Məhkəmə qərarları › İş №e-2(060)-785/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-785/2024

03.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-785/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 və digər nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 Məhəmmdəli qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin ödənilməsi və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən onun xeyrinə vergilər və diqər tutulmalar hesablanıb üstünə gəlməklə cavabdeh tərəfindən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi xx.xx.2023-cü il tarixdə toplam ödənilmiş 3656,26 manatın gecikdirilməsinə görə birlikdə 16606 manatın, razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı bir faizi məbləğində ödəniləsi günə gədər hesablanmış ödəncin, mediasiya xidmətlərinə görə ödənilmiş 50 manatın, ödənilmiş dövlət rüsumu 190 manatın, həmçinin onu məcburi əməyə cəlb edilməyinə görə 5000 avro və əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə 3000 avro mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonda Cavabdeh1 MMC-dən cavabdeh “X7” MMC (hazırkı Cavabdeh1 MMC) ilə onun arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin, MMC-nin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, ona töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrin etibarsız və qanunsuz hesab edilməsi; MMC-dən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin; hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məziniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin; istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i 12 məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin; gec ödənilmiş və arayışda əasən ödəniləsi pul məbləginin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin; razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin; ona ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə mənə həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin; texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğu üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 1000 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 41000 (qırx bir min) manat pul məbləğinin; arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin; təhlükəsiz və sağlam əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin; ədalətli əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin; məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin; əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququma qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin; ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində ona münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuna zərər vurulmasına görə 5000 manat pul məbləğinin; hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin; mediasiya xidmətlərinə görə tərəfindən ödənilmiş 50 manat pul məbləğinin; dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 Məhəmmdəli qızı məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, məhkəmənin icraatında olan e-2(060)-785/2024 nömrəli iş üzrə iddiaçı - İddiaçı cavabdehlər- Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı "əmək haqqının gecödənilməsinə görə əlavə faizlərin ödənilməsi və verilmiş töhmətə görə mənəvi zərərin ödənilməsi" üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında e-2(060)-785/2024 nömrəli iş materiallarından da göründüyü kimi, iddiaçı - İddiaçı cavabdehlər-Cavabdeh1nə, həmin müəssisədə əvvəllər direktor olmuş Cavabdeh2 və Cavabdeh3 qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edib. Lakin iş üzrə məhkəməyə təqdim edilən materiallarının araşdırılması və tədqiqi zamanı belə məlum oldu ki, əslində sözügedən iddia ərizəsi ümumiyyətlə icraata qəbul edilməli deyildi. İş artıq icraata qəbul olunmuş olsa belə, hazırkı mərhələdə baxılmamış saxlanılmalıdır. Çünki iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş mediasiya əsasında həll edilməsi qaydasına riayət edilməyib. Daha doğrusu, iddiaçı tərəf guya bu əsas prosedura formal olaraq riayət etdiyini göstərməklə, faktiki olaraq işin məhkəmənin icraatına qəbul edilməsinə nail olub. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələblərinə əsasən, ailə və ƏMƏK münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məlum olduğu kimi, 24 iyul 2021-ci ildən bu yana Azərbaycan Respublikası ərazisində əmək mübahisələrinin məhkəməyə yönəldilməsi üçün mütləq şəkildə ilkin mediasiya sessiyasında iştirak imperativ qaydada tələb edilir. İddiaçı tərəf bu tələbə "riayət etdiyini" göstərmək üçün guya ilkin mediasiya prosesində iştirak etdiyini göstərən formal arayış əldə edib. Belə ki, iddiaçıya Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/13-00194 saylı iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən arayış təqdim edilib. Lakin vacib məqam bundan ibarətdir ki, iddiaçıya "Mediasiya haqqında" Qanunun 21.8-ci maddəsinə əsasən təqdim olunan həmin xx.xx.2022-ci il tarixli, MŞB/13-00194 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında mediasiya arayışının məzmunu ilə məhkəmənin icraatında olan işin məzmunu tamamilə ayrı-ayrı predmetlərə aiddir. Belə ki, iddiaçı — İddiaçı cavabdeh - "xxxx" MMC-yə göndərdiyi xx.xx.2022- ci il tarixli "mediasiya təklifi" sənədində, həmçinin xx.xx.2022-ci il tarixli "mediasiyaya müraciət" sənədində onun tələbi "müddətli əmək müqaviləsinin ləğv edilməsi və iş bərpa" olub. Mediatorun baxdığı mübahisə və təqdim etdiyi 22 noyabr 2022-ci il tarixli, MŞB/13-00194 saylı ARAYİŞ da məhz "müddətli əmək müqaviləsinin ləğv edilməsi və işə bərpa" olub. Lakin hazırda məhkəmənin icraatında olan iş üzrə iddia tələbi "əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin və töhmətə görə mənəvi zərərin ödənilməsi" barəsindədir. Cavabdeh isə, ümumiyyətlə, sözügedən mediasiya prosesində iştirak etməyib. Əgər cavabdeh həmin prosesdə iştirak etmiş olsaydı, ən azından hal-hazırda iddiaçının deməyə nəsə bir sözü ola bilərdi ki, "Mən mediasiya prosesində dinləmələr zamanı işə bərpa barədə tələbimlə bərabər, həmçinin əmək haqqının gec ödənildiyinə görə əlavə faizlərin ödənilməsini də tələb etmişəm, səsləndirmişəm. Buna görə də işə bərpa tələbı irəli sürməsəm də, bu arayış əsasında faizlərin ödənilməsini tələb etməkdə haqlı sayıla bilərəm". Təbii ki, həm "müddətli əmək müqaviləsinin ləğv edilməsi və işə bərpa" tələbi, həm də "əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin və verilmiş töhmətə görə mənəvi zərərin ödənilməsi" tərəflər arasında yaranan əmək hüquq münasibətlərindən irəli gəlir, Əmək Məcəlləsi ilə tənzimlənir. Fəqət adıçəkilən tələblərin bir-biri ilə eyniyyət təşkil edə bilməsindən söhbət gedə bilməz. Çünki hər iki tələblər üzrə hüquqi tənzimləmə fərqlidir, hər iki iş üzrə mediasiya prosesi zamanı barışığa nail olunmasaydı məhkəməyə iki müxtəlif iddia veriləcəkdi, həmin tələblər üzrə olduqca fərqli iddia müddətləri tətbiq ediləcəkdi və sair. Əlbəttə, məhkəmənin adıçəkilən məsələlər üzrə çıxara biləcəyi qətnamələr tərəflər üçün də fərqli hüquqi nəticələr doğuracaqdı. Əslində mahiyyət etibarilə hazırkı mübahisəyə aidiyyatı olmayan fərqli predmet barədə mediasiya arayışı əsasında iddia ərizəsinin verilməsi iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa ziddir. Belə ki, MPM-nin tələblərinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikasınm Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat. Həmçinin "Mediasiya prosesinin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.1-ci maddəsinə əsasən, mediasiya prosesi başlanıldıqdan sonra tərəflər baxılması və razılaşdırılması tələb olunan mübahisəli məsələlərin dairəsini müəyyən edirlər. İstinad edilən hüquq normalarının məzmunundan hasil olan nəticə budur ki, iddiaçı "müddətli əmək müqaviləsinin ləğv edilməsi və işə bərpa" tələbi üzrə keçirilən mediasiya prosesinin nəticəsində verilən arayışa müvafiq olaraq məhkəməyə müraciət etməli idi. Çünki prosessual qanunvericilik birbaşa olaraq müəyyən edib ki, iddianın predmeti, iddiaçının tələbləri, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir. Bundan əlavə iddia ərizəsində müəyyən kateqoriya işlər üzrə mediasiya prosesinə riayət olunmasını müəyyən edən arayış olmaldır ki, həmin iddianın qəbul edilənlik şərtlərindən ən az biri mövcud olmuş olsun. Düzdür, iddiaçının tələbi konkretdir və burada mübahisəli bir məqam yoxdur. Lakin baxmaq lazımdır ki, o predmeti təsdiq edəcək mediasiya sənədləri iş materiallarında mövcuddurmu?! Təkrarən bildirirlər, artıq son 3 ildir ki, əmək mübahisələrində mediasiya prosesinə riayət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək həmin ərizənin baxılmamış saxlanılmasına dəlalət edən hallardan birinə çevrilib. Məlum olduğu kimi, konkret tələb əsasında keçirilən mediasiya prosesinin sonunda tərəfə mediasiyanın tətbiqini təsdiq edən arayış verilir. Hansı ki, həmin arayışdan sonra aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edilir. Elə buna görə də məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mediasiya qaydasına riayət edilməsini təsdiq edən sənəd (arayış) iddianın qanunvericiliyə müvafiq şəkildə verilməsini müəyyən edən sübutdur və sənəd də sübut növlərindən biridir. Ən əsası arayış yazılı sübut növlərindən biridir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəhayət, prosessual qanunvericilik yazılı sübutuların dairəsini müəyyən edib. MPM-nin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasmda təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə də, "əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin və verilmiş töhmətə görə mənəvi zərərin ödənilməsi" tələbinə dair mediasiya prosesinin keçirilməməsi, məhkəmənin icraatında olan tələbdən bağımsız arayışın iş materiallarına əlavə edilməsi qanunvericiliklə yol verilə bilən hal deyil. Buna görə də fərqli tələb üzrə məhkəməyə təqdim edilən arayış mötəbər sayıla bilməz. Çünki "Mediasiya haqqında" Qanunun 28.1-ci maddəsinə əsasən, ailəvə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Təəssüf ki, məhkəmə də bu əhəmiyyətli məqama diqqət etməyib və işi icraata qəbul edərək prosessual hərəkətlərini icra edib. Hal-hazırda qanunvericilik və məhkəmə sistemi ilə sıx bağlı olan şəxslərə məlumdur ki, məhkəmələrin iş yükü həddindən artıq çoxdur. Buna görə də anlamaq olar ki, məhkəmə mediasiya arayışını iş materialları içərisində görüb və zənn edib ki, iddiaçı hazırda məhkəmənin icraatında olan iş üzrə mediasiya prosesində iştirak edib. Hansı ki, iş materiallarına daha dəqiq və diqqətlə yanaşılsaydı, bariz bir şəkildə məlum olacaqdı ki, iddiaçı və cavabdeh arasında ümumiyyətlə "əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin və töhmətə görə mənəvi zərərin ödənilməsi" tələbi üzrə mediasiya prosesi keçirilməyib. Belə olan halda, MPM-nin 259.0.13-cü maddəsinin təiəblərinə uyğun olaraq, belə pozuntu ilə təqdim edilmiş iddia ərizəsi baxılmamış saxlanılmalıdır (bax: MPM-nin 259.0.13-cü maddəsi və bax: "Mediasiya haqqında" Qanunun 21.9-cu maddəsi). Lakin elektron məhkəmə sistemi vasitəsilə təqdim edilən iddia ərizəsi və onə əlavə olunan sənədlərin içərisində hazırki iddia tələbinə dair üzrə mediasiya qaydasina riayət edilməsini təsdiq edən sənədlərin heç biri mövcud deyil. Birincisi, iddiaçı tərəf iddia ərizəsinə əlavə olaraq adlandırdığı faylı sistemə daxil edərək mübahisənin qabaqcadan məhkəmədən öncə mediasiya qaydasında həllinə əməl etdiyinə dair sənədi elektron məhkəmə sisteminə yükləməklə hazırkı işin məhkəmənin icraatına qəbul etdirilməsinə nail ola bilib. Lakin təkrarən vurğulamaq istəyir ki, elektron məhkəmə sisteminə yüklənən mediasiya arayışının mövcud iddianın təməlində duran tələblə heç bir əlaqəsi mövcud deyil. İkincisi, qeyd edirlər ki, qanunvericiliyin tələblərinə görə mediasiya qaydasına əməl edilməsi iddianın qəbul edilənliyinin ən əsas şərtlərindən biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259cu maddəsi özündə iddia ərizəsinin baxılmamış saxlanılma əsaslarını təsbit edib. Məhz bu normada müəyyən olunur ki, mediasiya prosesinə riayət olunmasına dair sənədlər iddia ərizəsinə mütləq şəkildə əlavə edilməlidir. Buna əməl edilmədiyi təqdirdə, işə baxan məhkəmə həmin iddia ərizəsini əslində icraata qəbul etməməli idi. Çünki prosessual qanunvericlikdə imperativ şəkildə məhkəmədən tələb edilir ki, qanunla müəyyən olunmuş işlər üzrə mediasiya qaydasına riayət edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Lakin anlaşılan haldır ki, iddiaçı tərəf formal olaraq guya bütün tələblərə riayət edilməsinə dair məhkəməyə formal sübutlar təqdim etdiyi üçün bunu müəyyən etmək məhkəmə üçün nisbətən çətin olub. Amma prosessual qanunvericilik məhkəmənin mediasiya prosesinə əməl edilib-edilməmisini yoxlamaq səlahiyyətini yalnız hazırlıq iclası ilə məhdudlaşdırmayıb. Əgər bu hal hətta məhkəmə baxışı iclası zamanı məhkəməyə məlum olsa belə, o həmin iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul etməlidir. Çünki MPM-nin 259.0.13-cu maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır.Beləliklə, iddiaçının məhkəməyə müraciət edərkən mediasiya qaydasına əməl etməməsi işin mübahisəsiz halıdır. iddiaçı müəyyən üsullarla elektron məhkəmə sistemin yanıldaraq iddia ərizəsini elektron məhkəmə sisteminə daxil etməyi bacarsa da, prosesin bütün mərhələlərində iddia ərizəsinin mümkünlüyünü və onun prosessual qaydalara uyğun olduğunu yoxlamaq məhkəmənin başlıca vəzifəsidir. Əslində "Mediasiya Haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi müəyyən edir ki, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Çünki mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələri məhkəmədən kənar həll edilməsidir. Ümumiyyətlə, əmək mübahisələri üçün məcburi olan ilkin mediasiyanın məqsədi tərəfləri tam mediasiya prosesinə aparmaqdır. Hazırkı işdə də əgər iddiaçı cavabdehlərə məhz əmək haqqının gecikdirilməsinə görə əlavə faizlərin ödənilməsi və bununla bağlı digər tələblər barədə mediasiya təklifi göndərsəydi və mediasiya prosesi də bunun üzərində aparılsaydı, ehtimal edilir ki, tərəflər hətta barışıq əldə edə bilərdilər. Lakin cavabdeh ona göndərilmiş mediasiya təklifində və mediasiya bildirişində mübahisənin "müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi və işə bərpa" tələbi olduğunu görüb ümumiyyətlə həmin prosesdə iştirak etməyə ehtiyac duymayıb. Ona görə ki, hüquqi nöqteyi nəzərdən bu tələbi işçiyə münasibətdə tamamilə perspektivsiz hesab edib. Çünki həm mövcud qanunvericiliyə, həm də formalaşmış məhkəmə təcrübəsinə nəzər salsaq, sırf müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmiş işçilərin işə bərpa olunması məsələsində qanunvericiliyin və təcrübənin işçinin xeyrinə deyil, işəgötürənin lehinə həll olduğunun şahidi olarıq. Lakin heç şübhəsiz "əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin və verilmiş töhmətə görə mənəvi zərərin ödənilməsi" tələbi üzrə mediasiya prosesi keçirilsəydi, tərəflərin hər ikisinin maddi maraqlarına toxunan bir mübahisə olduğuna görə onlar bu prosesdə iştirak edəcəkdilər. Buna görə də iddiaçının ərizəsinin əsasını təşkil edən tələbi üzrə mediasiya qaydasına riayət edilməməsi, onun icraata qəbul edilməsi və hazırkı vəziyyətdə hələ də baxılmasının davam etdirilməsi ciddi prosessual pozuntudur və qəbul ediləcək istənilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır (MPM 259.0.13-cu). Beləliklə də məhkəməyə müraciət edilmədən öncə adıçəkilən prosedura əməl edilmədiyi üçün hazırkı mübahisə üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 Məhəmmdəli qızı ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəsi tam əsaslıdır. Belə ki, iddia ərizəsinə hazırki iddia tələbi ilə bağlı mediasiya prosesində iştirak edilməsi ilə bağlı arayışın əlavə edilmədiyi halda işin baxılmamış saxlanılması barədə artıq məhkəmə təcrübəsi formalaşıb. İddiaçı tərəf iddia tələbini 7 dəfə dəqiqləşdirmiş, lakin heç birində işə bərpa ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. İlkin mediasiya prosesində onun tərəfi və Giltex MMC-nin nümayəndəsinin iştirak etməməsi normaldır. Çünki müddətli əmək müqaviləsi ilə işləyən işçinin müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən çıxarılmasında heç bir hüquq pozuntusu yoxdur. Onlara ünvanlanan medasiya təklifi isə müqaviləyə xitam verilməsi barədə olmuşdur. Bu səbəbdən cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Qeyd edir ki, əgər mediasiya prosesi əmək haqının ödənilməsi və gecikdirilməsi səbəbi ilə əlavə faizlərin tələb edilməsi barədə olsaydı, mütləq onun tərəfi və Giltex MMC-nin nümayəndəsi mediasiya prosesində iştirak edəcək və hətta razılıq da əldə olunacaqdı. Hesab edir ki, məhkəməyə təqdim edilmiş arayış formaldır. İddiaçı tərəf ilkin iddia tələbinin uğursuz olacağını bildiyi üçün iddia tələbini dəyişdirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını, ərizəsinin təmin edilməsini və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 ərizəyə dair izahat verərək bildirdi ki, ərizə ilə razılaşmır. Belə ki, 26 oktyabr tarixində qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən öncə mediasiya təşkilatına müraciət ediblər. Mediator qarşı tərəfə təklif göndərsə də, cavabdehin nümayəndəsi mediasiya prosesinə gəlməmişdir. Bu səbəbdən mediasiya prosesi baş tutmamışdır. Nəticədə mediator tərəfindən müvafiq arayış təqdim edilmiş və o, həmin arayışla məhkəməyə müraciət etmişdir. Bundan əlavə hesab edir ki, əmək haqqının gec ödənilməsinə görə əlavə faiz ödənilməli olması qanunun birbaşa göstərişidir. Bu səbəbdən həmin tələb qanundan irəli gəldiyindən ümumiyyətlə mediasiyaya ehtiyac yoxdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X1 ərizyəyə dair izahat verərək bildirdi ki, ərizə əsasızdır. Hal-hazırda mövcud olan praktikaya əsasən mübahisə ilə bağlı tərəflərə göndərilən mediasiya təklifində tələb ətraflı şəkildə qeyd edilmir. Daha sonra keçirilən mediasiya prosesində tərəflər iştirak etdiyi halda tələblər daha dəqiq qeyd edilir və daha ətraflı şəkildə müzakirə olunur. Bir daha qeyd edir ki, praktikada mediasiya arayışında təklif simvolik olaraq qeyd edilir. Vəkil qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 18 dekabr 2020-ci il tarixli Qanununa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələb riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödənilən pul əvəzinin vaxtında ödənilməməsi, əmək haqqından tutulmaların düzgün aparılmaması, məcburi əməyə cəlb edilmə və s. məsələlərlə əlaqəli olmaqla əmək münasibətlərindən irəli gələn əmək mübahisəsidir. İddiaçı iddia ərizəsinə mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022ci il tarixli arayış əlavə etsə də, həmin arayışın məzmunundan görünür ki, sözügedən mediasiya prosesi İddiaçı Cavabdeh1nə qarşı əmək müqaviləsinə xitam verilməsi təklifi ilə bağlı keçirilmişdir. Hazırkı iddia tələbi isə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödənilən pul əvəzinin vaxtında ödənilməməsi, əmək haqqından tutulmaların düzgün aparılmaması, məcburi əməyə cəlb edilmə və s. barədədir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2022-ci il tarixdə keçirilən mediasiya sessiyası ilə bağlıdır. Hazırki iddia tələbinin əsasını təşkil edən tələblərdən birincisi isə cavabdeh tərəfindən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan pul əvəzinin xx.xx.2023-cü il tarixdə ödənilməklə gecikdirilməsi barədədir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış həmin arayışın verilməsindən təxminən 1 il sonra əsası yaranmış (gecikdirilməsi iddia edilən) pul tələbinə dair iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. (21.9.1) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı əmək haqqının gec ödənilməsinə görə əlavə faizlərin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar