Məhkəmə qərarları › İş №e-2(060)-5786/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5786/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5786/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Əliyeva (Eynalova) Gülnarə Nezami qızının Cavabdehna qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Əliyeva (Eynalova) Gülnarə Nezami qızı Cavabdehna qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Tsıntsadze Albretı ilə 11 iyun 2024-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Nikahdan 08 yanvar 2025-ci il təvəllüdlü X4 anadan olub. 03 dekabr 2024-cü ildə tərəflər arasındakı nikah pozulub. İddiaçının oğlu hazırda onun yanında qalır və onun bütün tələbatlarını iddiaçı ödəyir, ona lazımi diqqət və qayğını verir. Cavabdeh uşağın saxlanmasında iştirak etmədiyindən iddiaçı aliment tələbinə dair məhkəməyə müraciət etmək niyyətindədir. Göstərilənlərə əsasən 08 yanvar 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Tsıntsadze Albretıdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddiaçı soyadını Əliyeva soyadı ilə əvəz edib, bununla əlaqədar digər sənədləri də dəyişdirilib. Hazırki ərizəyə ad, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, özünün və uşağın doğum haqqında şəhadətnaməsi əlavə edir. Odur ki, qətnamə qəbul edərkən qeyd edilən halların nəzərə alınması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı Əliyeva (Eynalova) Gülnarə Nezami qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş AZ-İV № 957062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 yanvar 2025-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r.

10. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01310 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

11. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2024-cü il tarixində verilmiş AZ-İ № 510455 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 03 dekabr 2024-cü il tarixində 256 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Eynalova soyadı verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

17. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

19. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

20. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, iddiaçının tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, 08 yanvar 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tsıntsadze X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 20 avqust 2025ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin ediməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, 08 yanvar 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tsıntsadze X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

24. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, 08 yanvar 2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tsıntsadze X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar