Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6169/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 149K saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olmuşdur və həmin əmr iddiaçıya təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin Məcəllənin tələblərinə zidd olaraq iddiaçı ilə bağlı mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmasını və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübuta yetirən halları göstərilməmişdir. Eyni zamanda, istinad olunan Məcəllənin 72-ci maddəsindəki əmək vəzifələrini kobud şəkildə pozma halları (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (e)) ümumiyyətlə yalandır və heç bir sübutla təsdiqlənmir. İddiaçı hansısa təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə (işəgötürənə) hər hansı maddi ziyan vurmamış və əmək fəaliyyəti zamanı hər hansı bir kobud səhvə, hüquq pozuntularına yol verməmişdir ki, bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirsin. Bunu təsdiq edən heç bir sübut yoxdur. Qanunsuz əmrin ləğv edilməsi ilə yanaşı əmrdən sonra işə bərpa olunanadək (məhkəmə qərarına əsasən) məcburi işburaxmaya görə bütün aylar üzrə əmək haqqı müəssisə tərəfindən iddiaçıya ödənilməlidir. Rəhbərlik İddiaçı işləməyini qeyri-mümkün edib, iddiaçının kompüterə və ümumi informasiya sisteminə girişini əngəlləyib, iddiaçının iş şəraitini tam ləğv edib, iddiaçını bu şəraitdən məhrum edibdir və bu günə qədər bu şəraiti bərpa etməyibdir. Halbuki, yaxın gələcəkdə iddiaçını geri çağıracağını, iş şəraitini bərpa edəcəyini bildirmişdi. Bundan əlavə, iddiaçının əmək haqqının bir hissəsi qeyri-rəsmi formada verildiyindən, rəsmi əmək haqqından başqa 500 manat əlavə əmək haqqı verilməli idi, lakin işəgötürən bu pulları iddiaçıya verməyib. İddiaçının işə bərpa olunmağı ilə yanaşı, iddiaçının müəssisədə əmək şəraiti bərpa edilməli, əmək funksiyalarımı yerinə yetirməyi üçün bütün zəruri əmək şəraiti yaradılmalıdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində işindən ayrılmış, yalan və böhtan xarakterli məlumatlara və əsaslara söykənən qanunsuz əmri iddiaçının şok keçirməyinə, baş ağrısı, baş gicəllənməsi, əsəbilik, yuxunun pozulması, psixoloji pozğunluq, tənginəfəslik, sağ qabırğaaltı nahiyədə ağrılara, qıcolmaya, yüksək arterial təzyiqin əmələ gəlməsinə səbəb oldu, arzu olunmaz vəziyyətə düşmüşdür. Bu məlumat cəmiyyət, kollektiv və onu tanıyan digər şəxslər (qohumlar, dostlar) arasında iddiaçının barəsində mənfi rəy yaratmış, iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Eyni zamanda, bu zaman kəsiyində iddiaçıya müxtəlif yerlərdən işləmək təklifləri edilib, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin təklifləri qəbul edə bilməmiş, üstəlikdə cavabdehdən iddiaçının barəsində soruşulduqda, rəhbərlik iddiaçı barəsində hər zaman mənfi rəy bildirərək, iddiaçını ittiham etmişdir. Bütün bunlar iddiaçıya mənəvi iztirablar vermiş və iddiaçı psixoloji sarsıntı keçirmişdir. Bu səbəbdən cavabdehdən əlavə olaraq 10000 manat mənəvi zərər tələb edir. Göstərilənlərə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixli, 149K saylı əmrinin ləğv edilməsi, İddiaçı vəzifəsinə bərpa edilməsi, vəzifəsinə uyğun əmək şəraitinin bərpa edilməsi, əmrdən sonra işə bərpa olunanadək məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, qeyri-rəsmi şəkildə verilməli olan aylıq 500 manat əlavə əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanaraq verilməsi, 10000 manat mənəvi zərərin cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, maliyyə şöbəsinin xəzinədarı İddiaçı pasient və onların yaxınlarının etibarından sui-istifadə edərək, tibbi xidmət üçün onlardan alınan pul vəsaitlərini öz adına olan şəxsi bank kartlarına mədaxil edərək, nağdsız qaydada ödənişləri həyata keçirmişdir. Qeyd edilən əməl, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, göstərilən qanunvericilik fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi fəaliyyət göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış xidmətlərə görə ödənilmiş ƏDV-nin onlara qaytarılmasını ehtiva edir. Lakin, İddiaçı öz əməli ilə onları bu hüquqdan məhrum etmişdir. Qeyd edilməlidir ki, müəssisə dəfələrlə pasient/onların yaxınları tərəfindən ödənilmiş pulun ƏDV-sinin onlara geri qaytarılmaması ilə bağlı şikayətlərlə üzləşmişdir. Aparılmış təftiş zamanı İddiaçı kassasından 500 manat artıq vəsait və onun adına olan Rabitəbankın debet kartı aşkar edilmişdir. Mühasibat yoxlanışı zamanı isə müəssisənin hesabından təkcə həmin karta on min manatdan çox ƏDV məbləğinin köçürülməsi müəyyən edilmişdir ki, müəssisəyə bununla əlaqədar müraciət edən şikayətinin əsaslı olması öz əksini tapmışdır. Nəticədə xəzinədar İddiaçı tərəfindən Sumqayıt Hospitala tibbi xidmət üçün müraciət, edərək ödəniş edən vətəndaşlara münasibətdə onların istehlakçı hüquqları pozulmuş və onlara qanunvericiliklə müəyyən edilmiş ƏDV məbləğinin geri qaytarılması təmin edilməmişdir. Pasiyent/onların yaxınları hazırda həmin vəsaitin qaytarılmasını tələb edərək, tibb müəssisəsi barəsində ictimaiyyət arasında mənfi fikirlər söyləyirlər. Həmçinin, bu əməl müəssisənin vergi-uçot işinə ciddi xələl gətirmişdir. Nəticədə Sumqayıt Hospitalın qanuni mənafeyinə və işgüzar nüfuzuna xələl gətirmiş və xəstə yaxınlarında narazılıq yaratmışdır. Qeyd edilənlər əsasında İddiaçı əmək müqaviləsinə müəssisənin 07 avqust 2023-cü il tarixli, 149K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “e" bəndi- hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Həmçinin məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmışdır. Hazırda məhkəməyə təqdim edilən Sumqayıt Şəhər Polis İdarəsinin 26 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş Qərarın “İddiaçı ifadəsinə aid hissəsində” onun 418980****6996, 526163**6780, 418980**1502 (bu kart birbaşa öz adınadır), 482095***4979 kartlardan istifadə edərək Cashback-lərin pul vəsaitlərinin özünə götürməsini bildirmiş və bununla da faktı təsdiq etmişdir. Eyni zamanda müddətin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 149K nömrəli əmri ilə iş üzrə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə İddiaçı son haqq-hesab ödənilmişdir. Xitamla bağlı məsələyə X3 də baxılmış və xitamın əsaslarının qanuni olması müəyyən edilmişdir. Həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin qarşı tərəf bu tələbi pozaraq iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki işin materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də «xəzinədar» vəzifəsinə təyin edilmişdir.
7. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək «klinikanın maliyyə şöbəsinin xəzinədar işi» vəzifəsini icra etmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.
8. İş materiallarında olan "xxxx" MMC-nin direktoru R.Z.Hüseynova baş mühasib Babayev Elmir tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimata əsasən, maliyyə şöbəsi tərəfindən 2022 və 2023-cü ilə aid bank çıxarışları araşdırılarkən müəyyən olunmuşdur ki, tibbi xidmətlərin göstərilməsi ilə bağlı xəstələrdən/xəstə yaxınlarından alınmış nağd şəkildə vəsait maliyyə şöbəsinin xəzinədarı İddiaçı məxsus bir neçə şəxsi bank kartları hesabına qoyulmuş və post terminalla ödəniş həyata keçirilmişdir. Bununla bağlı araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan kartlar əsasən Rabitə banka məxsus cashback təyinatlı kartlar olmuş və nəticədə aparılmış əməliyyatlar üzrə şəxsi məqsədləri üçün 2% bonus əldə olunması müəyyən olunmuşdur. Eyni zamanda kassa nəzarət aparatından xəstələrə verilməli olan qəbzlər üzrə ƏDV-nin 15%-nin həmin kart hesablarına keçirilməsi təsbit edilmişdir. Nəticədə xəzinədar İddiaçı tərəfindən Sumqayıt Hospitala tibbi xidmət üçün müraciət edərək ödəniş edən vətəndaşlara münasibətdə onların istehlakçı hüquqları pozulmuş və onlara qanunvericiliklə müəyyən edilmiş ƏDV məbləğinin geri qaytarılması təmin edilməmişdir. Qeyd edilən amil Sumqayıt Hospitalın qanuni mənafeyinə və işgüzar nüfuzuna xələl gətirir. Yuxanda qeyd olunanları nəzərə alaraq, İddiaçı barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir.
9. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən maliyyə şöbəsinin xəzinədarı İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, barəsində müəssisənin direktoru tərəfindən HİK-nə ünvanlanmış 04 avqust 2023-cü il tarixli təqdimatda tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanının tələblərinin, istehlakçı hüquqlarının kobud şəkildə pozulması, habelə müəssisənin vergi-uçot işlərinə, işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi səbəbilə İddiaçı əmək müqaviləsinə A.R.Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xahiş edilmişdir. Qeyd edilən məsələlərə baxılması məqsədilə İddiaçı saat 05 avqust 2023-cü il, saat 11:00 təyin olunmuş HİK-nin iclasına (İclasın yeri: Hospitalın 3-cü mərtəbəsi, otaq 110) dəvət olunmuşdur.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Abışov Tural, Tapdıqov O.Ə., K.Aynur, Ş.Şəhla, Z.Ayna, R.Sənani tərəfindən tərtib edilmiş aktdan görünür ki, Sumqayıt Hospitalın xəzinədarı və iş yerində olan İddiaçı HİK-nin 05 avqust 2023-cü il, saat 11-ə təyin olunmuş iclasına dəvət olunması barədə xəbərdar edilməsinə baxmayaraq, həmin bildirişi imza edib, almaqdan imtina etdi. İmtinasının əsası kimi, etdiyi əmələ görə bunun onun üçün məsuliyyət yarada biləcəyindən ehtiyatlanması ilə əlaqələndirmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Abışov Tural, Tapdıqov O.Ə., K.Aynur, Ş.Şahova, Z.Ayna, R.Sənani tərəfindən tərtib edilmiş aktdan görünür ki, Sumqayıt Hospitalın xəzinədarı və iş yerində olan İddiaçı HİK-nin 05 avqust 2023-cü il, saat 11-ə təyin olunmuş iclasına dəvət olunması barədə xəbərdar edilməsinə baxmayaraq, iclasa gəlməyərək iştirak etməmişdir. Bununla əlaqədar olaraq, İddiaçı 05 avqust 2023-cü il tarixdə bir neçə dəfə zəng edilsə də (***-***-**-** nömrəsinə saat 11:10, 11:30 və 11:45 raddərində zəng edilmişdir.) iclasa gəlməmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.
12. İş materiallarında olan "xxxx" MMC-nin HİK-nin xx.xx.2023-cü il tarixli iclasının 01 saylı protokolundan Çıxarışın surətindən görünür ki, direktorun 4 avqust 2023-cü il tarixli təqdimatından və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, xəzinədar İddiaçı əməli əmək müqaviləsinin şərtlərinin və əmək vəzifələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Onun əməli müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ziyan vurmaqla yanaşı, müəssisənin vergi-uçot hesabatlılığında işin, əmək və icra intizamının normal ahəngini pozmuşdur. "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyən Elvin X2 Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;) kobud şəkildə pozuntulara yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
13. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" MMC-nin direktoru Rəşad Hüseynova ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sizin təşkilata ünvanladığınız müəssisənin Maliyyə şöbəsinin xəzinədarı İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında təqdimata HİK-nin 05 avqust 2023-cü il tarixli iclasında baxılmışdır. İclasda baxış zamanı, təqdim edilən sənədlər əsasında tibbi xidmətə görə ödənilmiş pul vəsaitlərinin İddiaçı tərəfindən pasiyentlər/onların yaxınlarından alınaraq, ƏDV məbləğlərinin onun tərəfindən mənimsənilməsi, habelə tibb müəssisəsinin aldadılmış narazı şikayətçilərlə üzbəüz qoyulması və ictimaiyyətdə müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi öz təsdiqini tapmışdır. Həmçinin, nəzərə çatdırılır ki, İddiaçı həm bildiriş və həm də mobil telefon vasitəsilə iclasın yeri və tarixi barədə məlumatlandırılsa da, gəlib iclasda iştirak etməmişdir. O, iclas araşdırmasında iştirak etməməsinin səbəbini əməlinin onun üçün məsuliyyət yarada biləcəyindən ehtiyatlanması ilə əlaqələndirmişdir. Qeyd edilənlər əsasında, İddiaçı əməlində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində gösterilən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;) kobud şəkildə pozuntular oİduğundan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsinə razılıq verilir.
14. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 149K saylı əmrinin surətindən görünür ki, Maliyyə şöbəsinin xəzinədarı İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e" bəndi- hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 07 avqust 2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.
15. Həmin əmrdən görünür ki, Maliyyə şöbəsinin xəzinədarı İddiaçı pasiyent və onların yaxınlarının etibarından sui-istifadə edərək, tibbi xidmət üçün onlardan alman pul vəsaitlərini öz adına olan şəxsi bank kartlarına mədaxil edərək, nağdsız qaydada ödənişləri həyata keçirmişdir. Qeyd edilən əməl, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 696 nömrəli Fərmanının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, göstərilən qanunvericilik fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi fəaliyyət göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış xidmətlərə görə ödənilmiş ƏDV-nin onlara qaytarılmasını ehtiva edir. Lakin, İddiaçı öz əməli ilə onları bu hüquqdan məhrum etmişdir. Qeyd edilməlidir ki, müəssisə dəfələrlə pasiyent/onların yaxınları tərəfindən ödənilmiş pulun ƏDV-sinin onlara geri qaytarılmaması ilə bağlı şikayətlərlə üzləşmişdir. Aparılmış təftiş zamanı İddiaçı kassasından 500 manat artıq vəsait və onun adına olan Rabitəbankın debet kartı aşkar edilmişdir. Mühasibat yoxlanışı zamanı isə müəssisənin hesabından təkcə həmin karta on min manatdan çox ƏDV məbləğinin köçürülməsi müəyyən edilmişdir ki, müəssisəyə bununla əlaqədar müraciət edən şikayətinin əsaslı olması öz əksini tapmışdır. Nəticədə xəzinədar İddiaçı tərəfindən Sumqayıt Hospitala tibbi xidmət üçün müraciət, edərək ödəniş edən vətəndaşlara münasibətdə onların istehlakçı hüquqları pozulmuş və onlara qanunvericiliklə müəyyən edilmiş ƏDV məbləğinin geri qaytarılması təmin edilməmişdir. Pasiyent/onların yaxınları hazırda həmin vəsaitin qaytarılmasını tələb edərək, tibb müəssisəsi barəsində ictimaiyyət arasında mənfi fikirlər söyləyirlər. Həmçinin, bu əməl müəssisənin vergi-uçot işinə ciddi xələl gətirmişdir. Nəticədə Sumqayıt Hospitalın qanuni mənafeyinə və işgüzar nüfuzuna xələl gətirmiş və xəstə yaxınlarında narazılıq yaratmışdır.
16. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş X1 müraciəti əsasında Sumqayıt ŞPİ İŞ-də toplanmış 1/1647 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
17. Həmin qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, 2020-ci ilin may ayında o, Sumqayıt Hospitalda xəzinədar vəzifəsində çalışmışdır. Həmin vaxtı onların baş mühasibi Mətanət Bağırova olmuşdur. O, 2023-cü ilin yanvar ayının əvvəllərindən başlayaraq həmin hopsitala gələn müştərilərin razılığı əsasında ödənişlərin müəyyən qismini o, öz kartı vasitəsilə həyata keçirmişdir. Belə ki, müştərilərin çox qismi ona ödənişləri online qaydada həyata keçirmək istədiklərini deyən zaman o da orada terminalın işlək olmadığını demişdir. Bu zaman isə o, onlara kartdan pul çıxarmalarını desə də, müştərilər terminalın uzaqda olduğunu söyləmişlər. Bu səbəbdən də, onlar həmin yerə getməmək üçün pulları onun istifadəsində olan 418980****6996, 526163**6780, 418980**1502, 482095***4979 saylı kartlara pul vurmuşlar. Həmin kartlardan biri dostu Elgünə məxsus olmuşdur. Həmin kartlara pul vurduqdan sonra onları bankda xəstəxananın hesabına keçirmişdir. Bundan sonra isə o, cashbackların müəyyən hissəsini götürmüşdür. Ümumilikdə cəmi o, həmin ərəfələrdə 2500 manata yaxın pulun cashback vasitəsi ilə özünə götürmüşdür. Qalan pullardan isə məlumatı yoxdur. Hospitalın göstərdiyi 10000 manat pulu isə götürməmişdir.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2024-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində «xəzinədar» vəzifəsində çalışmış və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
21. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
22. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
23. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
24. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
25. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
26. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
27. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
28. Qeyd edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əksini tapmışdır.
29. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
32. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
33. Eyni Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
34. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
35. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.
36. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hə hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, iddiaçının əməli özü tərəfindən verilmiş izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndində göstərilən halların olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə də öz təsdiqini tapmışdır.
37. Göstərilənlərə əsasən, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
39. Bundan əlavə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
40. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
44. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
46. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
47. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
48. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
49. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
50. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
51. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
52. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir.
53. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, qeyri-rəsmi şəkildə verilməli olan aylıq 500 manat əlavə əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanaraq verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
54. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10.000 manat tutulması hissəsi üzrə qeyd edir ki, tələb digər ilkin tələblərlə (əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı və s. tələbi) bağlı olduğundan və onun hüquqi nəticəsini daşımalı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz.
55. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
56. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
57. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və əmək hüquqlarının bərpası tələbi”nə dair iddiası təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və əmək hüquqlarının bərpası tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva