Məhkəmə qərarları › İş №e-2(061)-462/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-462/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-462/2025 18.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin, uşaqların 3 yaşı tamam olana qədər hər birinə 100 manat maddi yardımın, ödənilmiş mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə baxışının xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Himayəsində 2 azyaşlı övladının olduğunu, məhkəmənin yaşadığı yerdən uzaqda yerləşdiyini, iddia tələbi ilə bağlı bütün sənədləri təqdim etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə belə vəziyyətdə uşaqların maraq və mənafələrini üstün tutaraq, iddianın məhz onların maddi cəhətdən normal böyümələrinin təmin edilməsi ilə əlaqədar olduğunu nəzərə alaraq İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xeyli müddətdir ki, ayrılmış və müxtəlif ünvanlarda yaşayırlar. Cavabdeh uşaqlarla maraqlanmamış, onların ehtiyaclarını ödəməmişdir. O, mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında könüllü aliment ödəmək barədə razılığa gəlməmişdir. Uşaqlar balaca olduqları üçün işləyə bilmir. Cavabdeh fərdi fəaliyyətlə məşğuldur. Bir ata kimi uşaqların maddi təminatında iştirak etməlidir. Buna görə də ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda göstərdiklərinə əsasən Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin, uşaqların 3 yaşı tamam olana qədər hər birinə 100 manat maddi yardımın, ödənilmiş mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəmə baxışı iclasının bildirişini almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizədən görünür ki, iddia tələbini qismən qəbul etdiyini, uşağın saxlanması üçün iddiaçıya hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə yaşadıqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli 02716 saylı arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o ilkin mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşaqları iddiaçının yanında qalmışdır. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onu saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Belə ki, iddiaçı cavabdehin yüksək aylıq qazancının olması barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir.Ona görə də iddia qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. İddiaçı iddia tələbində Cavabdeh uşaqların 3 yaşı tamam olana qədər hər birinə 100 manat maddi yardımın da alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehin yüksək aylıq qazanca və digər zəruri vəsaitə malik olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə vəziyyətdə iddianın həmin hissəsinin təmin edeilməsini məqsədmüvafiq hesab etməmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların maraq və mənafelərini, iddiaçının himayəsində yaşamalarıını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, cavabdeh X4 bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (400 x 0,50=200 x 12 ay = 4800) ümumilikdə 4800 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 60 (altmış) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilməlidir. İş materiallarını, iddia ərizəsini və cavabdehin ərizəsini, iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,50 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,50 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 60 (altmış) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar