Məhkəmə qərarları › İş №e-2(060)-6746/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6746/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6746/2022 29.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaq ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. Cavabdeh nikah pozulduqdan sonra məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğini gecikmələr ilə ödəyir. X3 səhhətində problemlər mövcuddur. O, qızının müalicəsini xarici ölkədə həyata keçirmək istəyir. Eyni zamanda onun ailə üzvlərindən xarici ölkədə yaşayanlar var və o, bəzən öz ailə üzvləri ilə görüşmək üçün xarici ölkəyə gedib-gəlməli olur. Xaricə getdiyi müddətdə cavabdehlə birgə nikahdan doğulmuş uşağı - 26 avqust 2017-ci il təvəllüdlü X1 da onunla birlikdə xaricə gedib gəlməsi zərurəti yaranır. Belə ki, o, xaricdə olarkən uşağının da onunla gəlməsi uşağın mənafeyi baxımından əhəmiyyətlidir. Belə ki, bu zaman qızı ana qayğısından məhrum olunmadan onun nəzarətində qala bilər, eyni zamanda xarici ölkədə olmaq uşağın sağlamlığının bərpa olunması ilə yanaşı asudə vaxtlarının səmərəli təşkil olunması və onun dünyagörüşünün formalaşmasına da yaxşı təsir edə bilər. Uşağın ölkədən getməsinə yetkinlik yaşına çatmadığı üçün hər iki valideynin də razılığı tələb olunur. Cavabdeh özü tez-tez xarici ölkəyə gedib-gəlir. Azərbaycan Respublikasında olduğu müddətdə isə uşağı ilə bir gün də olsa, zaman keçirməməyinə, ünsiyyətdə olmaq istəməməyinə, eləcə də heç bir valideynlik vəzifəsini yerinə yetirməməyinə baxmayaraq uşağın xaricə aparılması məsələsində öz valideynlik hüquqlarından sui-istifadə edərək notariat qaydada razılıq vermir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Quba Rayon Məhkəməsinin 2(027)-815/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Yeva Avşalumovanın iddiaçının yanında saxlanılması və cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X2 adlı övladları vardır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 55 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV bəndlərinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin İ bəndindən görünür ki, hər kəsin istirahət hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinin İ bəndindən görünür ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»sının 9-cu maddəsinin İ bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilmişdir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilibedilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7.18-ci bəndində qeyd olunmuşdur ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Həmin qərarın 7.19-cu bəndində qeyd olunmuşdur ki, bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 mübahisəsiz qaydada iddiaçının himayəsində olduğundan və bu halın uşağın mənafeyinə uyğunluğu prezumpsiyası yaratdığından iddiaçı ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, bunun əksi məhkəmə araşdırılması zamanı sübut edilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin razılığı olmadan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ölkədən getməsi mümkündür və bu cavabdehin hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar