Məhkəmə qərarları › İş №e-2(060)-924/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-924/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-924/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin, tərəflərindən ödənilmiş mediasiya və vəkilə ödənilən 322 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 2022-ci ildə faktiki nikahla ailə qurmuş və birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X5 adında əkiz övladları anadan olmuşdur. Cavabdehlə artıq xeyli müddətdir ki, ayrılmış və müxtəlif ünvanlarda yaşayırlar, o uşaqlarla maraqlanmır, onların maddi ehtiyaclarını qarşılamır, o, mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya təşkilatında da könüllü aliment ödəmək barədə razılığa gəlməmişdir. Uşaqlar körpədirlər, 1 yaş 9 aylıqdırlar və o, uşaqlara baxdığı üçün işləmir, cavabdeh fərdi fəaliyyətlə məşğuldur və o da bir ata kimi uşaqların maddi təminatında iştirak etməlidir, buna görə də ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay üçün hər uşağa 250 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəuyğun bilir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı Cavabdehlə 2022-ci ildə faktiki nikaha daxil olmuşdur. Tərəflərin 2023-cü il tarixində Ağayeva Yağmur və Ağayev Yaşar adlı əkiz övladları dünyaya gəlmişdir. Ata uşaqları ilə maraqlanmır və uşaqlarının heç bir maddi tələbatını ödəmir. Mediasiya prosesində isə qarşı tərəf uşaqlara aylıq 100 manat aliment ödənişi edə biləcəyini bildirib. Cavabdehin nümayəndəsi oğlunun işləmədiyini bildirsə də, cavabdeh fərdi işlə məşğuldur. Cavabdeh tam sağlam insandır və ailəsini təmin edə bilmək iqtidarındadır. O artıq sağalmışdır və bununla əlaqədar onun pensiyası da dayandırılmışdır. Uşaqlarına baxmaq hər bir valideynin borcudur. Övladı saxlamaq yükü valideynlərə məxsusdur. Bundan başqa cavabdehin nümayəndəsi cavabdehin səhhətində problemlər olduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, uşağın mənafeyinin daha üstün olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə teleqram vuraraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinə dair izahat verərək bildirmişdir ki, oğlu fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Oğlunun qayınanası vaxtı ilə oğluna lağ edərək uşağı olmayacağını bildirirdi. Lakin, indi qarşı tərəf onun oğlundan aliment tələb edir. Oğlu daha yüksək məbləğdə təyin ediləcək alimenti ödəyə bilməyəcək və beləliklə həbs ediləcək. Oğlu hər uşaq üçün 100 manat aliment verə bilər. Onu da qeyd edir ki, oğluna qulluq etdiyinə görə heç bir ödəniş almır. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 manat məbləğində mediasiya xərci iddiaçı İddiaçı tərəfindən ödənilmişdir. 8.İşdə olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur.

9. İşdə olan Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 213 saylı, xx.xx.2022-cü il tarixli sərəncamından görünür ki, Cavabdeh üzərində anası Nümayəndə2 qəyyum təyin edilmişdir.

10. İşdə olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də kuryer işləməklə 170 manat əmək haqqı alır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər faktiki nikaha daxil olmaqla ailə qurmuşdur və birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Hazırda iddiaçı uşaqlarının saxlanılması üçün aliment müəyyən edilməsini istəyir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. 13.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 14.Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. 15.Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 16.Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. 17.Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). 18.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli X4 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

20. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində (hazırda bir uşağa görə 400 x 0.375=150 manat məbləğində) sabit pul məbləğində müvəqqəti aliment tutulmalıdır. 22.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. 23.Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 24.Hazırda iddiaçı cavabdehdən 500 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 6000 (500 x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 80 manat dövlət rüsumu ödənilməli idi. 25.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 26.Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 27.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 28.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 29.İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 30.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin yarısı – 30 manat Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir. 31.Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsi – 20 (80-60) manat dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. 32.Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 33.İş materiallarına əlavə edilmiş 17 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul köçürülmüşdür. 35.Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərcin bir hissəsi - 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. 36.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində (hazırda bir uşağa görə 400 x 0.375=150 manat) sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat ödənilmiş mediasiya xərci və vəkilə hüquqi yardıma görə ödənilən 200 (iki yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar