Məhkəmə qərarları › İş №e-2(060)-4970/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-4970/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4970/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə iddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 72 manat, Cavabdeh2 114 manat və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli, ALY-681 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh1 sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(060)-1904/2024 saylı qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 7022.83 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh1 və sürücü Cavabdeh2 AR X4 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X3 portalından alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 idarə edərkən 1. BNA ******* saylı protokola görə 18 manat; 2. BNA ******* saylı protokola görə 18 manat; 3. BNA ******* saylı protokola görə 18 manat; 4. BNA ******* saylı protokola görə 18 manat, cəmi 72 manat ödənilmişdir. Cavabdeh2 idarə edərkən 1. EQ 19152790 saylı protokola görə 80 manat; 2. EQ 19152787 saylı protokola görə 18 manat; 3. EQ 16826069 saylı protokola görə 16 manat; cəmi 114 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 186 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4970/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

b) iddiaya etiraz

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, həmçinin xx.xx.2025-ci il tarixli ərizəsində iddia ərizəsi tərtib olunarkən təsviri hissəsində texniki səhv nəticəsində BNA2231328 olduğu halda, BNA2306528 qeyd olunduğunu göstərmiş və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. xx.xx.2022-ci il tarixli, ALY-681 saylı X2 3 saylı Əlavədən görünür ki, əsasən Cavabdeh1 illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 521.83 manat, ümumilikdə isə 28548 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2022-ci il tarixli, ALY-681 saylı X2 3 saylı Əlavədən görünür ki, 1 nömrəli Əlavə üzrə təchiz ediləcək əmlakın ümumi dəyəri 22250 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli ALY-681 saylı X1 görünür ki Cavabdeh1 sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, 77- PK-653 dövlət qeydiyyat nişanlı, XWBJF69V9NA019359 ban, ağ rəngli avtomobil 22250 manat məbləğinə “Azərmaş Alyans’’ MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 22250 manat dəyərində olan “Chevrolet Cobalt” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh1 müvəqqəti sahibliyinə verilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1904/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ALY-681 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı xx.xx.2024-cü il tarixə 1889.28 manat gecikdirilmiş əsas, 439.22 manat gecikdirilmiş mükafat, 200 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 4047 manat dəymiş zərər və inzibati xəta protokollarına əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 358 manat məbləğndə pul, ümumilikdə 6933.50 manat borc və ödənilmiş dövlət rüsumu 89.33 manatın İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

13. xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı və xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həmin qərarların hər birinə əsasən ayrı-ayrılıqda 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EQ 16826069, xx.xx.2024-cü il tarixli, EQ 19152790 saylı və xx.xx.2024-cü il tarixli, EQ 19152787 saylı qərarlardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 328.1, 328.2 və 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həmin qərarların hər birinə əsasən müvafiq olaraq 10 manat, 50 manat və 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

15. xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 barəsində tərtib edilmiş BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı və BNA ******* saylı protokollara görə 4 X 18 = 72 manat ödəniş edilmişdir.

16. xx.xx.2025-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, 16 + 18 + 80 = 114 manat ödəniş edilmişdir.

17. xx.xx.2025-ci il tarixli, 417 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır.

18. xx.xx.2025-ci il tarixli, 434 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır.

b) tətbiq edilən hüquq

19 . Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, ALY-681 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh1 müvəqqəti sahibliyində olduğu müddət ərzində İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda verilmiş etibarnamələr əsasında cavabdehlərin avtomobili idarə etmək səlahiyyəti olmuşdur.

24. Cavabdehlər etibarnamə əsasında lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşlar. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 186 manat məbləğində ödəniş edilmişdir.

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inzibati xətaların törədilməsi ilə əlaqədar müvafiq protokollar əsasında onlara cərimələrin müəyyən edilməsi və iddiaçının yol verilmiş inzibati xətalara görə cavabdehlər Cavabdeh1 görə 72 manat və Cavabdeh2 görə 114 manat inzibati cəriməni ödəməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu ödənişlər yol verilmiş hüquq pozuntuları nəticəsində mülkiyyətçi kimi "xxxx" MMC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. İnzibati xətanın törədilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da onlar qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişlər. Demək ki, həmin cərimələri ödəmək vəzifəsi də onların üzərindədir.

26. Odur ki, iddiaçı cərimələrə görə ödədiyi pulların cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır.

27. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. İddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 72 manat, Cavabdeh2 114 manat və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə hissəsi:

30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh1 72 manat və Cavabdeh2 114 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar