Məhkəmə qərarları › İş №e-2(060)-5861/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5861/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5861/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 03:00 radələrində cavabdeh X4 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olan X3 məxsus olan “Yeni market” adlı ərzaq mağazasına daxil olaraq sonuncuya məxsus əmlakları talamışdır. Qeyd olunan qeyriyaşayış obyektində yerləşən daşınar əmlaklara xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə AZ/078133 nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 1679 nömrəli, xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən qeyri-yaşayış obyektinə dəymiş zərər 2450 manat məbləğində müəyyən edilmişdir. Fİ- 0037/2022/AKT1151/23 saylı sığorta aktına əsasən 250 manat azadolma məbləği çıxılmaqla 2200 manat məbləğində sığorta ödənişi çıxılmaqla faydalanan şəxsin hesabına ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən cavabdeh X5 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Göstərilənlərə əsasən cavabdeh X1 2200 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 42,40 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanılmış əmlakın yanğından və digər risklərdən sığortası şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta məbləği 25000 manat olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayon,C.Cabbarlı küçəsi 5, Yeni Market ərzaq satışı mağazası sığortalamışdır.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən obyektə dəymiş zərər 2450 manat məbləğində müəyyən edilmişdir.

10. İş materiallarında olan Fİ-0037/2022/AKT1151/23 saylı, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 2450 manat, ödənilmiş sığorta ödənişinin məbləği 2200 manat təşkil edir.

11. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2200 manat pul köçürülmüşdür.

12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsi, cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkilməsinin əvvəli 17 sentybar 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X6 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəzanın X8 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və X8 qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, X6 06 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı bir gün müddət ona təyin edilən cəzadan çıxılması və üzərində 03 il 02 ay 29 gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkilməsinin əvvəlinin 18 yanvar 2023-cü il tarixindən hesablanması, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri, yəni 50 manatın Cavabdeh və X15 müştərək qaydada tutularaq Ajarbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübutlar- 1 ədəd 0.5 litr həcmli “Vinçester” markalı viskini, 3 ədəd 0.25 litr həcmli Azqranata istehsalı olan “Xaqan” markalı konyakı və 16 ədəd “Bifland” markalı, 03 ədəd “Volume” markalı və 01 ədəd “Cravingz” markalı kekslərin X3, 5 qutu 0,450 ml ölçüdə “Bizon” markalı enerji içkilərinin X7 təhvil verilməsi nəzərə alınması və sahibinı qaytarılmış hesab edilməsi, X9 və Cavabdeh müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilmələri, vəkillər X11 və X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 120 manat olmaqla, 240 manat pul vəsaiti dövlət büdcəsinin hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsi 5 ünvanında yerləşən (Yeni Market adlanan mağaza) ümumilikdə 25000 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X4 tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixində sözügedən obyektdən oğurluq hadisəsi baş vermiş, hadisədən sonra tərtib edilmiş akt əsasında obyektdən 2450 manat dəyərində oğurluq edildiyi müəyyən edilmişdir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməi zəruri hesab edir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Eyni Məcələnin 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

19. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Eyni Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

24. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

27. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış mağazada oğurluq hadisəsi baş vermiş, hadisədən sonra tərtib edilmiş akt əsasında mağazadan 2450 manat dəyərində oğurluq edildiyi müəyyən edilmişdir. Yəni, Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış mağazaya zərər dəymiş, dəymiş zərər həcmində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalıya ödənilmişdir. Belə olan halda cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığortalıya sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul və 42,40 (qırx iki manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul və 42,40 (qırx iki manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar