Məhkəmə qərarları › İş №e-2(060)-7145/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7145/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7145/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 yanvar 2014-cü il tarixdə Sumqayıt «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikahı qeyd etdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahdan iki övladları, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2570/2021 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Hazırda uşaqlar iddiaçının himayəsində yaşayır. İddiaçı uşaqlarına təkbaşına baxır. Uşaqlarına baxmaqda çətinlik çəkir. Uşaqların baxıb böyüdülməsində hazırda borclunun heç bir köməyi yoxdur. Uşaqların böyüdülməsində borclunun da iştirakı vacibdir. Buna görə də aliment tələb etmək fikrindədir. Göstərilənlərə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X1 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, veterandır və hazırda müalicə alır. Rəsmi iş yeri yoxdur. Alimenti ödəməkdən yayınmır, lakin hazırda həmin məbləği ödəmək iqtidarında deyildir. Həmçinin bildirir ki, pensiya təyin edilən zaman əldə edəcəyi məbləği iddiaçıya verəcəkdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 484590 saylı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 dekabr 2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 143963 saylı, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 iyun 2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2570/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddi tələbi təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 13 yanvar 2014-cü ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 56 nömə ilə qeyd olunmuş nikahın pozulması, nikah pozulandan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anaları- İddiaçı himayəsində saxlanılmaları, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02150 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğndə mediasiya xərci ödəmişdir.

10. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Cavabdeh partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizod, davamlı postkommsion sindrom, kobud davranış pozuntusu ilə çoxsaylı özünü kəsmələrlə təzahür edən nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı negativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020). Hər iki əlin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapları” xəstəlikləri mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaqlar ananın himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

16. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

17. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

18. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

19. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

20. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 31 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar