Məhkəmə qərarları › İş №e-2(063)-574/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-574/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-574/2025 05.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti” ASC-nin Cavabdeh, X4 və X1 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Opel Crossland X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5640 manat məbləğində pul vəsaitinin, ödənilmiş 76,40 manat məbləğində dövlət rüsumunun və 0,61 qəpik xidmət haqqının tutulub iddiaçı ASCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 05 oktyabr 2021-ci il tarixdə “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 07 dekabr 2017-ci il tarixdən 2021-ci il tarixədək avtomobilin sığorta dəyəri 23940 manat, azad olma məbləği 300 manat olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) növü ilə sığortalanmışdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyat hissələri və işçilik olmaqla, ümumilikdə 26003,66 manat məbləğində zərər dəymişdir. Belə ki, baş vermiş hadisə zamanı “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuşdur. Nəqliyyat vasitəsi tam məhv olduğundan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 23940 manat sığorta ödənişindən 13000 manat qalıq hissələrin dəyəri və 300 manat azadolma məbləği çıxılmaqla 10640 manat zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə 5000 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, geriyə qalan 5640 manat hissə isə cavabdeh tərəfindən iddiaçı ASC-yə ödənilməlidir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı X7 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə olan halda, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş 5640 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı, 657935 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də icbari sığorta bürosunun sistemindən edilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması ilə bağlı çıxarışın surətlərindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan AE seriyalı, 226623 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 04 oktyabr 2017-ci il tarixdən 04 oktyabr 2027-ci il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 06 dekabr 2017-ci il tarixdə verilmiş AD seriyalı, 111665 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. İşdə olan AD seriyalı, 157126 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 27 mart 2013-cü il tarixdən 27 mart 2023-cü il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 0034 nömrəli yol vərəqəsinin surətindən görünür ki, X2 “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 sentyabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək çıxışa icazə verilmişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş sxemin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə arayışın, həmçinin Bakı şəhər DYPİ-nin əməkdaşı X7 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 05 oktyabr 2021-ci il tarixdə, saat 15:50 radələrində Bakı şəhəri ərazisində C.Səlimov və Salamzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 07 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 76,40 manat məbləğində dövlət rüsumu ödəmiş və 0,61 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı çəkmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş 14 iyul 2025-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddianı qəbul etmiş və təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “Opel Crosslad X” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 26003,66 manat məbləğində zərər dəymişdir. Lakin, nəqliyyat vasitəsi tam məhv olduğundan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 23940 manat sığorta ödənişindən 13000 manat qalıq hissələrin dəyəri və 300 manat azadolma məbləği çıxılmaqla 10640 manat zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyinə görə şirkətin yol nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Belə ki, Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə 5000 manat sığorta ödənişi ödənilmişdir. Hazırda vurulmuş ziyana görə Cavabdeh oğlunun İddiaçı Sığorta Şirkəti ASC-yə 5640 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 5640 manat məbləğində pul vəsaiti, ödənilmiş 76,40 manat məbləğində dövlət rüsumu və 0,61 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5640 (beş min altı yüz qırx) manat məbləğində pul vəsaiti, ödənilmiş 76,40 (yetmiş altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və və 0,61 (altmış bir qəpik) manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar