Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6452/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1035,39 manat məbləğində sığorta ödənişinin, 30,35 manat məbləğində dövlət rüsumunun və 0,4 qəpik məbləğində xidmət haqqının tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 məxsus olan “Hyundai Sonata” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən "xxxx"ASC-də (bundan sonra “ASC”) əmlak sığortası qaydasında sığortalanmış X1 idarəetdiyi “Ford Connect” markalı, H 025 541 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası DİN BDYP-nin tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün ASC tərəfindən zərər məbləğindən 100 manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 2520 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişi məbləğindən 1484,61 manat məbləğində pul Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən mütənasiblik qaydasında ASC yə ödənilmiş 1484,61 manat çıxılmaqla ASC vurulmuş zərərin aradan qaldırılması üçün ödədiyi məbləğin qalıq hissəsini, 1035,39 manat məbləğində pulu cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6452/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. xx.xx.2021-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Ford Connect” markalı, H025 541 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. “Hyundai Sonata” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən mülki məsuliyyətin icbari sığortası qaydasında sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Connect” markalı, H025541 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti ilə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Hyundai Sonata” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi iləinzibati məsuliyyətə cəlb edilmişdir. “Hyundai Sonata” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Ford Connect” markalı, H025541 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2620 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 2520 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surəti ilə müəyyən olunur ki, 1484,61 manat məbləğində pul Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən mütənasiblik qaydasında ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 2620 manat məbləğində pulun 1035,39 manat məbləğində olan hissəsinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. İş materialına “Ford Connect” markalı, H025541 dövlət qeydiyyat nişanlı avtomobilin foto-şəkili əlavə edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi X1 idarəetdiyi “Ford Connect” markalı, H 025 541 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən əömlak sığortası növündə sığortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən sığortalanmış “Ford Connect” markalı, H025541 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 təqsiri ucbatından sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Ford Connect” markalı, H025541 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişinin 1484,61 manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hazırda qalan sığorta ödənişinin cavabdehlərdən tutulmasını xahiş edir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Məhkəmə hesab edir ki, cavabdehlərin biri sığorta hadisəsinə uğramış avtomobilin mülkiyyətçisi, digəri isə hadisə baş verən anda sürücüsü olmaqla sığorta hadisəsi ilə bağlı məsuliyyət daşımalı olan şəxslərdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişlər. Bu səbəbdən iddia təmin edilməli və 1035,39 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30,75 manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1035 (min otuz beş) manat 39 (otuz doqquz) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 75 (yetmiş beş) qəpk dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6452/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6452/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver