Məhkəmə qərarları › İş №e-2(060)-6682/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6682/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6682/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin və uşağın üç yaşı tamam olanadək 100 manat maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. O, heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh isə Ziraat Bankda elektrik işləyir, yaxşı qazanc əldə edir. Onun aylıq maaşı 800-900 manat təşkil edir. Lakin uşağın saxlanılmasına köməklik göstərmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, uşağa qulluq edilməsi ilə bağlı olaraq işləmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 1 saylı Sumqayıt regional Asan xidmət mərkəzi qeydiyat şöbəsində xx.xx.2014-cü il tarixdə 1761 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Baxşəliyeva soyadı verilmişdir. AZ-İV seriyalı, 579541 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2022-ci il tarixli №MŞB/5-03048 X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş üzrə toplanmış sənədlərdən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “elektrik” işləyir və əmək haqqı 841,14 manat təşkil edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Məhkəmə cavabdehin 841,14 manat əmək haqqı almaqla yüksək gəlirə malik olmasını nəzərə alaraq hesab edir ki, 29 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə uşağın azyaşlı olmaqla qulluğa ehtiyacının olmasını və bu səbəbdən iddiaçının işləməməsini, cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı halları nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan məbləğ hesab edir. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 84-cü maddəsi bu Məcəllənin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan uşağın doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfdən aliment tutulması həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 29 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat və uşağın 3 yaşınadək ananın saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar