Məhkəmə qərarları › İş №e-2(060)-6607/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6607/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6607/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək azaldılmasına və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında ümumilikdə 280 manat alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 13 yanvar 2014-cü il tarixdə Sumqayıt «Asan Xidmət» mərkəzi qeydiyyat şöbəsində rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan iki övladı, xx.xx.2014-cü il tarixdə X2 oğlu və xx.xx.2018-ci il tarixdə X3 oğlu doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 2570/2021 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7145/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 oğlunun və xx.xx.2018ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsinə qət edilmişdir. Hal-hazırda maddi vəziyyəti Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğini ödəməyə kifayət etmir. Ağır astiqmatizm xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün kifayət qədər çox vəsait sərf edir. Tək aylıq dərmanlarına sərf etdiyi pul vəsaiti 400 manatı keçir. Həmçinin yenidən ailə qurmuş, 2024-cü ilin ortalarından sağlamlığındakı vəziyyət pisləşdiyindən işləyə bilmir və həmin ilin oktyabr ayından bəri əlil olduğu üçün özünə uyğun işdə tapa bilmir. Evli olmağı, xəstəliyi və digər hallara görə məsrəfləri yetərincə artmışdır. Ailəsinin bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Bütün gəliri isə sadəcə əlil olduğu üçün ona verilən pensiyadan ibarətdir. 2-ci Qarabağ Müharibəsi zamanı travma aldığından müharibə veteranıdır və əlilliyinə səbəb budur. Bunlarla yanaşı, indiyə qədər təyin edilmiş aliment məbləğini çətin olsa da, ödəmişdir. Ancaq son zamanlarda aldığı pensiyasının demək olar ki hamısı tutulur. Hətta pensiya məbləği ona çatmadan hesabı mənfiyə salınır. Bu hallar onun sağlamlığına və yenidən qurduğu ailəni təsərrüfat etdirməyinə maneə törədir. Maddi yoxsulluq çəkməyi müalicəsinin pozulmasına, dərmanlarını vaxtlı-vaxtında ala bilməməyinə səbəb olur. Ailəsinin güzaranının qənaət-bəxş olmaması isə onu təmiz özümdən çıxarır. Bəzən özünü itirir və canına qəsd etmək həddinə çatır. Cavabdeh qeyd etdiklərini bilə-bilə uşaqlarını da ona göstərmir, hətta onlarla telefonla belə danışmağına maneələr törədir. Bütün bunlara yanaşı atası Sumqayıt şəhərində yerləşən evini, Qax rayonunda olan fındıq bağ sahəsini uşaqlarının saxlanması üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh illik olaraq da, oradan kifayət qədər gəlir əldə edir. Bütün bunlar əsas verir ki, hal-hazırda müəyyən edilmiş hər uşaq üçün 220 manat aliment məbləği dəyişdirilərək azaldılsın. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X2 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında ümumilikdə 280 manat tutularaq cavabdehə ödənilməlidir.

Tərəflərin mövqeləri:

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhətindəki pisləşmənin hansı tarixdə düzələcəyi müəyyən olmadığından məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ciddi maliyyə problemləri ilə üz-üzə olmağını nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2021-ci ildə nikah pozulmuşdur. 2023-cü ildə alimentin təyin olunması üçün müraciət etmişdir. İddiaçının qazancı olmamış, 2025-ci ildən aliment tutulmağa başlanmışdır. 220 manat aliment uşaqların saxlanması üçün kifayət etmir. Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçının başqa nikaha daxil olub-olmaması barədə məlumatı yoxdur.

Tədqiq olunan sübutlar:

5. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Sumqayıt şəhərində qeydiyyatda olmaqla, Goranboy şəhəri, N.Bayramov küçəsində (Əlillərin binası) müvəqqəti qeydiyyatsız yaşayır.

6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə posttravmativ baş ağrısı diaqnozu ilə Goranboy RMX-nın poliklinikasının nevroloji kabinetində həkim müayinəsindən keçmişdir.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. “Uşaq Hüquqları haqqında” Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

16. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 140 manata qədər azaldılmasını məhkəmədən xahiş edir.

17. İddiaçı cavabdehə qarşı olan “alimentin miqdarının azaldılması” tələbini maddi imkanının aşağı olması, əlilliyi ilə əlaqədar alimenti ödəməyə çətinlik çəkməsi ilə əsaslandırmışdır.

18. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

19. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

21. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür.

22. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

23. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.

24. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı aliment məbləğinin azaldılması tələbini əsaslandırarkən maddi vəziyyətinin dəyişməsinə istinad etmiş, həmçinin, başqa nikaha girdiyini və cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu qeyd edərək, təyin olunmuş alimentin məbləğinin 140 manata qədər azaldılmasını xahiş etsə də, tələbini Ailə Məcəlləsinin 112-ci maddəsinin normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını sübut edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən azad etmə yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində mühüm dəyişiklik baş verdiyi sübuta yetirildiyi halda mümkündür.

26. Məhkəmə iddiaçının başqa nikahda olmasına münasibətdə qeyd edir ki, iddiaçının həmin nikahdan övladı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu hal iddiaçının ailə vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə iddiaçının əlil olmasına münasibətdə isə qeyd edir ki, İddiaçı e-2(060)- 7145/2023 saylı mülki işin gedişatı zamanı da alimentin təyin edilməsi ilə bağlı hazırki iş üzrə istinad etdiyi hallara əsaslanmışdır. Həmin iş üzrə iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçının istinad edib əsaslandığı xəstəliyi əvvəllər mövcud olmuş, yeni hal deyil və e-2(060)-7145/2023 saylı qətnamə qəbul edilən zaman bu hal mövcud olmuşdur. Göründüyü kimi, 2023-cü ilin dekabr ayında artıq məhkəmə alimentin ödənilməsi ilə bağlı öz mövqeyini bildirərkən hazırki iş üzrə istinad olunmuş hallara öz mövqeyini bildirmişdir. Keçən aylar ərzində alimentin azaldılmasına səbəb ola biləcək yeni hal yaranmamışdır. Təqdim edilmiş sübutlar aliment barədə qətnamə qəbul edilərkən artıq mövcud olmuş və nəzərə alınmışdır.

28. Bundan başqa iddiaçının elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından onun ümumilikdə 1070 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar