Məhkəmə qərarları › İş №e-2(060)-5679/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5679/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5679/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana qədər hər ay 100 manat maddi yardım qismində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahdan bir övladları – xx.xx.2023-cü il təvəllüdlü X3 vardır. Artıq xeyli müddətdir ki, tərəflər birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. İddiaçı heç bir yerdə işləmir və başqa yerdən qazancı yoxdur. Cavabdeh özü mebel ustasıdır, O, “Nur mobilya” şirkətində işləyir və yaxşı qazanc əldə edir. Cavabdehin aylıq qazancı təxminən 1000-1500 manat təşkil edir. Ona görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o, hal-hazırda valideynlərinin yanında qalır. Özü “online” mebel çatıdırılması işi ilə məşğuldur və aylıq 200 manat əmək haqqı alır. Cavabdeh mebel ustasıdır və rəsmi olaraq 550 manat əmək haqqı alır. Cavabdehin həmçinin əlavə gəliri də olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o mebel ustasıdır. Onun rəsmi əmək haqqı 550 manatdır. Həmçinin bəzən 20-30 manat civarında günlük gəliri də olur. 200 manat məbləğində aliment ödəyə bilər. Maddi yardım qismində aliment ödəməyə imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın 200 manat alimentin tutulması hissəsində təmin edilməsinə etiraz etmədiyini, qalan hissədə isə rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən göründüyü kimi, iddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1993-cü il tarixində anadan olmuşdur. O, Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah xx.xx.2021-ci il tarixində, Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə İsmayılova soyadları verilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bu səbəbdən məhkəmə cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. İddiaçı eyni zamanda uşaq üç yaşına çatana qədər hər ay 100 manat maddi yardımın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (84.2.2.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin ona maddi yardım qismində aliment ödəməsini tələb edə bilər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 550 manat əmək haqqı aldığını və usta olaraq günlük gəlir əldə etdiyini bildirmişdir. Məhkəmə valideynlərin və uşağın ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli X2 3 yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat maddi yardım qismində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək hər ay 50 (əlli) manat maddi yardım qismində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar