Məhkəmə qərarları › İş №e-2(060)-918/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-918/2023

08.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-918/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, bacısı X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı birgə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikah dövrü zamanı əldə olunan gəlirləri hesabına tikilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi evin tikintisinə və təmirinə sərf olunan 60000 manat məbləğində pul vəsaitinin üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahdan 2 övladları olmuşdur: xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.1994-cü il təvəllüdlü X6. X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Tərəflər nikahlarının ilkin vaxtlarnda mehriban yaşasalar da, br müddət sonra münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq aralarındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. 2011-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi alınaraq onun üzərində 787 saylı fərdi ev birgə nikah dövründə iddiaçı tərəfindən tikilmişdir. Tikilən yaşayış evi bir mərtəbəlidir və 3 otaqdan ibarətdir. Həmin ev tərəflərin birgə nikah dövrü zamanı əldə olunan gəlirlər hesabına tikilmişdir. Evin tikintisinə təxminən 60 min manat civarında pul xərclənmişdir. Hal-hazırda ev tam təmirlidir. Lakin nə torpağa, nə də həmin torpaq üzərində tikilən evə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən torpaq sahəsi üzərində və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənən 60.000 manat pul məbləği üzərində tərəflərin ½ hissədə payları müəyyən edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz ərizələri təqdim edilmişdir. Etirazlar onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin nikahı 2018-ci ilin avqust ayında pozulmuşdur. Bundan sonra onlar birgə təsərrüfat aparmamışlar. İddiaçı sonradan cavabdehi incitmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən tələbə iddia müddəti tətbiq edilməlidir. Mülki iş üzrə alınmış ekspert rəyində Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində 787 saylı fərdi yaşayış evində yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyərinin təqribən 34000 manat təşkil etdiyi qeyd edilir. Cavabdeh də öz növbəsində verdiyi izahatlarda təmir işlərinin aparılmadığını bildirməmişdir. Əlbəttə ki, cavabdeh daimi yaşadıqları evin yaşayış üçün daha münasib hala gətirilməsinə çalışmışdır. Bu təmir xərcləri onun övladlarının gəlirləri hesabına aparılmışdır. Cavabdeh də son dövrlərdə, iddiaçı ilə aralarında olan nikahın pozulmasından sonra işə düzəldikdən və daimi qazanc əldə etməyə başladıqdan sonra həmin evin təmirinə xərc qoymuşdur. Lakin cavabdehin və övladlarının əziyyətinə hörmət qoymayan iddiaçı evə daxil olaraq evi dağıtmışdır. Cavabdeh daha iddiaçının yaratdığı saysız hesabsız mübahisələrin arxasıyca getmək niyyətində deyil. “AZEMİS” elektron məhkəmə informasiya sistemində iddiaçının tez-tez uzun müddət ölkə xaricində olmasına dair məlumatlar vardır. Necə olur daima ölkə xaricində olan, rəsmi birgə nikahda olsalar da, birgə təsərrüfat aparılmasında iştirak etməyən, ailənin qayğılarına qalmayan iddiaçı indi evə xərc qoyulduğunu iddia edir. İddiaçı arabir nə pul veribsə, uşaqların saxlanmasına, cəmiyyətə yararlı şəxslər kimi böyümələrinə xərcləmişdir. Evin təmirinə isə artıq qeyd etdiyi kimi uşaqların qazancı və nikah pozulduqdan sonra qəbul olduğu işə görə aldığı əmək haqqı ilə, pul toplaya bildikcə aparmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi, bacısı X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. 1993-cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuşlar. 2018-ci ildə nikahları qeydiyyat şöbəsində pozulub. Bundan öncə onun adına bir ev olmuşdur. Həmin evi satmış və 2011-ci ildə Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsini almış, orada ev tikmişlər. Ev tam təmirli deyil və bugünədək orada müəyyən təmir işləri gedir. Hazırda həmin evdə özü və qızı yaşayırlar. Bütün qaz, işıq vəs. kommunal xərclərini özü ödəyir. Onlar evin tikintisinə 2011-ci ildə başlamışlar. Orada yüngül təmir işləri görülüb. Ev natamam təmirli vəziyyətdə olarkən ora köçüb yaşamağa başlamışlar. Evdə təmir getdiyi zaman orada yaşamışlar. Nikahları pozulanadək orada əsaslı təmir işləri görülməyib. İddiaçı xarici ölkədə yaşayırdı və arabir evə gəlib-gedirdi. Oğlu şəhid olduqdan sonra iddiaçı birdəfəlik evdən çıxıb gedib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında görünür ki, iddiaçı xx.xx.1965-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 21, mənzil 7 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1975-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. 297363 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 34000 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Oxşar normalar Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.). Göründüyü kimi Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi ev tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Bu səbəbdən torpaq sahəsi və tikili tərəflərin birgə mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəlləyə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2.). İddiaçı cavabdehlə nikahda olduqları dövrdə birgə vəsait hesabına Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi evi (bundan sonra – mübahisəli ev) inşa etiklərini bildirir və həmin evin təmir və tikintisinə çəkilmiş xərc üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ər-arvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. Göründüyü kimi tərəflərin 1993-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsini 2011-ci ildə əldə edərək, orada ev inşa etmişlər. Evin təmir və tikintisi tərəlfərin nikahda olduqları dövrdə aparılmışdır. Bu səbəbdən həmin evin tikintisi və təmirinə çəkilmiş xərclər tərəflərin birgə vəsaitidir. Cavabdeh tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). Ailə Məcəllsəində göstərilmişdir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur (36.9.). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarımnda göstərilmişdir ki, beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Cavabdehin izahatı ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilədək həmin evdə yaşamış, bundan sonra isə evi tərk etmişdir. Bundan sonra isə 2022-ci ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Yəni, qeyd edilən məsələ ilə bağlı hüquqlarını iddiaçı mübahisəli evi tam olaraq tərk etdikdən sonra bilmişdir. Bu səbəbdən məhkəmə tələbə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin dəlilini əsassız hesab edir. İddiaçı mübahisəli evin dəyərinin 60 000 manat məbləğində müəyyən edilməsini tələb etsə də, ekspert rəyində evin təmir və tikintisinə sərf edilmiş məbləğ 34000 manat göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə mübahisəli evin tikintisi və təmirinə çəkilmiş 34000 manat pulun üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilsin. Həmin məbləğ üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar