Məhkəmə qərarları › İş №e-2(060)-5585/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5585/2024

16.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5585/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq övladları xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 himayəsinə verilməsi və xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyatı qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 36-cı maddəsi ilə iddiaçının seçməsinə görə aidiyyat qaydaları müəyyən edilmişdir. Həmin maddənin 3-cü bəndinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Beləliklə, aliment tələbinə dair işlərdə iddiaçının iddia ilə həm özünün, həm də cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin hazırki işdə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında, Cavabdeh isə ünvan 2i ünvanında rəsmi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonunda, cavabdeh isə Abşeron rayonunda qeydiyyatda olduğundan Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki iddia ilə özünün və ya cavabdehin qeydiyyata alındığı yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar