Məhkəmə qərarları › İş №e-2(060)-6096/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6096/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6096/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı qətnaməsi ilə nikah ləğv edilmiş, övladları cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan cavabdeh məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-922/2025 saylı qərardadı ilə alimentin məbləği indeksasiya olunmaqla minimum əmək haqqı məbləğinin 1,028 misli 411 manat müəyyən edilmişdir. İddiaçı cavabdehlə boşandıqdan sonra 2-ci dəfə ailə həyatı qurmuş və xx.xx.2019-cu il təvəllüdlü X8 adında bir övladı olmuşdur. Hazırda həyat yoldaşı uşağa baxdığı üçün heç bir yerdə işləmir. İddiaçı kirayədə yaşayır, ailənin bütün yükü yalnız iddiaçının üzərindədir. İddiaçının daimi iş yeri və stabil gəliri yoxdur, yalnız gündəlik fəhləlik edərək 400–450 manat arası gəlir əldə edə bilir. Mövcud vəziyyətdə 411 manat aliment ödəmək iddiaçının maddi imkanı xaricindədir, digər övladının, həyat yoldaşının və ailənin gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bundan başqa iddiaçının həyat yoldaşı Xəyalə hepatit C xəstəliyindən əziyyət çəkir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin indeksasiyası nəticəsində iddiaçıdan xx.xx.2014-cü il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş alimentin indeksasiyası nəticəsində iddiaçıdan tutulmalı olan respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləginin 1,028 misli miqdarında alimentin azaldılaraq respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2025-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 iyun 2014-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 422 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı X1 yanında qalması, nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı olaraq İddiaçı 15 manat dövlət rüsumunun alınması, X1 bu rüsumu ödəməkdən azad edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, İddiaçı aliment tələbi ilə bağlı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2017-ci il tarixində verilmiş AZ-İ № 270048 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 10 iyun 2015-ci il tarixində 89 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Tağıyeva soyadı verilmişdir.

11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2019-cu il tarixində verilmiş AZ-İV № 230436 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 mart 2019-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X4r.

12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-922/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 108 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,028 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT064/2025-00026 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 422 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı X1 yanında qalması, nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı olaraq İddiaçı 15 manat dövlət rüsumunun alınması, X1 bu rüsumu ödəməkdən azad edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, İddiaçı aliment tələbi ilə bağlı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-922/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 108 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,028 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda iddiaçı digər nikahdan doğulmuş övladı nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının azadılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : -75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Uşaq Hüquqları haqqında” Qanun :

17. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

18. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

23. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : -2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.

24. İddiaçı cavabdehə qarşı olan “alimentin miqdarının azaldılması” tələbini maddi imkanının aşağı olması, alimenti ödəməyə çətinlik çəkməsi ilə əsaslandırmışdır.

25. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

26. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

28. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür.

29. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

30. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.

31. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.

32. Hazırki halda da cavabdehin ailə vəziyyətində dəyişikliklər olmuş, o yenidən ailə qurmuş, başqa nikahından da bir yetkinlik yaşına çatmayan övladı vardır. Belə ki, iddiaçının 30 mart 2019-cu il təvəllüdlü X8 adına övladı vardır. İddiaçının ailə vəziyyətində olan dəyişikliyi nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləği azaldılmalıdır.

33. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı alimentin məbəğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddinədək azaldılmasını istəyir ki, məhkəmə alimentin qeyd edilən məbləğdə müəyyən edilməsini hazırki dövrdə uşağa görə müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq ədalətli hesab edir.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 922/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,028 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2014-cü il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2155/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-922/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,028 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar