Məhkəmə qərarları › İş №e-2(060)-982/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-982/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-982/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ondan oğlu X1 üçün aylıq sabit pul məbləğində 600 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 yanvar 2015-ci ildə tarixdə rəsmi ailə qurmuşdur. xx.xx.2017-ci ildə rəsmi olaraq nikahları pozulmuşdur. Birlikdə faktiki ailə kimi cəmi 3 ay yarım yaşamışdırlar. Belə ki, evlənən kimi Yeganə hamilə qalmış və 3 aydan sonra artıq faktiki ayrılmışdırlar. Boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə cavabdeh hamilə olduguna görə onları boşamamış və bildirmişdir ki, uşaq doğulmalı və ondan sonra 1 il keçdikdən sonra onları boşaya bilər. Beləliklə, 23 oktyabr 2015-ci ildə oğlu X5 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(60)-1317/2015 saylı qətnaməsinə əsasən ondan cavabdeh kimi 23 oktyabr 2015- ci il təvəllüdlü oğlu X1 üçün aylıq əmək haqqının, qazancının 4\1 hissəsi olmaqla aliment məbləğinin tutulması barədə qətnamə qəbul etmişdir. Sonradan baş verənlər əsasında gəldiyi qənaəti bundan ibarətdir ki, ümumiyyətlə Cavabdeh əvvəldən onunla həqiqətən ailə qurmaq niyyəti olmamışdır, onun əsas məqsədi yalnız yüksək ailment məbləği almağa nail olmaq olmuşdur. Belə ki, hələ onunla rəsmi nikahda ola-ola Cavabdeh, Vətən adlı şəxslə münasibət qurub onunla yaxınlıq etməsi nəticəsində dünyaya 2-ci uşaq gətirmişdir. Bu azmış kimi həmin uşağın atası qismində onu qeyd etdirib uşağa dogum haqqında şəhadətnamə almışdır. Belə əməlin isə yalnız bir səbəbi, məqsədi ola bilərdi, bundan sonra 2 uşağa görə aylıq daha artıq aliment məbləği almaq. Bundan xəbər tutan kimi dərhal hay-küy salıb Ədliyyə Nazirliyinə, ora-bura müraciət edib bu qeydiyyatı ləğv etdirmişdir. Bu gündə arxivdə bu qeyd durur, amma hazırda uşagın metrkasında şəhadətnaməsində atası kimi öz atasının adı verilmişdir. Bu hadisə ona mənəvi-psixoloji baxımdan çox neqativ təsir göstərmiş, sarsıntı keçirmiş, onda həddən artıq ikrah hissi yaratmışdır. Bundan sonra ayrı-ayrı vaxtda Cavabdeh daha 2 nəfər kişi ilə nikah münasibətinə girib onların hər birindən 1 uşaq dünyaya gətirməklə əlavə daha 2 övlad dünyaya gətirmişdir. Hazırda onun 4 oğlu vardır. Cavabdeh hazırda 4 uşağa görə 4 kişidən aliment alır və ya aliment almaga hüquqi imkanı vardır. 2015-ci ildən bu günədək 130000 manatdan çox pul məbləği aliment kimi ondan tutulmuşdur. Ödədiyi aliment məbləği hesabına Cavabdeh ünvan 1 ünvanda (yeni qaydalarla-ünvan 2 mülkiyyət hüququ ilə məxsus olan mənzil almışdır (bunu təsdiq edən sənədi əlavə edir). X2 Aydın qızından 10 il əvvəl ayrıldıqdan sonra bu illər ərzində bir dəfə ailə qurmuş, məhz özünün evi olmadığına görə 2-ci həyat yoldaşı anası ilə yaşamaq istəmədiyinə görə (özünə məxsus evi olmadığına görə bu yaşınadək anasına məxsus evdə anası ilə birgə yaşayır.) məcbur olub onunla ailə münasibətlərinə xitam vermişdir. Bundan əlavə təqaüddə olan, 72 yaşlı anasının yeganə oğlu odur. Anası isə ağır xəstədir. Onun evdə fiziki hərəkəti belə həddən artıq çox məhduddur. Onun baxıcıya ehtiyacı vardır. İşinin xüsusiyyəti isə belədir ki, ayın 15 günü dənizdə işdə olur, yerdə qalan 15 günü evdə olur. Üstəlikdə məhz ailə qurub dünyaya oğul-uşaq gətirib isti ocağa sahib olmaq üçün vacib olan kredit əsasında mənzil tikintisinə orta hesabla aylıq 1300 manat məbləğində pul ödəyir. Həmin kredit məbləğinidə aylıq aldığı əmək haqqı hesabına ödəyir (bununla baglı müvafiq sənədləri məhkəməyə təqdim edir.). Bütün bu qısa şəkildə qeyd etdiyi faktlar əsasında hesab edir ki, cavabdehin onunla heç bir ailə qurmaq niyyəti olmamışdır. 10 ildir ki, ödədiyi çox yüksək məbləğdə aliment məbləğinin uşağın aylıq saxlanmasına heç bir aidiyyatı yoxdur. Bu yüksək məbləğ yalnız və yalnız Cavabdeh şəxsi maddi maraqlarına xidmət edir və əmlak hüquqlarının kobud pozulmasıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, işləyərək aylıq aldığı əmək haqqı heç vaxt sabit məbləğdə olmamışdır. Belə ki, dənizdə neft buruqlarında işləyir. Ayın 15 gününü dənizdə, 15 gününü isə evdə olur. Dəniz şəraitində işlədiyinə görə əmək haqqı xüsusi qaydasına əsasən hər ay dəyişkən formada ödənilir. Məsələn əgər bir ay 3300 manat əmək haqqı (iş yerindən verilən arayışda 3755 manat əmək haqqı brutto, yəni vergilər və digər məcburi ödənişlər çıxılmadan olan məbləğ) alırsa növbəti ay dəniz şəraitində görülən işlərə görə 1,75 artım (əmsal) ilə daha artıq təxminən 5500-6500 manat əmək haqqı alır (bununla əlaqədar iş yerindən müvafiq arayışı təqdim edir.). Beləliklə də, göründüyü kimi aylıq əmək haqqı hər ay üçün sabit xarakter daşımır, əksinə qeyrimüntəzəm və dəyişkən xarakter daşıyır. Belə ki, ondan bir ay təxminən ***-**** manat arası aliment tutulursa, növbəti ay təxminən 2500-3000 manat arası aliment məbləği tutulur. Hesab edir ki, bu qanuni və ədalətli hesab edilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi ondan 28 dekbar 2015-ci ildən 1 uşağın saxlanması üçün aylıq qzancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördə bir hissəsinin tutulması barədə qətnamə qəbul etmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, tort ustasıdır. Axırıncı övladı dünyaya gələndən sonra fəaliyyətini azaltmışdır. Həmçinin valideynləri də ona maddi dəstək olurlar. Atası rəssam dizaynerdir, anası yüksək gəlirlə dayədir. Xalası isə Almaniyada yaşayır və ona maddi dəstək olur. Onların hesabına ev almışdır. Təxminən 1000-1500 manat aylıq aliment alırdı. Uşaq hal-hazırda 27 nömrəli məktəbdə oxuyur. Həmçinin individual kurslara gedir, bunun üçün də əlavə maliyyə vəsaitləri tələb olunur. Alimentin azaldılması ilə razı deyildir.

Tədqiq olunan sübutlar:

5. AZ-İ 275284 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Mahmudova Yeganə Aydın qızı arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 352 nömrə ilə qeyd edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13174/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Mahmudova Yeganə Aydın qızının xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq 23 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərin 1/4 hissəsi miqdarında və 23 oktyabr 2015-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1050/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Mahmudova Yeganə Aydın qızı arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 47 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 anası Mahmudova Yeganə Aydın qızının yanında qalması qət edilmişdir.

8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMC-nin Ətraf mühit və Sənaye şöbəsində Xüsusi inspeksiya xidmətləri üzrə texnik vəzifəsində çalışdığı şirkət tərəfindən işçiyə əmək funksiyalarını normal əmək şəraitində (quruda) icra etdiyi halda 4640,29 manat Brutto Azərbaycan manatı məbləğində ümumi əmək haqqı ödənildiyi, dəniz şəraitində görülən işə görə (vəzifə maaşına) 1,75 artım (əmsal) əlavə ödənildiyi bildirilmişdir.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah bağlanmışdır və bu nikahdan onların 23 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13174/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Mahmudova Yeganə Aydın qızının xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq 23 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin 1/4 hissəsi miqdarında və 23 oktyabr 2015-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1050/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Mahmudova Yeganə Aydın qızı arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 47 nömrəli akt qeydli nikah pozulmuş və tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 anası Mahmudova Yeganə Aydın qızının yanında qalması qət edilmişdir.

16. İddiaçı hal-hazırda aliment məbləğinin yüksək olduğunu əsas gətirərək alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMC-nin Ətraf mühit və Sənaye şöbəsində Xüsusi inspeksiya xidmətləri üzrə texnik vəzifəsində çalışdığı, şirkət tərəfindən işçiyə əmək funksiyalarını normal əmək şəraitində (quruda) icra etdiyi halda 4640,29 manat Brutto Azərbaycan manatı məbləğində ümumi əmək haqqı ödənildiyi, dəniz şəraitində görülən işə görə (vəzifə maaşına) 1,75 artım (əmsal) əlavə ödənildiyi bildirilmişdir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.

19. Hazırki işin materiallarından da göründüyü kimi yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıdan sabit pul məbləğində deyil, qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı alimentin 600 manat olmaqla sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir.

20. Ailə Məcəlləsinin 78.1-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsası müəyyən edilmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.

21. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

22. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

23. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.

24. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulmasını tələb edən şəxsin tələbi olmadan, eyni zamanda alimentin sabit pul məbləğində tutulması üçün Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslardan hər hansı biri olmadan iddiaçının gəlirinin müəyyən hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək sabit pul məbləğində tutulması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13174/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsinə dair tələbi əsassız olduğundan təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. İddiaçıya izah olunur ki, yuxarıda adı qeyd edilən məhkəmə qənaməsi əsasında qazancının ¼ hissəsi miqdarında tutulan alimentin miqdarının azaldılması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13174/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar