Məhkəmə qərarları › İş №e-2(060)-6600/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6600/2022

10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6600/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin, uşağın mövcud xəstəliyi üçün 100 manat maddi yardımın və mediasiya rüsumu olan 50 manatdan 25 manat rüsumun cavabdehdən tutulub iddiaçıya ödənilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Qubadlı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan münasibətlər pisləşdiyindən cavabdeh hazırda uşağın inkişafı ilə maraqlanmır, ehtiyaclarını qarşılamaq üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına böyütmək isə iddiaçıya isə çətinliklər törədir. Belə ki, iddiaçı uşağın xəstləiyi ilə əlaqədar heç yerdə işləmir. xx.xx.2009-cu il təvəllüdlü X3 isə hazırda atopik dermatit xəstəliyindən əziyyət çəkir. İddiaçı aliment tələbinə dair ərizə ilə Mediasiya Şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışı əsasında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında nikah pozulmayıb. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. Uşaq iddiaçının yanındadır. Uşağın xəstəliyi allergik xəstəlikdir. Bununla əlaqədar o, mütəmadi olaraq müalicə alır. Qeyd olunanlar əsasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə 2 aydır ki ayrı yaşayırlar. Uşağın mütəmadi olaraq müalicəyə ehtiyacı yoxdur. Belə ki, uşaqda allergiya var və mövsümi olaraq bu özünü göstərir. Belə hallarda uşağın dərisində qıcıqlanmalar və səpgilər yaranır. Həmin səpgilərə xüsusi müalicəvi krem vurulur və bunlar keçib gedir. Həmin krem isə bahalı bir şey deyil. Uşağın mütəmadi həkim nəzarətinə, müayinə və mülaicələrə ehtiyacı yoxdur. İddiaçının tələb etdiyi 200 manat alimenti ödəməyə etiraz etmir. Qeytd edilənlərə əsasən cavabdeh iddianın müalicə xərcinin tutulması hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1972-ci ildə anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətinə əsasən tərəflər xx.xx.2009-cu ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Əzizəliyeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X3 xx.xx.2009-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” X2 xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən 6 nömrəli ASM-də qeydiyyata götürülüb. Müvafiq müayinələr olub. Şikayətləri ilə bağlı allerqoloqun müayinəsinə göndərilib uşağa “Atopik dermatit” ( L 20.9) diaqnozu qoyulub. Həmin vaxtdan dispanser qeydiyyatındadır. xx.xx.2022-ci il tarixdə yenidən allerqoloqun müayinəsindən keçib və müvafiq müalicə alır. İş materiallarına X1 tibbi yoxlamalarının nəticələri əlavə edilmişdir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən hər ay 200 manat alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə həmin məbləğdə alimenti ödəməyə etiraz etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia uşağın saxlanması üçün tələb olunan alimentin tutulması hissəsində təmin edilməlidir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. İddiaçı cavabdehdən uşağın müalicəsinə çəkilməli olan xərclərlə bağlı hər ay 100 manat maddi yardımın tutulmasını xahiş etmişdir. Öz tələbinin əsası kimi 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinin arayışına əsaslanmışdır. Həmin arayışda isə yalnız uşağa qoyulmuş diaqnoz və onun 21.01 və xx.xx.2022-ci il tarixlərində allerqoloqun müayinəsindən keçdiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında uşaqda allergik xəstəlik olduğunu və mövsümi olaraq özünü göstərdiyini bildirmişlər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarında olan uşağın daimi həkim müayinəsinə və mülaicəyə ehtiyacının olması və bunun üçün mütəmadi xərclərin meydana çıxması iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən iddia mülaicə xərcinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. İddiaçı eyni zamanda mediasiya xərcinin yarısının ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar