ay gözləmiş həmin müddətə cəmi 5000 (beş min) manat məbləğində pul vəsaiti vermişdir. Qalan pulu isə verməcəyini bildirdi, təklif verdiki məhkəməyə müraciət etsin, məhkəmə ödənilməmiş məbləği ondan hissə-hissə tutulması barədə qətnamə qəbul etsin. Cavabdeh uzun zaman iddiaçıya müxtəlif bəhanələrlə aldatmış, pulunu istismar etmiş, ona maddi ziyan vurmuş, iddiaçı cavabdehin yalan vədlərinə inanaraq uzun zamandır ki, kirayələrdə maddi sıxıntı çəkmişdir. Artıq məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün olmayacağı qənaətinə gəlmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək bildirmişdir ki, onlar cavabdehin sözlərinə inanıb xx.xx.2022-ci il tarixdə ilkin ödəniş olaraq 7000 manat məbləğində ödəniş edərək, müqavilə bağlamışlar. Həmin müqavilə ilə iddiaçı 5 ay müddətində hər ay 605 manat olmaqla 5000 manat pul vəsaiti ödəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh ona Suraxanı rayonu ərazisində torpaq sahəsi göstərmiş, həmin torpaq sahəsinin ondan başqa adamın adına çıxarışının olduğunu ödəniş yekunlaşanda isə həmin torpaq sahəsinin onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. Qeyd edilən müqaviləyə əsasən cavabdeh torpaq və üzərində tikiləcək yaşayış evini ona xx.xx.2023-cü ildə təhvil verməli idi. Qeyd etdiyi tarixdə ofisə yaxınlaşıb işlərin nə yerdə olduğunu maraqlananda onlara məlum olmuşdur ki, heç bir ciddi iş görülməyib. Bunun səbəbini maraqlananda isə müxtəlif bəhanələr gətirdi. Sonradan isə təklif elədi ki, bağlamış olduqları müqaviləni yenisi ilə əvəz etsinlər, o, da həmin müqavilənin surətini özündə saxlayaraq əslini ona təqdim etmişdir. Cavabdeh qeyd edilən müqaviləni cıraraq yeni müqavilə tərtib edərək imzalanması üçün təqdim etmiş və hər ikisi müqaviləni imzalamışlar. Qeyd edir ki, hər iki müqaviləyə ödəniş cədvəli əlavə olunub və hər dəfə pul vəsaiti ödənildikdən sonra həm cavabdeh həm də onlar cədvəli imzalamışlar. Müqavilənin şərtlərinə görə torpaq sahəsi və üzərində tikilmiş olacaq yaşayış evi xx.xx.2023-cü il tarixdə təhvil verilməli idi. Cavabdeh qeyd edilən müqavilədə öz öhdəsinə götürür ki, müqavilədə göstərilən tarixdə işi təhvil verməsə gecikdirdiyi hər ay üçün 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəməli idi. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh hazırda verilmiş məbləği geri qaytarmağa razıdır. İddiaçı tərəf cavabdehə 21500 manat ödəniş etmişdir. Həmin məbləğin 5000 manatı geri qaytarılmışdır. Hazırda cavabdehin geri qaytarılmalı olduğu məbləğ 16500 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən məbləğlər vaxtında ödənilmədiyinə görə tikinti gecikmişdir. Tikintinin gecikdirilməsi cavabdeh tərəfindən edilməmişdir. Buna görədə hesab edir ki, cavabdeh tərəfindən kirayə haqqı ödənilməməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən menecerə ödənilmiş 3% məbləğ çıxılmaq şərti ilə iddia tələbini qismən qəbul edirlər və hazırda 15800 manat iddiaçıya ödəməyə razıdırılar. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Podrat Müqaviləsi”ndən görünür ki, sifarişçi İddiaçı podratçı Cavabdeh Bakı şəhəri, Surxanı rayonu, Üzümçülük savxozu ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 44 kv.m müqaviləyə əlavə olunan lahiyədə fərdi yaşayış evinin təmirli tikintisini sifariş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanan “Podrat Müqaviləsi”nə əsasən nəzərdə tutulan ödəniş cədvəlində evin ümumi qiyməti 31196 manat, ilkin ödəniş 7000 manat qeyd olunmuş, sifarişçi ilkin olaraq 7000 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ümumilikdə 7265 manat ödəniş olunmuşdur. Sonradan həmin müqavilə tətəflərin razılığı ilə ləgv edilmişdir və yeni müqavilə tərtib edilmişdir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli “Podrat Müqaviləsi”ndən görünür ki, sifarişçi İddiaçı podratçı "xxxx" MMC-nin direktoru X3 Bakı şəhəri Surxanaı rayonu, Hövsan qəsəbəsi 410A saylı bağ sahəsində fərdi yaşayış evinin təmirli tikintisini sifariş edir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə imzalandıqdanj sonra Podratçı öhdəliyini vaxtında yerinə yetirməli, öhdəliyini gecikdirdiyi təqdirdə isə işi gecikdirdiyi hər ay üçün Sifarişçiyə orta hesabla 300 manat kirayə haqqı ödəməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixdə təhvil verilməli idi. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanan “Podrat Müqaviləsi”nə əsasən nəzərdə tutulan ödəniş cədvəlində evin ümumi qiyməti 34000 manat, ilkin ödəniş 20000 manat qeyd olunsa da, sifarişçi ilkin olaraq 14260 manat, xx.xx.2023-cü il tarixdə 5740 manat ödəniş etmişdir. Cədvəl üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1550 manat ödəniş etmişdir. İş materiallarında olan 01 iyun 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Nizami rayonu, T.Abbasov küçəsi, ev 63-də yaşayan İddiaçı müraciəti əsasında olan HK-1/1400 saylı material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı X1 barəsində mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Cavabdehin iddia tələbini qismən etiraf etməsi qanuna zidd olmadığı və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün məhkəmə bu etirafı qəbul edir və buna əsaslanaraq 22350 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində iddia tələbini qismən təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianının etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2 və 329.3-cü maddələrinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından çıxış edərək və işin faktiki hallarının araşdırılmasına istinad edərək belə nəticəyə gəlir ki, tərəflər arasında yazılı formada podrat müqaviləsi bağlanmış, görüləcək işlər və onlara görə əvvəlcədən 34000 (otuz dörd min) manat məbləğində muzd müəyyənləşdirilmişdir. Eyni zamanda cavabdeh aldığı 21550 manat pulun qarşılığında iddiaçının evində şərtləşdiyi işi yerinə tam yetirməməsini cavabdeh özü də təsdiq etmişdir. Belə olan halda, iddiaçının podrat müqaviləsinə xitam vermək hüququ vardır. Mülki Məcəllənin 759.2-ci maddəsində də nəzərdə tutulmuşdur ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında yazılı podrat müqaviləsi var və bu müqaviləyə görə cavabdeh iddiaçıdan yerinə yetirəcəyi işə görə 21550 manat alsa da, həmin işləri tam yerinə yetirməmiş və belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bildiyi üçün o, yerinə yetirmədiyi işin pulunu iddiaçıya qaytarmalıdır. Podrat müqaviləsi üzrə aldığı pulun müqabilində işin görülməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşıyır. Lakin məhkəmə iddia tələbini qismən yəni cavabdehin aldığı puldan 5000 manat qaytarmasını nəzərə alaraq hesab edir ki, 16550 manat cavabdehdən iddiaçının xeyrinə tutulması iddia tələbinin qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilədə göstərilən aylıq 300 manatdan hesablanan 2800 manat kirayə pulunu tələb etsə də, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən məbləğlər vaxtında ödənilmədiyinə görə tikinti gecikmişdir. Tikintinin gecikdirilməsi cavabdeh tərəfindən edilməmişdir. Buna görədə hesab edir ki, cavabdeh tərəfindən kirayə haqqı ödənilməməlidir. İddiaçının maddi, mənəvi zərərə görə 3000 manat məbləğində təzminatın ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin yalan vədlər verərək iona mənəvi zərərin yetirilməsi, eyni zamanda kirayələrdə yaşayaraq ona maddi sıxıntılar yaşatması arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin yalan vədləri nəticəsində iddiaçıya mənəvi iztirablar çəkdirdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16550 (on altı min beş yüz əlli) manat məbləğində pulun və iş üzrə ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar