Məhkəmə qərarları › İş №e-2(060)-5440/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5440/2025

10.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5440/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmək mübahisələri üzə ödənişlərin edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “əmək mübahisələri üzə ödənişlərin edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-də (VÖEN: **********) baş mühasib vəzifəsində çalışmışdır və 12 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin bu günədək iddiaçı ilə son haqqhesab aparılmamışdır. Belə ki, istifadə edilməmiş məzuniyyətə görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat, ödənilməmiş əmək haqqına görə 3500 (üç min beş yüz) manat olmaqla, cəmi 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində vəsaitin, eləcə də xx.xx.2025-ci il tarixindən hər gecikdirilmiş gün üçün azı bir faiz məbləğində (hər gün üçün 77,27 manat ödəncin verilməsi məqsədilə dəfələrlə işəgötürənə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Törədilən hüquq pozutunsuna görə cavabdeh barəsində İnzibati xəta haqqında MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra mediasiya təşkilatına müraciət edilmiş, lakin barışıq olmadığından mediasiya prosesinə xitam verilmişdir. Hazırki halda müvafiq ödənişlərin edilməsi öhdəliyinin məhkəmənin qərarı əsasında işəgötürənin üzərinə qoyulması labüddür. İşdən azad edildiyi xx.xx.2025-ci il tarixdə iddiaçının son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) köçürülməsini təmin etmək cavabdehin vəzifəsi olduğu halda bu vəzifəni qanunsuz və əsassız olaraq icra etməmişdir. Bu baxımdan həmin vəzifənin icrası məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması maddi hüquqi baxımdan tam şəkildə əsaslıdır. Göstərilənlərə əsasən Cavabdehndən 7727 manat məbləğində vəsait və 12 fevral 2025-ci il tarixindən hesablanmaqla ödənişlərin tam şəkildə icra edildiyi günə kimi hər gün üçün 77,27 manat məbləğində ödəncin, eləcə də mediasiya xərci kimi ödənilmiş 60 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehndən 11287 manat məbləğində vəsaitin və 12 fevral 2025-ci il tarixindən hesablanmaqla ödənişlərin tam şəkildə icra edildiyi günə kimi hər gün üçün 112,87 manat məbləğində ödəncin, eləcə də mediasiya xərci kimi ödənilmiş 60 manat, nümayəndəlik səlahiyyətlərinin rəsmiləşdirilməsinə görə ödənilmiş 17,25 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehndən 10487 manat məbləğində vəsaitin və 12 fevral 2025-ci il tarixindən hesablanmaqla ödənişlərin tam şəkildə icra edildiyi günə kimi hər gün üçün 104,87 manat məbləğində ödəncin, eləcə də mediasiya xərci kimi ödənilmiş 60 manat, nümayəndəlik səlahiyyətlərinin rəsmiləşdirilməsinə görə ödənilmiş 17,25 manat və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh tərəfindən 10487 manat məbləğində əmək haqqı borcunun və ödənişin gecikdirildiyi hər gün üçün 1% ( bir faiz) məbləğində dəbbə pulunun tutulmasını xahiş edir. Belə ki, o, sözügedən müəssisədə baş mühasib vəzifəsində çalışır. O, xx.xx.2025-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Lakin ona son haqq-hesab ödənilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirak izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan "X1" MMC-nin xx.xx.2024-cü il tarixli, 032 saylı əmrinin surətindən görünür ki, Cəmiyyətin baş mühasibi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyi üçün 9375 manat məbləğində mükafatlandırılmışdır.

11. İşin materiallarında olan MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 83, 172-ci maddələrinin tələbləri pozularaq ona düşən son haqq-hesab işdən çıxan gün ödənilməmişdir. Bununla da "X1" MMC İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

12. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik barədə sənəddən görünür ki, İddiaçı vəzifə / tarif maaşı 3413 manat təşkil edir.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01333 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. -144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. -172-ci maddəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. - 287-ci maddəsinin tələblərinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

15. Beləliklə, Əmək Məcəlləsinin qeyd edilən maddələrinin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi.

16. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 2 bənd 3).

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır.

18. Belə ki, işin materiallarından görünür ki, İddiaçı "X1" MMC-də baş mühasibi vəzifəsində çalışmış, əmək haqqı 3000 manat müəyyən edilmişdir.

19. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 fevral 2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində 2024-cü ilin mart ayı üçün 2480 manat əmək haqqı, 2025-ci ilin dekabr ayı üçün 780 manat əmək haqqı, 2025-ci ilin yanvar ayı üçün 3000 manat əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə tutulmasını, habelə istifadə edilməmiş məzuniyyətə görə 4227 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir.

20. Eyni zamanda, iddiaçı 12 fevral 2025-ci il tarixdən hesablanmaqla ödənişlərin tam şəkildə icra edildiyi günə kimi hər gün üçün 104,87 manat ödəncin ödənilməsini tələb edir.

21. Cavabdeh tərəf isə iddianı təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmiş, məhkəmə sorğusunu da cavablandırmamış, məhkəmə iclaslarında nümayəndənin iştirakı təmin edilməmişdir.

22. Göründüyü kimi hazırda iddia tələbinin obyektiv həllinin təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehə göndərilmiş son haqq-hesabla bağlı sorğuya cavabın zəruri olduğu halda, məhkəməyə təqdim edilməmişdir.

23. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən "X1" MMC-nin inzibati xəta haqqında protokol əsasında İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 83, 172-ci maddələrinin tələblərini pozaraq ona düşən son haqq-hesabı işdən çıxan gün ödəmədiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən olunmuşdur.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

26. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

28. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

30. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

31. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində 2024-cü ilin mart ayı, 2025-ci ilin dekabr, yanvar ayları üçün əmək haqqı, habelə istifadə edilməmiş məzuniyyətə görə vəsait ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

32. Belə ki, əmək haqqı hesabından çıxarışdan görünür ki, sonuncu dəfə əmək haqqı ödənişi 2220 manat 2024-cü ilin dekabr ayında hesaba daxil olmuşdur.

33. Məhkəmə qeyd edir ki, iddiaçı 10487 manat (4227 manat-istifadə edilməmiş məzuniyyətə görə+ 6260 manat ödənilməmiş əmək haqqına görə) məbləğində pul vəsaitinin xx.xx.2025-ci il tarixdən hesablanmaqla, ödənişlərin tam şəkildə icra edildiyi günə kimi hər gün üçün 104,87 manat ödəncin ödənilməsini tələb etsə də, qanunvericiliyə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

34. Göründüyü kimi iddiaçı bir faizi məbləğində ödəncin istifadə edilməmiş məzuniyyət haqqına da hesablanmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bir faiz məbləğində ödəncin ödənilməsi hissəsində qismən təmin edilərək, ödənilməyən 6260 manat əmək haqqı məbləğinin 1 (bir) faizi məbləğində ödənc (günlük 62,6 manat) xx.xx.2025-ci ildən başlayaraq hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdehdən tutularaq iddiaçı ödənilməlidir.

35. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.

36. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. İşin materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqi xidmətin dəyəri 300 manat məbləğində müəyyən edilmişdir.

38. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

40. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

42. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə iddia tələbinin “nümayəndəlik səlahiyyətlərinin rəsmiləşdirilməsinə görə ödənilmiş 17,25 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

44. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2024-cü ilin mart ayı üçün 2480 (iki min dörd yüz səksən) manat əmək haqqı, 2025-ci ilin dekabr ayı üçün 780 (yeddi yüz səksən) manat əmək haqqı, 2025-ci ilin yanvar ayı üçün 3000 (üç min) manat, cəmi 6260 (altı min iki yüz altmış) manat əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, Cavabdehndən ödənilməyən 6260 manat əmək haqqı məbləğinin 1 (bir) faizi məbləğində ödənc (günlük 62,6 manat) xx.xx.2025-ci ildən başlayaraq hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla tutularaq İddiaçı ödənilməli, Cavabdehndən 60 (altmış) manat mediasiya xərci və 300 (üç) manat vəkil xidməti xərci tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2024-cü ilin mart ayı üçün 2480 (iki min dörd yüz səksən) manat əmək haqqı, 2025-ci ilin dekabr ayı üçün 780 (yeddi yüz səksən) manat əmək haqqı, 2025-ci ilin yanvar ayı üçün 3000 (üç min) manat, cəmi 6260 (altı min iki yüz altmış) manat əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti (kompensasiya) alınaraq İddiaçı ödənilsin. Cavabdehndən ödənilməyən 6260 manat əmək haqqı məbləğinin 1 (bir) faizi məbləğində ödənc (günlük 62,6 manat) xx.xx.2025-ci ildən başlayaraq hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 60 (altmış) manat mediasiya xərci və 300 (üç) manat vəkil xidməti xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar