Məhkəmə qərarları › İş №e-2(060)-6790/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6790/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6790/2025 28.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 928/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1322/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən qəbul edilərək, 11 iyul 2008-ci il təvəllüdlü X2 və 01 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1322/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması barədə iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 4047/2018 saylı qətnaməsi ilə təmin edilərək 11 iyul 2008-ci il təvəllüdlü X2 və 01 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment və 01 yanvar 2011-ci il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərc kimi 100 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4047/2018 saylı qətnaməsi ilə borclu İddiaçı 11 iyul 2008-ci il təvəllüdlü X3 və 01 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin hər ay üçün Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 8(060)-928/2025 saylı qəradadı ilə Cavabdeh ərizəsi təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-928/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiyası qəbul olunmuşdur. Müəyyən edilmiş bu aliment məbləği ədalətsiz dərəcədə yüksəkdir və cavabdehin hazırki maddi həyat şəraitinə uyğun gəlmir. Hal-hazırda iddiaçı işləmir, rəsmi iş yeri və gəliri yoxdur, dövlət orqanında işsiz kimi qeydiyyatdadır. Üstəlik iddiaçı yaxın zamanda ürəyindən əməliyyat keçirmiş, əmək qabiliyyəti yox deyəcək qədərdir. Səhhətində problemlər var və ağır məişət şəraitində yaşayır. Belə bir vəziyyətdə aylıq 944 manat kimi yüksək aliment öhdəliyini yerinə yetirmək imkanlarını aşır və onun üçün qeyri-mümkün bir maliyyə yükü təşkil edir. Qeyd olunanlardan aydın görünür ki, İddiaçı sabit pul məbləğində 944 manat alimentin ödənilməsi imkanı yoxdur və hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 hər birinin 18 yaşına çatana qədər saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləği azaldılmalıdır. Qanunvericiliyin tələbi üzrə alimentin azaldılması üçün Mediassiya təşkilatına müraciət edilmişdir. Proses xx.xx.2025-ci il tarixdə keçirilmişdir və Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, müəyyən edilmiş aliment məbləği ədalətsiz dərəcədə yüksəkdir və cavabdehin hazırki maddi həyat şəraitinə uyğun gəlmir. Hal-hazırda iddiaçı işləmir, rəsmi iş yeri və gəliri yoxdur, işsiz kimi qeydiyyatdadır. Həmçinin iddiaçı yaxın zamanda ürəyindən əməliyyat keçirmiş, əmək qabiliyyəti aşağı səviyyədədir. Səhhətində problemlər var və ağır məişət şəraitində yaşayır. Belə bir vəziyyətdə aylıq 944 manat kimi yüksək aliment öhdəliyini yerinə yetirmək imlanlarını aşır və onun üçün qeyri-mümkün maliyyə yükü təşkil edir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, indeksasiya olunmuş aliment məbləği təxminən 900 manat təşkil edir. Hər uşağa görə 246 manat məbləğində aliment ödənilməsinə razı deyildir. İndeksasiya olunmuş aliment ödənilməsini istəyir.

Tədqiq olunan sübutlar:

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-928/2025 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informosiya sistemində mövcud olan iş yeri haqqında arayışdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil.

7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebleyində X5 Bakı Regional Məşğulluq Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fərdi məşğulluq proqramı tərəflərindən təsdiq edilmiş və İddiaçı xx.xx.2025-ci il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilməsi nəzərdə tutulmuşdur.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq Hüquqları haqqında” Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1322/2014 saylı iş üzrə çıxartdığı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 11 iyul 2008-ci il təvəllüdlü X1 və 01 yanvar 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment və 01 yanvar 2011-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərc kimi 100 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

17. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-928/2025 saylı qərardadı ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

18. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 246 manata qədər azaldılmasını məhkəmədən xahiş edir.

19. İddiaçı cavabdehə qarşı olan “alimentin miqdarının azaldılması” tələbini maddi imkanının aşağı olması, alimenti ödəməyə çətinlik çəkməsi ilə əsaslandırmışdır.

20. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

21. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

23. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür.

24. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

25. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.

26. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.

27. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə İddiaçı gəlirlərinin müəyyən edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 928/2025 saylı qərardadı ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,18 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 472 manat olmaqla, iki uşaq üçün 944 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan maddi vəziyyətinin hazırda mövcud olmamasını onun maddi vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir.

28. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, uşaqların üstün mənafeyi nəzərə alınmaqla alimentin məbləği hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə artırılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 928/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(060)-4047/2018 saylı qətnaməsi ilə artırılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 928/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar