Məhkəmə qərarları › İş №e-2(060)-4902/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4902/2023

24.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4902/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin iyul ayında əmək müqaviləsi bağlanılmaqla Cavabdehndə tədris işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsində aylıq əmək haqqı 2555 manat olaraq göstərilmişdir. Əmək haqqından vergilər və digər tutmalar çıxıldıqdan sonra əmək haqqı kartına köçürülən aylıq məbləğ 2300 manat təşkil edirdi. Lakin bir müddət keçdikdən sonra cavabdeh tərəfindən əmək müqaviləsinin tələblərinə zidd olaraq aylıq əmək haqqı az məbləğdə ödənilməyə başlanılmışdır. İlk əvvəl 2020-ci ilin 02 avqust ayında 30 günlük məzuniyyətə çıxdığında məzuniyyət pulu olaraq iddiaçıya 1600 manat pul ödənilmişdir. Halbuki, onun məzuniyyətinin müddəti 42 gündən az ola bilməzdi və həmin məzuniyyətə görə ona ödənilməli olan pul məbləği 3177 manat təşkil etməli idi. Beləliklə, həmin dövrdə onun 1577 manat məzuniyyət pulu mənimsənilmişdir. Həmçinin, 2020-ci ilin noyabr ayından etibarən hər hansı qanuni səbəb olmadan aylıq əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az ödənilməyə başlanılmışdır. Bununla bağlı cavabdehə müraciət etdikdə liseyin maliyyə çətinliklərinin olduğu və əskik ödənilən əmək haqqı məbləğinin gələcəkdə birdəfəlik məbləğ şəklində ödəniləcəyi bildirilmişdir. İddiaçı cavabdehin rəhbərinin bildirdiklərinə inanaraq sonrakı aylarda da əskik məbləğdə əmək haqqının ödənilməsinə göz yumaraq gələcəkdə həmin pulun ona ödəniləcəyinə ümid edirdi. Eyni zamanda, 2021-ci ilin avqust ayında növbəti əmək məzuniyyətinə çıxdıqda iddiaçıya məzuniyyət pulu əmək haqqı üzrə ödənilməli aylıq əmək haqqı məbləğlərinin cəmi ilə hesablanmalı olduğu halda, yanlış olaraq faktiki ödənilmiş aylıq əmək haqqı məbləği ilə hesablanaraq ödənildiyindən yenə də məzuniyyət pulu əskik ödənilmişdir. Belə ki, həmin dövr üçün iddiaçıya 1940 manat məzuniyyət pulu verilmişdir ki, bununla 1237 manat məzuniyyət pulu mənimsənilərək ödənilməmişdir. Əmək haqqının əskik olaraq ödənilməsi 2021-ci ilin iyul ayınadək davam etmiş və 2021-ci ilin avqust ayında iddiaçı ilə yeni əmək müqaviləsi bağlanılaraq əmək haqqının yeni məbləği müəyyənləşdirilmişdir. Ancaq həmin dövrədək iddiaçıya ödənilməmiş pul məbləğlərinin ödənilməsi müddəti yenə də uzadılmış və bir müddət sonra iddiaçıya ödəniləcəyi bildirilmişdir. 2021-ci ilin iyul ayınadək, yəni ilkin əmək müqaviləsinin müddəti başa çatanadək iddiaçıya əskik ödənilmiş əmək haqqı məbləği belə olmuşdur: noyabr 2020-ci il-1957 manat ödənilmiş, 343 manat mənimsənilmişdir, dekabr 2020-ci il-1957 manat ödənilmiş, 343 manat mənimsənilmişdir, yanvar 2021-ci il-1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, fevral 2021-ci il- 1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, mart 2021-ci il-1936 manat ödənilmiş, 364 manat mənimsənilmişdir, aprel 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, may 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, iyun 2021-ci il-1500 manat ödənilmiş, 800 manat mənimsənilmişdir, iyul 2021-ci il-1000 manat ödənilmiş, 1300 manat mənimsənilmişdir. Beləliklə, noyabr 2020-ci il ilə iyul 2021-ci il dövrləri arasında əmək haqqı cavabdeh tərəfindən 5478 manat əskik ödənilmişdir. Bura 2020-ci ilin əskik ödənilmiş 1577 manat məzuniyyət pulunu və 2021-ci il üçün əskik ödənilmiş 1237 manat məzuniyyət pulunu əlavə etsə, ümumilikdə cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı və məzuniyyət dövrü üzrə borcunun 5478+2814=8292 manat təşkil etdiyi aydın olur. 2022-ci ilin iyun ayında iddiaçı cavabdehlə əmək münasibətlərini sonlandırdıqda ödənilməyən pullarını tələb etmiş və cavabdehin rəhbəri tərəfindən həmin pulların qısa zaman içərisində iddiaçıya ödəniləcəyinə dair zəmanət verilmişdir. Lakin müəyyən müddət keçdikdən sonra iddiaçıya aydın olmuşdur ki, əskik ödənilmiş əmək haqqı və məzuniyyət pullarını cavabdeh iddiaçıya verməkdən yayınır və həmin pulları ona ödəmək niyyətində deyildir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmiş və ilkin olaraq mübahisənin mediasiya qaydasında həllinə çalışsa da, cavabdeh yaranmış fərdi əmək mübahisəsinin məhkəmədənkənar qaydada həllindən də yayınmışdır. Belə olan şəraitdə iddiaçı yalnız ödənilməmiş əmək haqqı pullarının deyil, eyni zamanda gecikdirməyə görə həmin məbləğlərin gündəlik 1% olmaqla ödəncini də tələb etməyi qərara almışdır. Çünki cavabdeh iddiaçının əmək haqlarını mənimsəyərək və bugünədək ödəməkdən imtina edərək onu xeyli miqdarda maddi ziyana uğratmış, mənəvi cəhətdən sarsıntı və əsəb hisləri keçirməyinə səbəb olmuşdur. Belə ki, 2023-cü ilin 01 iyul tarixinədək ödənilməmiş 8292 manat pulun 1%-i 82,92 manat olmaqla bir illik gecikdirməyə görə 1% faiz ödənc məbləği 30 265,8 manat təşkil etmişdir. Ümumilikdə, cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı, ona hesablanmış gecikdirilmiş gün üçün faiz ödənci məbləği və məzuniyyət pulu üzrə borcunun 5478+ 2814+ 30265,8=38557,8 manat təşkil edir. Yaranmış əmək mübahisəsinin nə danışıqlar yolu ilə, nə də mediasiya qaydasında nizamlanması mümkün olmadığından, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Göstərilənlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən ödənilməli olan əmək haqqının noyabr 2020-ci il-iyul 2021-ci illər arasında ödənilməmiş 5478 manatının, həmin dövrlər üzrə ödənilməmiş əmək haqqı məbləğlərinin gecikdirilmiş gün üçün faiz məbləği olaraq 30 265,8 manatın, 2020-ci ilin əmək məzuniyyətinin ödənilməmiş 1600 manatın, 2021-ci ilin əmək məzuniyyətinin ödənilməmiş 1237 manatın, ümumilikdə cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı, ona hesablanmış gecikdirilmiş gün üçün faiz məbləği və məzuniyyət pulu üzrə 38 557,8 manat pul vəsaitinin birdəfəlik iddiaçıya ödənilməsi, eləcə də vəkil xidmətindən istifadə etməyə görə və mediasiya prosesində iştirakla bağlı ödədiyi pul vəsaitlərinin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, işlədiyi müddət ərzində əmək haqqının az ödənilməsi ilə bağlı həm direktora, həm də təsis direktoruna müraciət etmişdir. Bu zaman ona bunun müvəqqəti çətinlik olduğunu və məbləğin ödəniləcəyini bildirmişlər. 2022-ci ildə əmək haqları normal qaydada verilirdi. Cavabdeh tərəf ödənişləri tam şəkildə ödəyəcəklərini şifahi şəkildə vəd etdikləri üçün o da bu məsələni mübahisələndirməmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə əlavə olaraq bildirmişdir ki, cavabdeh dəfələrlə, hətta mediasiya prosesində belə sözügedən məbləği ödəyəcəyini bildirmişdir. Lakin bu vaxta qədər cavabdeh tərəfindən məbləğin ödənilməsi üçün heç bir addım atılmamışdır. İş məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəf iddiaçı ilə əlaqə saxlamamışdır. Əmək müqaviləsi 2019-cu ilin iyul ayında bağlanılmışdır. İddiaçı isə 2022-ci ilin iyul ayında öz xahişi ilə işdən çıxmışdır. İddiaçı ilə cavabdeh arasında olan son haqq-hesab ödənilməmişdir. 2022-2023-cü il aralıqlarında işlədiyi üçün məhkəməyə müraciət etməyə vaxtı olmamışdır.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və bu tələb üzrə iddia müddəti keçmişdir. İddiaçı 2019-cu ilin iyul ayında 1 illik əmək müqaviləsi bağlanılmaqla liseyə direktor müavini vəzifəsinə qəbul olmuşdur. Sonrakı illərdə 1 il müddətinə müqavilənin uzadılması ilə liseydə çalışmağa davam etmiş, xx.xx.2022-ci il tarixində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən pul tələbinə aid mübahisələrin həlli üçün iddia müddəti 1 il nəzərdə tutulmuşdur. İddiaçı iddiası pul tələbi ilə bağlıdır və 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayına qədər olan dövrü əhatə edir. İddiaçı iddia ərizəsində də həmin dövrdə əksik əmək haqqı ödənildiyinin fərqində olduğunu etiraf etmiş və bununla da hüququnun pozulduğunu aşkar etdiyini bildirmişdir. İddiaçı iddiasına əsasən, sonuncu əksik əmək haqqı 2021-ci ilin iyul ayında ödənilmiş, o vaxtdan sonra ödəniş qaydalara uyğun olmuşdur. Bu səbəbdən ƏM-in 296.3cü maddəsində qeyd olunduğu kimi hüququn pozulmasının aşkar edildiyi gün “həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün”, yəni sonuncu əksik əmək haqqının ödənildiyi gün- 2021-ci ilin iyul ayına təsadüf edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan xx.xx.2000-ci il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdehndə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək «tədris işləri üzrə direktor müavini» vəzifəsini icra etmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

8. İş materiallarında olan Cavabdeh Bakı filialının 16 may 2020-ci il tarixli, 01/107 nömrəli “təhsil haqqında olacaq güzəşt və işçi heyətinin əmək haqqından tutulacaq faiz haqqında” əmrin surətindən görünür ki, Koronavirus (COVİD-19) pandemiyası ölkəmizdən də yan keçməmişdir. Ölkəmizdə mövcud təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyyə prosesi mart ayından dayandırılmışdır. Buna baxmayaraq, İdrak liseyi digər təhsil müəssisələrindən fərqli olaraq şagirdləri üçün onlayn dərslərdə iştirak etməklə yanaşı, idrak media dərslərindən də istifadə edərək öz biliklərini möhkəmləndirmək üçün şərait yaratmışdır. Hər zaman öz fəaliyyətində xalqımızın yüksək milli-mənəvi dəyərlərini, fəal və ləyaqətli vətəndaş mövqeyini, xeyirxahlıq, nəciblik və mərhəmət prinsiplərini əsas tutan idrak liseyi bu səfər də mart ayından başlayan karantin dövründəki tədris müddətinin təhsil haqqının ödənişi ilə bağlı (müqavilədə göstərilən təhsil haqqı məbləğinə uyğun olaraq) güzəştlər etməyi qərara aldı. Qeyd edək ki, idrak liseyi valideynlərə təhsil haqqının ödənişləriylə bağlı güzəşt tətbiq etməklə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab ilham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tövsiyələri ilə həmrəy olduğunu bir daha nümayiş etdirir. Həmin əmr üzrə № 3 paraqrafda göstərilmişdir ki, mövcud şərait davam edərsə 2020/2021-ci tədris ilində Liseyin işçi heyətinin əmək haqqından 15 faiz tutulması əmr edilmişdir.

9. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 222 saylı “aylar üzrə əmək haqqı barədə” arayışdan görünür ki, İddiaçı 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək rəsmi əmək haqqı məbləği ümumilikdə 17013,75 manat, lakin faktiki olaraq aldığı əmək haqqı məbləği isə 15183,18 manat olmuşdur.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01214 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixə, saat 14:00-a təyin olunmuş mediasiya prosesində iştirak etmişlər, lakin Cavabdeh prosesin davam etdirilə bilməsinə razılıq verməmişdir. Bundan əlavə, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə “tədris işləri üzrə direktor müavini” vəzifəsini icra etmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədan azad edilmiş, hazırda iddiaçı 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək tam ödənilməmiş əmək haqqı məbləğini və məzuniyyət pulunu tələb edir. Cavabdeh tərəf isə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbinin təmin edilməməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

13. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).

14. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.

15. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

16. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

19. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

20. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

21. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır.

23. Həmin Məcəllənin 69-cu maddəsinin 6-cı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.

24. Göstərilən Məcəllənin 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

25. Eyni Məcəllənin 113.1-ci maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

26. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək ona ödənilmiş əmək haqlarında və məzuniyyət pulunda əksikliyin olduğunu bilmiş, lakin işəgötürənin şifahi vədi əsasında bu halı mübahisələndirməmiş, xx.xx.2022-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək iddia müddətini ötürmüşdür.

27. Bununla əlaqədar məhkəmə qeyd edir ki, işəgötürənin əmək münasibətləri çərçivəsində hər hansı bir şifahi vədi, sözü və ya zəmanəti yalnız o halda hüquqi qüvvəyə malik olur ki, işçi və işəgötürən bu barədə əmək müqaviləsinə yazılı formada dəyişiklik etsin. Yazılı formada rəsmiləşdirilmədiyi halda şifahi vədlər heç bir hüquqi əhəmiyyətə malik deyildir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

30. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

31. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

32. Məhkəmə, Əmək Məcəlləsinin 296.3-cü maddəsini əsas götürərək hesab edir ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gün – 2020-ci ilin noyabr ayının (sonuncu 2021-ci ilin iyul ayının) müvafiq günüdür.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. Eyni Məcəllənin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

35. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

37. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

38. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

39. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

40. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

41. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

42. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.

43. Məhkəmə iddianın digər tələb hissəsi olan gecikdirilmiş gün üçün faiz məbləği bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək haqqı və məzuniyyət pulu tələbi təmin olunmadığına görə, digər tələbdə bundan asılı olduğundan prosessual qənaət prinsipi nəzərə alınmaqla əlavə araşdırılma aparılmadan bu hissədə də iddia təmin olunmamalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.

45. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və əmək məzuniyyəti pulunun ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar