Məhkəmə qərarları › İş №e-2(063)-1226/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1226/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1226/2024 29.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdeh ilə 29 mart 2017-ci il tarixində Bakı 1 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqında akt qeydləri kitabında 711 nömrə ilə qeydə alınmış rəsmi nikaha xitam verilməsini, birgə nikahlarından olan 04 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun himayəsinə verilərək 04 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi, mediasiya xərcinin ödənməsi üçün 50 manat dövlət rüsümunun, vəkil orderi üçün 330 manat, məhkəmə bücəsinə ödənilmiş 50 manat olmaqla, ümümilikdə 430 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 29 mart 2017-ci il tarixində Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqında akt qeydləri kitabında 711 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 04 aprel 2020-ci il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra yaşadıqları müddət ərzində zaman keçdikcə xarakterlərindəki, dünyaya baxış tərzlərindəki fərqlilik özünü biruzə verməyə başlamışdır. Nəticə etibarı ilə xasiyyətlərindəki uyğunsuzluq birgə yaşayışlarını qeyri-mümkün etmişdir. Artıq cavabdehlə münasibətləri pozulmuş və faktiki olaraq 7 aya yaxin müddətdir ki, ayrı yaşayırlar. Hesab edir ki, bu münasibətlər fonunda bundan sonra cavabdeh ilə qarşılıqlı anlayış, hörmət və mehribançılıq şəraitində ailələrinin qorunub saxlanılması mümkün deyil. Beləliklə, cavabdehlə ər-arvad kimi ailə münasibətlərinin bərpası qeyri-mümkündür və cavabdehlə olan nikahları pozulmalıdır. Həmçinin, övladı 04 aprel 2020-ci il təvəllüdlü X4 onun himayəsindədir. Cavabdeh övladlarının maddi vəziyyəti ilə maraqlanmır, demək olar ki, 5 ay müddətdir ki, evi tərk edib valideynlərinin yanına getmişdir, ailənin saxlanması üçün heç bir kömək göstərmir. Özünün qazancı ilə uşağın artan maddi təminatını ödəmək çox çətindir. Ona görə də birgə nikahdan doğulmuş 04 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay üçün 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməlidir. O, mediasıya prosesindən keçmiş və bu barədə ona mediator tərəfindən 29 avqust 2024-cü il tarixində “ilkin mediasiya sesiyasında prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Həmçinin, bildirir ki, məhkəməyə iddia verilməsi məqsədi ilə tərəfindən mediasiya xərcinə görə 50 manat, vəkil orderi üçün 330 manat pul və məhkəmə büdcəsinə 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 430 manat ödənilmişdir. İddiaçıya məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərib iddianı müdafiə etdiyini, iddiaçının nikahın pozulması və aliment tələbinə dair mülki işdə fikrinin qəti olduğunu göstərmiş, işə onun iştirakı olmadan və mahiyyəti üzrə baxış iclasının keçirməyi xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı ilə nikahları 29 mart 2017-ci ildə qeydə alınmışdır, 04 aprel 2020-ci ildə Nilay adlı qızı doğulmuşdur, iddiaçı ilə ailə münasibətləri pozulmuşdur, ayrı yaşayırlar, Nilay adlı qızı anası ilə yaşayır. Hazırda barışmamışlar, barışıq üçün vaxt verilməsinə razı deyil, boşanmağa və boşanmadan sonra qızı Nilayın anasının yanında qalmasına, qızı Nilayın saxlanılmasına görə iddiaçıya hər ay 120-130 manat sabit pul məbləğində aliment ödəməyə razıdır, eyni zamanda 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin ondan tutulmasına razı olsa da, qalan hissədə iddianı qəbul etmir. Daimi qazancı və gəliri yoxdur, gündəlik 10 manat qazanc əldə edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin və vəkilinin məhkəməyə göndərdiyi ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 29 mart 2017-ci ildə nikahlarını bağlamışlar və nikah həmin tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 711 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X4 04 aprel 2020-ci ildə doğulmuşdur. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Şabran rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Oğuz küçəsi, döngə 4, ev 22-də qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. (maddə 19.1). Həmin Məcəllənin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında tərəflərin nikahın pozulmasına və boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın iddiaçının yanında qalmasına qarşılıqlı razılığı müəyyən edildi. İşdən görünür ki, hazırkı iddia ərizəsi 15 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, cavabdeh məhkəmə baxışında nikahın pozulmasına razı olmuş və iddia ərizəsinin məhkəməyə daxil olmasından 1 aydan artıq müddət keçmişdir. Ailə Məcəlləsi, həmçinin, nəzərdə tutur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1-75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəlir) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.1, 78.2). Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin və vəkilinin məhkəməyə göndərdiyi ərizəsini nəzərə alaraq və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı müəyyən edildi, buna görə də iddia nikahın pozulması hissəsində təmin edilməli, tərəflər arasında bağlanmış və qeydə alınmış nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən pozulmalı, eyni zamanda, tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla onların birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaq boşanmadan sonra iddiaçının-ananın yanında qalmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması barədə sübut təqdim olunmadığından cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən hər ay uşağın saxlanılmasına görə 235 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də cavabdehin həmin məbləğdə alimenti ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də iddia alimentin tutulması hissəsində qismən təmin edilməklə cavabdehdən 04 aprel 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 15 oktyabr 2024-cü ildən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməli, aliment tələbi barədə iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı dövlət rüsmuna görə 50 manat və mediasiyaya dair xərcə görə 50 manat ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci məhkəmə xərclərinə aid edilməli və cavabdeh həmin hissədə iddianı qəbul etdiyindən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə 330 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissədə iddia qismən təmin edilməli, ağlabatan məbləğ kimi 150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 29 mart 2017-ci ildə Bakı 1 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 711 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra 04 aprel 2020-ci ildə doğulmuş X4 İddiaçı yanında qalsın. Cavabdeh 15 oktyabr 2024-cü ildən başlayaraq 04 aprel 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat, mediasiyaya dair xərcə görə 50 (əlli) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar