Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-135/2025 04.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və s. tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı aliment borcunun silinməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış 4210 manat məbləğində aliment borcunun silinməsi, habelə Cavabdeh 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından 03 fevral 2002-ci il təvəllüdlü X14, 28 oktyabr 2003-cu il təvəllüdlü X16 və 29 sentyabr 2007-ci il təvəllüdlü X15 doğulmuşdur. X14 tərəflər boşandıqdan sonra atası–İddiaçı himayəsində böyümüşdür. İddiaçıdan Ucar Rayon Məhkəmənin 2(063)433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 manat, hər uşağa görə 40 manat aliment tutulub 28 oktyabr 2003-cu il təvəllüdlü X5 və 29 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 verilməsi qət edilmişdir. X14 ilə yanaşı, X16 da 2013-cü ilin sonlarından etibarən atasının himayəsində yaşamağa başlamış və hər iki uşaq iddiaçının himayəsində böyümüşlər. Uşaqlar atalarının himayəsində yaşamalarına baxmayaraq, iddiaçı cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etməmiş, uşaqları iddiaçı və onun həyat yoldaşı Şahid Sadıx qızı böyütmüş, bütün ehtiyaclarını birgə qarşılamış və uşaqlardan valideyn qayğısını əskik etməmişlər. Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)433 nömrəli icra vərəqəsinə əsasən borclu İddiaçı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 80 manat alimentin alınaraq tələbkar Cavabdeh verilməsi qət edilmiş və həmin icra vərəqəsi üzrə icra hərəkətləri aparılmışdır. Lakin sonradan Cavabdeh Ucar Rayon İcra Şöbəsinə müraciət edərək, X14 və X8 atasının–iddiaçının, X6 isə onun–Cavabdeh himayəsində olduğu üçün alimentin alınması barədə Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)433 saylı icra vərəqəsinə əsasən icraatın dayandırılmasını xahiş etmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin 8(063)61/2014 saylı, 08 sentyabr 2014-cü il tarixli qərardadına əsasən alimentin alınması barədə icraat dayandırılmışdır. Bundan sonra iddiaçıya alimentlə bağlı hər hansı irad və ya tələb bildirilməmişdir. Halbuki, iddiaçı hər iki uşağın saxlanması üçün nəzərdə tutulan alimenti hər ay hər uşaq üçün ödəmişdir. Cavabdeh digər iki övladlarının iddiaçının himayəsində qaldığına və onları iddiaçının saxladığına görə həm yanındakı uşaq (X15), həm də digər uşaqların saxlanması üçün aliment tələbini dayandırmışdır. Başqa sözlə cavabdeh aliment tələbi ilə bağlı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və icraat onun ərizəsi ilə dayandırılmışdır. İddiaçı da yanında saxladığı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etmək hüququna malik olduğu halda cavabdehdən aliment tələb etməmişdir. Bununla da, nə iddiaçı cavabdehdən yanında olan uşaqların saxlanması üçün aliment tələb etmiş, nə də cavabdeh yanında qalan uşaq üçün aliment istəmişdir. Lakin buna baxmayaraq cavabdeh övladı X1 üçün yenidən aliment tələbi ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət edərək, 193 manat sabit pul məbləğində alimentin ödənilməsini istəmişdir. Lakin Ucar Rayon Məhkəməsinin 2(063)-903/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə 110 manat, daha sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-207/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən alimentin məbləğinin 110 manatdan 140 manata qədər artırılaraq tutulması qət edilmişdir. İddiaçı qətnamə üzrə nəzərdə tutulan aliment məbləğini vaxtlı-vaxtlında ödəyir. Buna baxmayaraq cavabdeh iddiaçıdan yenidən aliment tələb etməklə yanaşı, Ucar rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, 2013-cü ilin noyabr ayından 2022-ci ilin dekabr ayı daxil aliment borcunun yarandığını iddia edərək, aliment borcu da tələb etmişdir. Cavabdehin aliment borcunu tələb etməsi qanunsuz və əsassızdır. Ucar Rayon Məhkəmənin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 manat, hər uşağa görə 40 manat alimentin tutulub 28 oktyabr 2003-cu il təvəllüdlü X5 və 29 sentyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh 2013-cü ildə icraatın dayandırılması barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, 2023-cü ildə icraatın təzələnməsi və aliment borcunun hesablanaraq iddiaçıdan tutulmasını istəmişdir. Ucar Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən X9 münasibətdə əsassız hesablanmış aliment borcu silinmiş, lakin X10 münasibətdə əsassız olaraq hesablanmış aliment borcu silinməmişdir. İddiaçı 2011-ci ildə məhkəmə qətnaməsini vaxtlıvaxtında ödədiyi halda, cavabdeh ərizə verərək icraatın dayandırılmasını istəmişdir. Aliment vaxtlı-vaxtında ödənildiyi halda, icraatın dayandırılmasını istəyib, sonradan 4360 manat aliment borcunun yarandığını iddia edərək onun tələb olunması əsaslı və qanunauyğun deyil. Alimentin aylıq ödənilməsi iddiaçı üçün daha əlverişli olduğu halda, aliment borcunun yarandığını iddia edərək onun sonradan tələb olunması iddiaçını da maddi baxımdan çətin vəziyyətə salır, onun durumunu pisləşdirir. Buna baxmayaraq iddiaçı həmin məbləğdən cavabdehə 150 manat ödəniş etmiş və 4210 manat aliment borcu qalmışdır. Cavabdeh icraatın dayandırılmasını xahiş etməmişdən əvvəl hər ay aliment ödənilirdi, icraat dayandırılmadığı halda da, hər ay aliment ödənilməyə davam edəcəkdi. Çünki iddiaçı da bir valideyn olaraq bilir ki, uşağın saxlanması üçün nəzərdə tutulan alimenti ödəmək borcudur. Lakin cavabdeh icraatın dayandırılmasını istəmiş, illər sonra icraat təzələnmiş və bununla da əsassız olaraq aliment borcu əmələ gəlmişdir. X10 münasibətdə hesablanmış aliment borcu üzrlü səbəbdən yaranmışdır. X10 münasibətdə aliment borcu üzrlü səbəbdən, ondan asılı olmayan səbəblərdən əmələ gəldiyi üçün silinməlidir. Belə ki, iddiaçının hazırda daimi, rəsmi qazanc yeri olmadığına baxmayaraq o bir valideyn kimi valideynlik borcunu yerinə yetirməklə yanaşı, o cümlədən məhkəmə qətnaməsini vaxtlı-vaxtında icra edərək alimenti ödəyir və hazırda da ödəməkdə davam edir. İddiaçı həm yanında olan iki övladını qarşı tərəfdən aliment tələb etmədən saxlamış, həm də cavabdehin yanında olan övladı üçün də alimenti ödəyir. Bir valideyn olaraq iddiaçının cavabdehin yanında qalan övladı üçün alimentini vaxtlı-vaxtında ödədiyini, iddiaçının hazırda rəsmi iş yerinin olmadığını, maddi vəziyyətinin ailəni dolandırmaq üçün kifayət etmədiyini, aliment borcunun iddiaçıdan asılı olmayan səbəbdən əmələ gəldiyini nəzərə alaraq hesab edilir ki, aliment borcu silinməlidir. Cavabdeh aliment borcunun yarandığını iddia edərək, əsassız borcu tələb etdiyi üçün iddiaçı həmin aliment borcunun silinməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə aliment borcunun silinməsi tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və mediasiya prosesinin nəticəsi olaraq barışıq əldə olunmamışdır. Belə ki, iddiaçı və cavabdeh arasında olan mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmayıb. Şəki 1 saylı Mediasiya Təşkilatının mediatorunun ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edilir. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ərizəsi də ünvanlamışdır. Belə ki, həmin etirazda göstərilmişdir ki, o, 09 sentyabr 2008-ci ildə iddaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları var: 03 fevral 2002-ci il təvəllüdlü X12, 28 oktyabr 2003-cü il təvəllüdlü X13 və 29 sentyabr 2007-ci il təvəllüdlü X11. Ucar Rayon Məhkəməsinin 2(063)-130/2010 saylı, 06 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X3, 28 oktyabr 2003-cü il təvəllüdlü X4 və 29 sentyabr 2007-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən olunması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə 31 oktyabr 2011-ci il tarixdən başlayaraq 28 oktyabr 2003-cü il təvəllüdlü X4 və 29 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 40 manat olmaqla, cəmi iki uşağa görə 80 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Həmin vaxt birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X12 atasının yanında yaşadığından onun saxlanması üçün aliment müəyyən olunmamışdır. Birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X12 və 28 oktyabr 2003-cü il təvəllüdlü X13 yetkinlik yaşlarına çatmışlar. İddiaçı bundan əvvəl də məhkəməyə müraciət etmiş və 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433 saylı icra sənədi üzrə 6960 manat aliment borcunun silinməsini tələb etmişdir. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi borc həm Rəvanın, həm də Fikrətin aliment borclarıdır. Ona görə də iddiaçı iddia tələbinin həcmini azaldaraq yalnız Rəvan adlı uşağa münasibətdə aliment borcunun silinməsini xahiş etmişdir. Məhkəmə qərarı ilə də Rəvan adlı uşaq atasında olduğundan ona görə hesablanmış aliment borcu silinmişdir. Hazırda iddiaçı Fikrət adlı uşağa münasibətdə də aliment borcunun silinməsini tələb edir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Çünki həmin uşağa münasibətdə aliment borcu silinə bilməz. Çünki aliment müəyyən olunduğu vaxtdan Fikrət adlı uşaq onun yanında olmuş və hazırda da onun yanındadır, iddiaçı isə məhkəmə qərarı ilə müəyyən olunmuş alimenti ödəməmişdir. Ona görə də borc silinə bilməz. Fikrət adlı oğluna münasibətdə aliment borcunun silinməsinin tələb olunması əsasızdır. Ucar Rayon məhkəməsinin 2(063)-903/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 2(063)-433/2011 saylı, 31 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, İddiaçı hər ay 110 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan tutulub, birgə nikahlarından olan 29 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği 140 manat müəyyən olunmuşdur. Artırılan alimentin tutulması isə 24 yanvar 2023-cü il tarixdən başlayaraq müəyyən olunmuşdur. 31 oktyabr 2011-ci il tarixdən (yəni alimentin müəyyən olunduğu tarixdən) 24 yanvar 2023-cü ilə kimi (artırılan aliment məbləğinin hesablandığı vaxt) 145 ay edir. 145 ayı da 40 manata vurduqda 5800 manat pul edir. Yəni, Fikrət adlı uşağa münasibətdə aliment borcu əslində 4210 manat deyil, 5800 manatdır. İcra məmuru həmin məbləği düz hesablamamışdır və iddiaçı da borcun silinməsini əsassız olaraq tələb edir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, cavabdehin yazılı etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd etmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun A.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixli, S.Rəsulovanın şikayəti üzrə 9 mart 2005-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarları). Eyni zamanda, həmin Qərarda o da vurğulanmışdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 08 dekabr 2023-cü il tarixli qərardadının 19-cu bəndində göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ödəməməsi istinad edilən aliment borcu məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında yaranmışdır. Hazırkı tələb qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında mövcud olan aliment borcunun silinməsini özündə ehtiva edir. Odur ki, sözügedən iddia tələbinə iddia icraatı qaydasında baxılması həm mülki prosessual qanunvericiliyin norma və prinsipləri baxımından, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqtətbiq etmə mövqelərinə istinadən istisna edilir. Qeyd edilənlərə əsasən bu müraciətə iddia icraatı qaydasında deyil, qətnaməsinin icrası qaydasında baxılmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iş üzrə icraata xitam verilməli, eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən iş üzrə iddiaçıya məhkəmə qətnaməsinin icrası qaydasında müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və s. tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı məhkəmə qətnaməsinin icrası qaydasında müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-135/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-135/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver