Məhkəmə qərarları › İş №e-2(060)-8721/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8721/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8721/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsini ləğv edərək 09.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən müəyyən edilmiş 100 manat məbləğində maddi yardımın silinməsi və həmin qətnamə ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarını azaladaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsini dəyişdirərək 09.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğində maddi yardımın silinməsi və həmin qətnamə ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarını azaldaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandımışdır ki, onun cavabdeh ilə 2019-cu il tarixdə faktiki nikah münasibətləri olmuşdur. Bir müddət münasibəti normal olsa da, sonradan münasibətləri kəsilmişdir. Bu faktiki nikahdan 09.09.2020-ci il təvəllüdlü X4 adlı bir övladı olmuşdur. Onu da qeyd edir ki, o, X3 ilə 25.11.2017-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Yoldaşıyla rəsmi nikahdan 12.05.2019-cu il təvəllüdlü X5 və 09.09.2021-ci il təvəllüdlü X6 adlı iki övladı var. İkinci övladı 121 gündür ki, dünyaya gəlib. Onun iddiaçı ilə münasibəti yaranarkən iddiaçı onun evli və uşağının olduğunu bilirdi. Cavabdeh hamilə olarkən onun ailəsinə heç bir problem yaratmayacağını, doğulacaq uşağa özü baxacağını dəfələrlə bildirmişdir. O da heç vaxt uşağından imtina etməmiş, öz razılıq ərizəsi ilə oğluna atalıq vermişdir. Uşaq doğulana kimi və doğulandan sonra da uşağına maddi yardım göstərmiş, uşağa lazım olan tələbatları, dərmanları belə almış, hətta doğum xərcini də o çəkmişdir. Amma bir müddət keçdikdən sonra cavabdeh və anası onun ailəsini dağıtmaq məqsədi ilə qərəzli şəkildə problemlər yaratmağa başladılar. Onun uşağa etdiyi maddi köməkləri, uşaqla olan fotoşəkilləri onun icazəsi olmadan sosial şəbəkələrdə paylaşmağa başladılar. Bu da artıq onun ailəsində bəzi sözsöhbətlərə gətirib çıxardı. Hətta iddiaçı aliment tələbi iddiası ilə məhkəməyə müraciət etməzdən öncə onunla danışmamış, onu bu barədə heç bir şəkildə məlumatlandırmamışdır. Buradan da aydın olunur ki, iddiaçı qəsdən ailəsini dağıtmaq məqsədi ilə bu iddianı qaldırmış, bu da məhkəmə bildirişlərinin evinə gəlməsinə səbəb olmuşdur. Halbuki Aytən uşağı dünyaya gətirərəkən onun evli olduğunu bilirdi və ailəsindən boşanmayacağını da dəfələrlə söyləmişdir. İddiaçı qərəzli şəkildə aliment iddasını qaldırmışdır. Belə ki, Sumqayıt Şəhər Məhəməsinin 2(060)-2798/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsi ilə 09.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi hər ay 100 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Göründüyü kimi qət olunan qətnamədə qanunsuzluğa yol verilmişdir. Maddi yardım rəsmi arvadın hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında tutulur. Tərəfələr arasında nikah olmadıqda maddi yardım tutulması mümkün deyildir. Buradan da aydın görünür ki, cavabdeh ilə onun arasında rəsmi nikah yoxdur, yəni cavabdeh onun ailə üzvü hesab olunmur. Maddi yardımın tutulması qanunsuz və əsassızdır. Belə ki, onun rəsmi işi yeri yoxdur, aylıq gəliri 300-400 manat təşkil edir. Evlidir, himayəsində 2 azyaşlı övladı var. Həmçinin himayəsində xəstə yaşlı anası var. O, dializ xəsətəsidir. Həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir. Ailədə işləyən tək özüdür, ailəsinin bütün ehtiyac və tələbatalarını o, tək başına qarşılıyır. Hesab edir ki, qət olunan maddi yardım silinməli və 175 manat sabit pul məbləğində alimentin miqdarı da azaldılmalıdır. Həmçinin aylıq gəliri imkan vermir ki, o, hər ay 175 manat məbləğində aliment ödəsin. Əlavə olaraq qeyd edir ki, bu günə kimi aliment borcunu da vaxtı vaxtında ödəmişdir. Hal-hazırda 500 manat aliment borcu var. Hesab edir ki, ailə vəziyyətini və maddi durumunu nəzərə alaraq maddi yardımdan azad oluna və aliment miqdarı azaldıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X2 iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 nömrəli, 09.03.2021-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment və maddi yardım tələbinə dair» iddiası təmin edilərək, 16 fevral 2021-ci il tarixdən etibarən 09.09.2020-ci il ii təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat, 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi 100 manat aliment hər ay İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikah münasibətlərindən bir uşağın olması və uşağın saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Məhkəmə işin hallarına hüquq normalarına göstərişlərinə əsaslanaraq qiymət verib hesab edir ki, hazırkı halda alimentin miqdarının dəyişdirilməsi üçün yetərli əsaslar yoxdur. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi aliment uşağın maraqları nəzərə alınmaqla onların saxlanılması üçün nəzərdə tutulmuş vəsaitdir. Qanunvericiliyin göstərişinə uyğun olaraq uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ vardır. Araşdırılan mübahisə üzrə alimentin məbləğinin azaldılması uşağın minimum təminatdan məhrum edilməsi ilə nəticələnəcəkdir. Məhkəmənin qənaətincə daha çox qayğıya ehtiyacı olan uşaqların üstün mənafeləri valideynlərin mənafeyindən öndə gəlməklə uşaqların ümdə maraqları nəzərə alınmalıdır. Eləcə də, iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra əvvəlki əmlak vəziyyəti ilə hazırkı əmlak vəziyyəti arasında kəskin dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə, 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması hissədə aliment miqdarının dəyişdirilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə iddiaçının əmlak vəziyyətini, himayəsində xəstə anasının və azyaşlı uşaqlarının, eləcə də aliment öhdəliyinin olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 nömrəli, 09.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması – hissədə aliment miqdarı dəyişdirilərək 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 50 manat aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 nömrəli, 09.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş- 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması - hissədə alimentin miqdarı dəyişdirilərək 09.09.2020-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar