Məhkəmə qərarları › İş №e-2(060)-6935/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6935/2025

28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6935/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı Əliyeva (Yarıyeva) Günel Çingiz qızının Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iş üzrə (açar sözlər: aliment və maddi yardım) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı Əliyeva (Yarıyeva) Günel Çingiz qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə iddiaçı Əliyeva (Yarıyeva) Günel Çingiz qızının Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin, 27 aprel 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardımın və mediasiya xərcinin əvəzi olaraq 50 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 iyul 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 27 sentyabr 2022-ci il təvəllüdlü X3 və 27 aprel 2024-cü təvəllüdlü X4 adlı 2 övladı anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrı yaşayaraq birgə təsərrüfat idarə etmirlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, hal-hazırda valideynləri ilə birlikdə yaşayır, uşaqların maddi ehiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşaqları ilə maraqlanmır, uşaqların maddi və mənəvi təlabatlarının yerinə yetirilməsində iştirak etmir. Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 246 manat müəyyən edilməlidir. Belə ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

b) iddia tələbinə qarşı etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Yarıyeva) Günel Çingiz qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onlar birlikdə yaşayırlar. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tələb edilən alimenti və maddi yardımı ödəməyə gücü çatmır. Belə ki, 600 manat ipoteka ödəyir. İddiaçı ilə münasibətləri normaldır. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. AZ-İİ seriyalı, 454023 nömrəli nikah haqqında şəhadətnaməin surətindən görünür ki, Əliyeva (Yarıyeva) Günel Çingiz qızı və Cavabdeh arasında bağlanmış nikah 25 iyul 2021-ci il tarixdə Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 1744 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

7. AZ-İV seriyalı, 807496 nömrəli və AZ-V seriyalı, 002454 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 27 sentyabr 2022-ci il təvəllüdlü X3 və 27 aprel 2024-cü təvəllüdlü X4 doğulmuşdur.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və kargüzarlıq xidməti üçün 10 manat İddiaçı tərəfindən ödənilmişdir.

b) tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: “8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”

13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

c) məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

18. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər 25 iyul 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından 27 sentyabr 2022-ci il təvəllüdlü X3 və 27 aprel 2024-cü təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı cavabdehin uşağın maddi cəhətdən saxlanılması üçün ona könüllü yardım etməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.

20. Belə ki, tələblə bağlı məhkəmə qeyd edir ki, cavabdeh uşaqların tələbatını ödəmir və hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

21. Uşaqlara görə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq bu qənaətə gəlir ki, hər ay hər uşağa görə 220 manat məbləğdə alimentin tutulması uşağın əvvəlki təminat səviyyəsinə uyğundur.

23. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməlidir.

25. Bununla yanaşı, iddiaçı 27 aprel 2024-cü təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğdə pul tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

26. Belə ki, arvad ümumi uşaqlarının doğulmasından sonra 3 il ərzində özünə görə maddi yardım tələb edə bilər və bu zaman qarşı tərəfin buna zəruri vəsaitinin olubolmaması nəzərə alınmalı, ağlabatanlıq meyarı əsas götürülməlidir. Odur ki, bu tələblə bağlı alimentin məbləği hər ay 50 manat müəyyən edilməlidir.

27. Həmçinin, tələb etməsi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

28. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq 27 sentyabr 2022-ci il təvəllüdlü X3 və 27 aprel 2024-cü təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh Əliyeva (Yarıyeva) Günel Çingiz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment, 27 aprel 2024cü təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğdə pul tutulmalı, qətnamə alimentə aid hissədə dərhal icra olunmalıdır.

Nəticə hissəsi:

29. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbə tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 27 sentyabr 2022-ci il təvəllüdlü X3 və 27 aprel 2024-cü təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Əliyeva (Yarıyeva) Günel Çingiz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq 27 aprel 2024-cü təvəllüdlü X2 3 yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək Cavabdeh hər ay 50 manat məbləğində aliment (maddi yardım) tutularaq Əliyeva (Yarıyeva) Günel Çingiz qızına ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. 50 manat mediasiya xərci Cavabdeh Əliyeva (Yarıyeva) Günel Çingiz qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar