Məhkəmə qərarları › İş №e-2(060)-6171/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6171/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6171/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: aliment tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, X2, iddiaçı İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə iddiaçı İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının Cavabdeh qarşı aliment tələbinə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 500 manat, cəmi 2000 manat alimentin alınaraq iddiaçı ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində cavabdeh şəxs – Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları (4 övladı) dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra münasibətləri nisbətən yaxşı olsa da son bir neçə ildir ki, Cavabdeh ilə aralarında mübahisələr və anlaşılmazlıqlar yaranmağa başlamışdır. Belə ki, cavabdeh Sumqayıt ŞPİ-də Yol polisi işləyir. Cavabdeh bir neçə ildir ki, qazancını evə gətirmir, o, hər gün işdən sonra spirtli içki qəbul edir, müxtəlif xanımlarla görüşür, bütün qazancını onlara xərcləyir, ailəsinə, uşaqlarına demək olar ki, maddi yardım eləmir. Eyni zamanda cavabdeh bütün ailə dəyərlərinə, ailəsinə hörmət eləmir, onun davranışları uşaqların gələcək inkişafına çox pis təsir edir, tərəflərin münasibətləri dözülməz vəziyyətə gəlib çatmışdır. Cavabdeh evdə olduğu müddətdə bütün günü iddiaçının və uşaqların yanında başqa qadınlarla telefonla danışır, hətta həmin qadınları iddiaçının və uşaqların evdə olduğu müddətdə belə evə gətirir. Bir müddət əvvəl cavabdeh qeyri-rəsmi yaşadığı Ayna adlı qadınla iddiaçı və uşaqlar evdə olan vaxt birgə yaşadığı evdə olduğu vaxt, cavabdehin digər qeyri-rəsmi münasibətdə olduğu Təranə adlı qadın evə gəlmiş, evdə Ayna ilə Təranə dalaşmışlar və iddiaçı ilə uşaqlar bu davanın ortasında qalmışlar. Göründüyü kimi Cavabdeh hərəkətləri dözülməzdir, iyrəncdir, milli ailə dəyərlərinə daban-dabana ziddir. İddiaçının maddi vəziyyəti çətindir və cavabdeh ata kimi uşaqlarını saxlamağa borcludur. İddiaçının maddi vəziyyəti çətin olduğundan və işləmədiyindən uşaqları lazımı qaydada böyüdə bilmir. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası DİN Sumqayıt Şəhər Polis İdarəsində Yol Patrul Xidmətində polis nəfəri vəzifəsində işləyir, bundan əlavə onun aylıq digər gəlirləri, yəni hər cərimədən gələn faiz və sair gəlirləri var, ayda təxminən 4000-5000 manat qazancı olur. Göründüyü kimi cavabdeh qazancını bədxərcliklə xərcləyir, evə gətirib çıxarmır, iddiaçıya və uşaqlara maddi köməklik etmir, uşaqların saxlanması və dolanması üçün zəruri vəsait ayırmır. Evə demək olar ki, pul vermir. Bu səbəbdən hesab edir ki, cavabdehin qazancından sabit pul məbləğində aliment tutulsa uşaqların (ailənin) dolanışığı normallaşar.

b) iddiaya etiraz

3. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, 4 övladının saxlanılması məqsədilə ondan hər uşağa ayda 500 manat olmaqla, ümumilikdə 2000 manat aliment tələb etmişdir. Belə ki, o, DİNnin Sumqayıt ŞPİ-nin DYP şöbəsində inspektor, polis baş serjantı olaraq fəaliyyət göstərir və buna görə dövlətdən ayda 1143 manat olmaqla maaş alır. Bununla əlaqədar olaraq iş yerindən arayış almaq istiyəndə ona bildirilmişdir ki, həmin arayış yalnız məhkəmənin sorğusu əsasında hakimə təqdim oluna bilər. Onu da qeyd edir ki, iddiaçının ondan bu qədər aliment tələb etməsi tamamailə qanunsuz və əsassızdır. Belə ki, AR Ailə Məcəlləsinin 76-cı maddəsinin müvafiq bəndində belə göstərilmişdir ki, 3 və daha övlada gəlirlərin 50 faizi mislində aliment tutula bilər. Amma buna baxmayaraq tərəf ondan maaşından 2 dəfə artıq aliment tələb etməsi tamamilə əsassızdır. O, bir valideyn olaraq övladlarına, həyat yoldaşına çox yaxşı ata, ər olub. Lakin iddiaçının iddia ərizəsində onu içki düşkünü kimi qələmə verməsi, pis ata kimi qələmə verməsi yalnız şər-böhtandır. O, neçə illərdir ki, dövlətinə xidmət edən nümunəvi polis əməkdaşıdır. Əgər içki düşkünü olsaydı dövləti necə ona xidməti avtomobili idarə etməyi etibar edə bilərdi?! Bu şərböhtanlarla bağlı məhkəməyə vermək qarşı tərəfin cəzalandırılmasını tələb etmək onun prosessual hüququdur. Amma ailəsidir deyə susur. Çünki onlar heç bir zaman bir-birilərinə pis olmamışlar. Lakin iddiaçının belə etməsi bir ailə başçısı olaraq hələ də ona qaranlıq qalmışdır. İşə baxarkən yuxarıda qeyd etdiyi halları nəzərə alaraq məhkəmə prosesini iştirakı olmadan keçirməyi və alimentin isə maaşının 50 faizi mislində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixli etirazında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. AZ-İ seriyalı, 611019 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızı və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 1494 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

7. AZ-İİ seriyalı, 834128 nömrəli, AZ-İİİ seriyalı, 557673 nömrəli, AZ-İİİ seriyalı, 777254 nömrəli və AZ-İV seriyalı, 259348 nömrəli, doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və kargüzarlıq xidməti üçün 10 manat İddiaçı tərəfindən ödənilmişdir.

b) tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

12 “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: “8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”

13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

c) məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

18. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında nikah məhkəmə qaydasında hazırda pozulmamışdır. İddiaçı cavabdehin uşaqların maddi cəhətdən saxlanılması üçün ona könüllü yardım etməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə iddia tələbinin qismən təmin edilməli olduğu qənaətinə gəlir.

20. Belə ki, tələblə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah pozulmasa da, cavabdeh uşaqların tələbatını ödəmir və hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

21. Uşaqlara görə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla cavabdehin rəsmi iş yerinin olduğu müəyyən edilmir. İddiaçı cavabdehin gəlirinin 4000-5000 manat, cavabdeh isə əmək haqqının 1143 manat olduğu göstərmişdir. Lakin bu hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, hər uşaq üçün hər ay 220 manat məbləğdə alimentin tutulması uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

23. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməlidir.

25. Məhkəmə cavabdehin etirazında qeyd etdiklərinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən alimentin sabit pul məbləğində və ya qazancın (başqa gəlirlərin) müəyyən hissəsi miqdarında tutulmasını tələb etmək iddiaçının müstəsna hüququdur. Hazırda iddiaçının tələbi alimentin sabit pul məbləğində müəyyən edilməsi yönündə olduğundan cavabdehin etirazı əsassızdır.

26. Beləliklə, işin faktiki və hüquqi əsasları baxımdan qiymətləndirmə aparan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

Nəticə hissəsi:

27. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İsmayılova (Əbdürəhmanova) Ülkər Telman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar