Məhkəmə qərarları › İş №e-2(060)-923/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-923/2023

14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-923/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun onun yanında saxlanılması və övladlarının xeyrinə qanunla müəyyən edilmiş minimum aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh cavabeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikah münasibətlərindən övladları xx.xx.2004-cü il təvəllüdlü Şahverənova Arzu Rəhim qızı, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu dünyaya gəlmişdir. xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu hazırda atasının himayəsindədir. Məlumat üçün bildirmək istərdi ki, böyük qızı Şahverənova Arzu Rəhim qızı Sumqayıt Dövlət Texniki Kollecinin əyani şöbəsinin “Mühasibat uçotu” üzrə təhsil alır. Övladlarının təhsil, saxlanma və qulluq xərclərini ödəməkdə çətinlik çəkir. Bu deyilənlərə əsasən, övladları X5 və Şahverənov Zəki Rəhim oğlunun onun yanında saxlanılması və ehtiyaclarını ödəmək üçün cavabdehdən qanunla nəzərdə tutulmuş minimum aliment məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunması zərurəti vardır. Göstərilənlərə əsasən, ilkin iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə faktiki nikah münasibətərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahlarından 3 övladları var: xx.xx.2004-cü il təvəllüdlü Şahverənova Arzu Rəhim qızı, xx.xx.2006-cı il təvəllüdiü X5 və xx.xx.2008-ci il təvəllüdlü Şanverənov Zəki Rəhim oğlu. xx.xx.2004-cü il təvəllüdlü Şahverənova Arzu Rəhim qızı yetkinlik yaşına çatıb. Hazırda övladlarından xx.xx.2004-cü il təvəilüdlü Şahverənova Arzu Rəhim qızı, xx.xx.2006-cı il təvəllüdlü X5 anasının yanında, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu isə onun yanında yaşayır. İddiaçı ona qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun saxlanması üçün aliment tələb edir. O, ilkin iddia tələbini qismən qəbul edir və qarşılıqlı iddia iiə məhkəməyə müraciət edir. İddiaçı da iddia ərizəsində qeyd etdiyi kim xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu onun himayəsindədir və onunla birlikdə yaşayır. Ona görə də hesab edir ki, İddiaçı iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki uşaq onun yanındadır və onunla qalmaq istəyir. Belə olan halda hesab edir ki, həmin uşağın saxlanması üçün İddiaçı onun xeyrinə aliment tutulmalıdır. Ona görə də o, həmin uşağın saxlanması üçün İddiaçı 250 manat aliment tələb edir. Göstərilənlərə əsasən, qarşılıqlı iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Artıq bir müddətdir ki, tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu atasının yanında yaşayır. Əslində uşaq ananın razılığı olmadan aparılmış və atasının yanında zorla saxlanılır. Zəki, 15 nömrəli məktəbdə oxuyur. Lakin o, dərslərdən yayınmış, tədrisdə iştirak etməmişdir, atasının yanında işə cəlb olunmuşdur. Uşağın təhsildən yayınması ilə bağlı tərəflərindən arayış da alınmışdır. İddiaçı oğlunun da onun himayəsinə verilməsini və uşaqların saxlanması üçün minimum məbləğdə aliment müəyyən edilməsini istəyir. Minimum məbləğdə aliment dedikdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumunu nəzərdə tuturlar. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə etiraz edir. Qarşılıqlı iddiaçının heç qeydiyyat ünvanı yoxdur, yaşayış yeri və rəsmi iş yeri məlum deyil, məhkəməyə uşağın uzun müddət təhsildən yayınması barədə arayış təqdim edilmişdir. Lakin Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilən halları nəzərə alınmadan rəy vermişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 bildirmişdir ki, qarşılıqlı iddia tələbini müdafiə edir, ilkin iddia tələbini qismən qəbul edir. Tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X5 ilkin iddiaçının himayəsindədir, bu halı heç kim mübahisələndirmir və onun saxlanması üçün qarşılıqlı iddiaçı ilkin iddiaçıya 120 manat məbləğində aliment ödəyə bilər. Digər uşaq xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu isə atasının yanında yaşayır. Bunu ilkin iddiaçı da ərizəsində göstərmişdir. Ona görə də hesab edir ki, onun saxlanılması üçün də ilkin iddiaçıdan aliment tutulmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş qarşılıqlı iddiaçı Cavabdeh bildirmişdir ki, oğlu onunla yaşayır, hazırda təhsildən yayınmır. Qızının anasının himayəsində qalmasına razıdır. Əvvəlki məhkəmə iclaslarında psixoloq və pedaqoq X4 və X2 iştirakı ilə dindirilmiş Şahverənov Zəki Rəhim oğlu bildirmişdir ki, 1 ildir ki, Sumqayıt şəhərində atasının yanında yaşayır. O, hətta Komissiyada iştirak etmiş və orada da atası ilə yaşayacağını demişdir. Bundan sonra da atası ilə yaşamaq istəyir. Anası atasına xəyanət etdiyindən anasının yanında qalmaq istəmir. O, dərslərdə iştirak edir. Atasını seçməklə bağlı onun üzəridə heç bir təsir yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 409 nömrəli arayışdan görünür ki, Şahverənov Zəki Rəhim oğlu Sumqayıt şəhəri M.Füzuli adına 15 nömrəli tam orta məktəbin Azərbaycan bölməsi üzrə 9 B sinifində təhsil alır. O, 2021-ci-2022-ci tədris ilinin 15 sentyabr tarixindən 01 dekabr tarixinədək tədris prosesində iştirak etməmişdir. Şahverənov Zəki Rəhim oğlu 02 dekabr 2022-ci il tarixdən tədris prosesində iştirak edir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 189 nömrəli rəyindən görünür ki, Komissiya uşaqların yaşını və fikirlərini nəzərə alaraq bir biri ilə və digər valideyni ilə ünsiyyətinə maneçilik yaradılmaması şərti ilə xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun atası Cavabdeh himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (49.3). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (60.2). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (60.3). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1). Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz (7.2). Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (7.4). Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.5) Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun 15 yaşı olmaqla atası ilə yaşamaq istəməsi barədə fikirlərini, Cavabdeh oğlunun xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilməsinə razı olmasını, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 189 nömrəli rəyini və işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun atası Cavabdeh oğlunun, xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilməsi uşaqların qanunla qorunan üstün mənafeyinə daha uyğundur. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 189 nömrəli rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim onunla aparılmış fərdi söhbət zamanı asının müxtəlif şəxslərlə atasına xəyanət etdiyini, buna görə də anasını istəmədiyini, ona nifrət etdiyini və onun yanında qalmaq istəmədiyini, atası ilə birgə yaşamaq istədiyini bildirmişdir. xx.xx.2006-cı il təvəllüdlü X5 aparılmış fərdi söhbət zamanı anasını çox sevdiyini, onun bütün ehtiyaclarının anası tərəfindən ödənildiyini, atasının qardaşı Zəkini həqiqətə uyğun olmayan fikirləri ilə öz təsiri altında saxladığını, özünün isə hər şeyi daha yaxşı anladığı üçün atasının yanında deyil, anasının yanında yaşamaq istədiyini bildirmişdir. Beləliklə məhkəmə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 189 nömrəli rəyini, uşaqların fikrini və işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu atası Cavabdeh, xx.xx.2006-cı il təvəllüdlü X5 isə anası İddiaçı ilə qalmalıdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Z.Şahverənovun 2021-ci ildə dərsə davamiyyəti zəif olmuşdur, həmin dövrdə isə o atasının deyil, anasının yanında yaşamışdır. Bu səbəbdən məhkəmə ilkin iddiaçının xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun atası Cavabdeh yanında yaşadığı vaxtdan dərsdən yayınması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə iddianın alimentin məbləği ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu, uşaqların saxlmaq vəzifəsinin hər iki valideynin üzrəinə düşdüyünü nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun saxlanılması üçün hər ay hər 170 manat sabit pul məbləğində aliment, xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 anası İddiaçı saxlanılması üçün müəyyən edilmiş alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh oğlu xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun himayəsinə verilməsi və onun saxlanması üçün saxlanılması aliment müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun saxlanılması üçün müəyyən edilmiş alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi manat) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu atası Cavabdeh yanında qalsın. xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xx.xx.2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş manat) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar