Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5280/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildən tərəflər faktiki nikah münasibətlərində olaraq ailə kimi yaşamışlar, birgə ailə həyatından iki övladları olmuşdur. 01 iyul 2015-ci il tarixdə anadan olmuş X8 adlı qızları və 13 iyul 2017-ci il tarixdə X7 adlı oğulları anadan olmuşdur. 29 iyul 2015-ci il tarixdə Əminəyə dair atalığın müəyyən edilməsi şəhadətnaməsi alınmışdır. 15 avqust 2017-ci il tarixdə İbrahimə dair atalığın müəyyən edilməsi şəhadətnaməsi alınmışdır. 2022-ci ilin mart ayının əvvəlindən cavabdeh onlardan ayrılmış, ailə münasibətləri kəsilmişdir. Daha sonra, cavabdeh 2023-cü ilin yanvar ayında ümumiyyətlə Azərbaycana qayıtmışdır. Onlardan ayrılandan cavabdeh uşaqların saxlanmasında iştirak etmir. Yardım göstərmir. Uşaqların ehtiyaclarının ödənilməsində, o cümlədən özəl təhsillərinin ödənilməsində çətinliklər yaranmışdır. İddiaçı 350 ABŞ dollara kirayədə qalır. İddiaçı tək olaraq uşaqları saxlamaqda çox çətinlik çəkir. Göstərilənlərə əsasən hesablanması 05 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh birgə uşaqları X8 və X1 və digər zəruri xərclərinin qarşılanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 500 ABŞ dolların ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun manat ekvivalenti miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı ilə ayrılmamışlar. Belə ki, iddiaçı onu Moskva şəhərində yaşadıqları evdən çıxarmışdır. Hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəməyə razıdır. Belə ki, rəsmi iş yeri yoxdur. Hazırda iddiaçının tələb etdiyi məbləği ödəməsi qeyri-mümkündür.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X6 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 7-ci ayının 29-cu günündə 264 nömrə ilə qeyd edilmişdir.
7. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 8-ci ayının 15-ci günündə 140 nömrə ilə qeyd edilmişdir.
8. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən 29 iyul 2015-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 01 iyul 2015-ci il tarixdə Moskva şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən 15 avqust 2017-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 13 iyul 2017-ci il tarixdə Moskva şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. İş materiallarında olan Moskva şəhəri Təhsil və Elm Departamenti tərəfindən Moskva şəhəri dövlət büdcəsi əsaslı ümumtəhsil müəssisəsi “1981 saylı məktəb” tərəfindən xx.xx.2023-cü il tarixdə 02-04-285/23 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 dövlət büdcə əsaslı ümumtəhsil müəssisəsi 1981 saylı məktəbin ŞK2 şagirdidir və xx.xx.2022-ci il tarixli 00-00029069 saylı, xx.xx.2033-cü ilədək olan müddətə bağlanmış müqaviləyə əsasən, “PU1994” kursu üzrə əyani təhsil alır. Aylıq xidmət haqqı 3750 rubldur və tədris planına və tabelə əsasən ödənilir.
11. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X7 “Raduqa” İdman-Reabilitasiya Mərkəzində loqopedlə (8 məşğələ 6800 rubl) və məktəbə hazırlıqla (8 məşğələ 6000 rubl) məşğul olur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar, tərəflər faktiki nikahlarından iki övladları vardır. İddiaçı cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
16. Məhkəmə qeyd edir ki, hazırda aliment öhdəliyi olan şəxsin rəsmi iş yeri olmadığından alimentin ödənilməsi sabit pul məbləğində müəyyən edilməlidir.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
19. Hazırki vəziyyətdə iddiaçı uşaqların saxlanılmaları üçün hər ay, hər uşağa 500 ABŞ dolları məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də, məhz həmin məbləğdə alimentin tutulmasına zərurət olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir.
20. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
21. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
22. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
23. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
24. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
25. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
27. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, iddiaçı bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, cavabdeh də valideyn olaraq öz uşağını saxlamağa borcludur.
29. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının işləməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir.
30. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
31. Bundan əlavə, məhkəmə iddia tələbinin “hesablanması 05 iyul 2023-cü il tarixdən başlayaraq alimentin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
33. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 01 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 avqust 2023-cü il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
36. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
38. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
39. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (440 x 12 = 5280 manat. 4280 x 1% = 42,8 manat. 30+42,8= 72,8 manat)
40. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 72,8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.
Nəticə hissəsi:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 avqust 2023-cü il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 72,8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva