Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-985/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə Sumqayıt şəhərində 16 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə 06 oktyabr 2009-cu ildə Sumqayıt nikah evi tərəfindən tərəfindən rəsmiləşdirilmiş nikahlarının pozulması, azyaşlı uşaqların yaşayış yerinin onunla müəyyən olunması və birgə nikahlarından doğulmuş 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa ayda 175 manat olmaqla, ümumilikdə 525 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun 2/3 hissədə, cavabdehin isə mülkiyyət hüququnun 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Nikahları 06 oktyabr 2009-cu ildə Sumqayıt nikah evi tərəfindən rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyrimümkündür. 29.03.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq 01.07.2021-ci il tarixdən qüvvəyə minmişdir. AR MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməlidir. Məhz bu mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru X6 08.12.2021-ci il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci nümayəndəsi tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru Həsənov Etibar tərəfindən 2021-008095 № li, 08.12.2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halhazırda yetkinlik yaşına çatmayan uşaqları onun himayəsindədir. Hesab edir ki, uşağın saxlanılması xərcləri yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, hər bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 175 manat müəyyən edilməlidir. Belə ki, 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, boşanmaq fikri qətidir, məhkəmə tərəfindən verilmiş 3 ay müddətində ailənin bərpası mümkün olmamışdır. Qanunvericiliyin tələbinə görə uşaqların saxlanması üçün aliment təyin edilməsini və birgə nikah dövründə əldə edilmiş torpaq üzrəində 2/3 hissədə payının müəyyən edilməsini istəyir. Cavabdeh ustadır, tikinti işlərinə rəhbərlik edir, ən azı gününə 50 manat gəliri olmuş, hətta bəzən bir günə 6000-7000 manat pul qazanmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, İddiaçı qızı ilə boşanmağa razı olduğunu, lakin aliment tələbini qəbul etmədiyini bildirdi. Hazırda maddi vəziyyəti o qədər də yaxşı deyil, qeyri-rəsmi olaraq mühafizəçi işləyir, ayda 200 manat maaş alır. Onun uşaqlarının saxlanması üçün tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Bundan başqa aliment əvəzində torpağın bütövlükdə iddiaçıya verilməsinə etiraz etmir. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsi həqiqətən birgə nikah dövründə alınıb və onun mükiyyətindədir. Həmin torpağın bir sotunun qiyməti təxminən 7000-8000 manatdır. Həmin torpaq üzərində bir otaqlı ev də var. İddiaçının aliment istəməməsi müqabilində torpağın tam şəkildə ona verilməsinə razıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Tərəflərin birgə nikahından 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş AZ-İİ 9449426, AZ-İİ 491594 və AZ-İV 228622 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) İş materiallarında olan AZ-İ 508775 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh 06.10.2009-cu il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 718 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08.12.2021-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.04.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi Abşeron rayon notaruisu R.K.Hümmətov tərəfindən təsdiqlənmiş 4Ə /1187 reyestr nömrəlı 14.03.2014-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 03.04.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, həmin nikahdan X5, X4 və X3 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var. Onlar ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpasına ümid yoxdur. Nikah formal xarakter daşıyır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Hazırki iş üzrə tərəflər arasında barışıq olmadığı üçün məhkəmə hesab edir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların… saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qalması barədə saziş olmadığına görə onların birgə nikahından olan uşaqlarının kiminlə qalması məsələsini həll edərkən məhkəmə uşaqların yaşını, onların ana qayğısına daha çox ehtiyacının olmasını və cavabdehin uşaqların onun himayəsinə verilməsini tələb etmədiyini nəzərə alaraq hesab edir ki, 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019cu il təvəllüdlü X3 anaları İddiaçı ilə qalmalı, aliment Cavabdeh tutulmalıdır. Məhkəmə iddianın alimentlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqları saxlamaq vəzifəsi hər iki valideynin üzərinə düşdüyündən, alimentin məbləğinin bir uşaq üçün 150 manat olmaqla, üç uşağa görə 450 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 17.12.2021-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsi tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsini cavabdeh özü də inkar etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən müddəalarına görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (maddə 36.1, 36.2, 36.3) Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Tərəflər, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsinin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirmirlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə birgə nikah dövründə əldə edilmiş əmlakın tərəflər arasında bərabər bölünməməsi üçün ailə qanunvericiliyində (Ailə Məcəlləsi, 37.2-ci maddə) nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Bu səbəbdən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsinə İddiaçı ilə Cavabdeh payları bərabər (1/2) müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun (50 manat) yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin də yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 06 oktyabr 2009-cu il tarixdə Sumqayıt nikah evində 718 saylı akt qeydilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılsın. 17.12.2021-ci il tarixdən başlayaraq Cavabdeh 03.07.2010-cu il təvəllüdlü X5, 03.08.2012-ci il təvəllüdlü X4 və 01.02.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən olunsun. Cavabdeh 50 (əlli) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-985/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-985/2022
16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver