Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6685/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan iki uşaq doğulmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, iddiaçıdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq miqdarda aliment (cəmi 280 man.) tutulmuşdur. Övladları böyüdükcə təlabatları günü-gündən çoxalır və o cümlədən qayğıları da artmaqda davam edir. Tək qadın olaraq bütün bunların öhdəsindən gəlmək iqtidarında deyildir. Hazırda “X7” MMC-də dalandar vəzifəsində işləyir və aylıq əmək haqqı 326 manat təşkil edir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği uşaqların artan qayğılarını qarşılamağa bəs etmədiyindən və eyni zamanda cavabdeh, yəni uşaqların atası Cavabdeh könüllü olaraq övladlarına əlavə olaraq maddi yardım göstərmədiyindən, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, ailəsinə kömək etdiyini, övladlarının saxlanılması üçün yetəri qədər yardım etdiyini, hazırda işlədiyini, əmək haqqının məbləğinin 559 manat olsa da, tutulmalar olduqdan sonra 445 manat aldığını, iddia təmin edilərsə özünün dolana bilməyəcəyini, həmçinin əmək haqqından əlavə gəlirinin olmadığını bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında qalması və xx.xx.2021-ci il tarixdən etibarən yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2021-ci ildə xitam verilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 68 nömrəsi ilə qeyd edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası “Şimal” Vəkil bürosuna ünvanlanmış məktubundan görünür ki, Cavabdeh hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Mərkəzləşidirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyir. Onun orta aylıq əmək haqqı 599 manatdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh “X7” MMC-də işləyir (sosial işçi, ictimai işlər), aylıq əmək haqqı 345 manat təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki uşaq doğulmuşdur. Məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün hər ay cəmi 280 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Tərəflər işləyir, iddiaçının aylıq əmək haqqısı 345 manat, cavabdehin aylıq əmək haqqısı isə 599 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, diqqətəlayiq maraqlarını nəzərə alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2484/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-6685/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6685/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver