Məhkəmə qərarları › İş №e-2(060)-828/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-828/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-828/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı qıznın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh məhkəmənin müəyyən etdiyi alimentin miqdarını dəyişərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların xx.xx.2008-ci il təvəllüdlü Xanoğlan adlı bir övladı var. Ailə münasibətləri ciddi şəkildə pozulduğuna görə nikahları pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 131 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8389/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 05 iyun 2008-ci il tarixdə anadan olmuş Xanoğlanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh xüsusi işlərdə çalışır və hər ay 1000 manatdan artıq qazanc əldə edir. Buna baxmayaraq hər ay uşağın saxlanması üçün karta 154 manat əvəzinə 100 manat pul köçürür. Uşağın ehtiyacları ilə maraqlanmır, onunla ünsiyyət saxlamır. Xanoğlan artıq 15 yaşında gəncdir. Böyüdüyü kimi saxlanması xərcləri də artmışdır. Lakin cavabdehin maddi cəhətdən buna tam imkanı var. Uşağın ehtiyaclarını ödəyə bilməyi üçün alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Boris oğlu iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh iddiaçı ilə boşanandan sonra yeni nikaha daxil olmuşdur və bu nikah dövründə cavabdehin 2 övladı doğulmuşdur. Bundan başqa, cavabdehin kreditləri var. Cavabdeh 180 manat məbləğində aliment verə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞS/MT030/2023-02438 saylı, xx.xx.2023-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 05 iyun 2008-ci il təvəllüdlü X5 adlı bir övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZ-İ № 133310 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. Elektron informasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X3 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2008-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.7-ci bəndində qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan halları və cavabdeh tərəfin dediklərindən məlum olur ki, cavabdehin xx.xx.2008-ci il təvəllüdlü X2 əlavə xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki övladı da vardır. Lakin cavabdehin digər iki övladına məhkəmə qətnaməsi ilə olan aliment öhdəliyi yoxdur. Odur ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar