Məhkəmə qərarları › İş №e-2(060)-8426/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8426/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8426/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh, Maraqlı şəxs və Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə qeydlər aparılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Sumqayıt şəhər qeydiyyat şöbəsinin Cavabdeh doğulmuş xx.xx.2024-cü il X1 bioloji atasının Maraqlı şəxs kimi olması barədə qeydlərinin və məlumatlarının yanlış olmasının müəyyən olunması, xx.xx.2024-cü il tarixli, 690 saylı doğum haqqında şəhadətnaməsində X1 atası qrafasında Maraqlı şəxs barəsində qeydiyyatın ləğv olunması və yeni doğum şəhadətnaməsində ata qrafasında onun İddiaçı adının qeyd olunmalı olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi hazırda iddiaçı iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək və Sumqayıt şəhər qeydiyyat şöbəsini də cavabdeh qismində qoyaraq doğum haqqında şəhadətnamədə qeydlərin və məlumatların yanlış olmasının müəyyən olunması, Maraqlı şəxs barəsində qeydiyyatın ləğv olunması və yeni doğum haqqında şəhadətnamədə ata qrafasında iddiaçının adının qeyd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati orqanların inzibati fəaliyyətindən irəli gələn iddialara mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan olaraq göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa iddiaçı digər cavabdeh qismində X2 qoysa da, ümumilikdə tələbi doğum haqqında şəhadətnamədəki qeydlərə düzəliş edilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Bundan başqa iddiaçıya izah olunur ki, Sumayıt Şəhər Məhkəməsinə iddia icraatı qaydasında X1 atası olmamasının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh, Maraqlı şəxs və Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə qeydlər aparılması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı ərizənin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar