Məhkəmə qərarları › İş №e-2(063)-312/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-312/2025

04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-312/2025 04.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2 və İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı nikahın pozulması və s. tələbi barədə iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək nikah qeydinin pozulmasını xahiş etmiş, bundan əlavə, ərizədə uşağın anasının yanında qalmasını, habelə uşağın saxlanılması üçün minimum aylıq əmək haqqının 0,40 mislində alimentin təmin edilməsini, habelə uşağın saxlanılması üçün cavabdehin özü üçün ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 05 mart 2022-ci il tarixində ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan 05 noyabr 2022-ci il tarixdə X5 adında övladı dünyaya gəlmişdir. Uşaq hal-hazırda anasının himayəsindədir. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulmasının səbəbi, sözlərinin birbirinə uyğun gəlməməsi, birlikdə yaşamaqlarının qeyri-mümkünlüyü, eləcə də onların heç bir vaxt ailələrinin yenidən bərpa olunacaq ümidinin olmamasıdır. Bu şəkildə ailəni saxlamaq mümkün deyildir. O, bu baxımdan da bu ailədə birlikdə yaşamaq istəmir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək aralarında olan nikah qeydinin pozulmasını istəyir. O, mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu səbəbdən də münasibətlərinin mediasiya qaydasında tənzimlənməsi öz nizami həllini tapmamışdır. Bu səbəbdən də mübahisələri ilkin prosesdə həll edilməmişdir. O, cavabdehlə yaşamaq istəmir. Zorla ailə münasibətləri qurmaq mümkün deyildir. Bu səbəbdən də boşanmada qəti və israrlıdır. O, boşanmaq istəyir. Bu şəkildə ailəni saxlamaq mümkün deyildir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində və əlavə ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Həmçinin, izahatında göstərdi ki, cavabdeh uşağın saxlanılmasına görə özü üçün aliment tutulmasını tələb etmək üçün əvvəlcə mediasiya orqanına müraciət etməli, sonra isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Bundan əlavə, izahatında göstərdi ki, hazırda tərəflər barışmamışlar, ayrı yaşayırlar, uşaq da cavabdeh ilə qalır. İddiaçı nikahın pozulmasına təkid edir, nikahın pozulması ilə bərabər boşanmadan sonra uşağın cavabdeh ilə qalmasına və uşağın saxlanılması üçün cavabdehə minimum əmək haqqının 0,40 misli miqdarında alimentin tutulmasına razıdır, cavabdehin digər tələbini isə qəbul etmir. Cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Həmçinin, cavabdeh məhkəməyə göndərdiyi ərizədə və əlavə ərizədə qətnamə çıxararkən 05 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində və 05 noyabr 2022-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulmasının qət edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməklə tərəflər arasında bağlanmış və qeyd edilmiş nikah pozulmalı, eyni zamanda, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaq cavabdehin-ananın yanında qalmalı, uşağın saxlanılması üçün, habelə uşağın üç yaşına çatanadək saxlanılmasına görə cavabdehin özü üçün iddiaçıdan hər ay sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan nikah haqqında arayışdan görünür ki, tərəflər 05 mart 2022-ci ildə nikahlarını bağlamışlar və nikah həmin tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, ata İddiaçı və ana Cavabdeh olan X5 05 noyabr 2022-ci ildə doğulmuşdur. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmənin əvvəlki iclasında cavabdeh nikahın pozulmasına razı olmadığına görə məhkəmə, ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işin baxılmasını təxirə salmışdır. Barışıq müddəti ərzində tərəflər barışmamışlar və iddiaçının nümayəndəsi və vəkili hazırkı məhkəmə iclasında iddiaçının nikahın pozulmasına təkid etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh, 05 noyabr 2022-ci ildə doğulmuş X3 3 yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulmasının qət edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin bu tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə ər və arvad bir-birinə maddi cəhətdən köməklik etməlidirlər (maddə 84.1). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan və digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (maddə 84.2 və 84.2.2). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, cavabdehin aliment tələbləri barədə ərizəsini və əlavə ərizəsini müzakirə edərək və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmənin əvvəlki iclasında cavabdeh nikahın pozulmasına razı olmadığına görə məhkəmə, ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işin baxılmasını təxirə salmış, barışıq müddəti ərzində tərəflər barışmamışlar, iddiaçının nümayəndəsi və vəkili hazırkı məhkəmə iclasında iddiaçının nikahın pozulmasına təkid etdiyini bildirmişdir. Həmçinin, məhkəmə iclasında yetkinlik yaşına çatmayan uşağın boşanmadan sonra cavabdehin-ananın yanında qalmasına tərəflərin razılığı müəyyən edilmişdir, buna görə də iddia təmin edilməklə tərəflər arasında bağlanmış və qeyd edilmiş nikah pozulmalı və tərəflərin birgə nikahlarından doğulmuş və hazırda yetkinlik yaşına çatmamış uşaq boşanmadan sonra cavabdehin-ananın yanında qalmalı, həmçinin, cavabdehin aliment tələbi barədə ərizəsi qismən təmin edilməklə uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmalıdır. Məhkəmə iclasında iddiaçının qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən iddiaçıdan aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə və əlavə ərizədə uşağın saxlanılmasına görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində və 05 noyabr 2022-ci ildə doğulmuş X1 görə isə uşağın 3 yaşına çatanadək özü üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində alimentin tutulmasını tələb etsə də iddiaçının həmin məbləğdə alimenti ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin kifayət qədər qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də məhkəmə yuxarıda göstərilən qanunvericiliyin tələbini nəzərə almaqla hesab edir ki, yetkinlik yaşına çatmayan, 05 noyabr 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində, habelə Cavabdeh özü üçün yetkinlik yaşına çatmayan, 05 noyabr 2022-ci ildə doğulmuş X3 üç yaşına çatanadək saxlanılmasına görə İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı, cavabdehin aliment tələbləri qismən əsaslı hesab edilməli, alimentlərin tutulmasının əvvəli cavabdehin məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 mart 2025-ci ildən hesab edilməli, qətnamənin alimentlərin tutulması hissəsi dərhal icra edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 05 mart 2022-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra 05 noyabr 2022-ci ildə doğulmuş X5 Cavabdeh yanında qalsın. 05 mart 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 05 noyabr 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. 05 mart 2025-ci il tarixdən başlayaraq Cavabdeh özü üçün yetkinlik yaşına çatmayan, 05 noyabr 2022-ci ildə doğulmuş X3 üç yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentlərin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar