Məhkəmə qərarları › İş №e-2(064)-1666/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1666/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1666/2025 25.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdehə ödəməli olduğu sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4306/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 nömrəli, xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iki uşağa görə ümumilikdə 320 manat aliment təyin edilmişdir. Cavabdeh ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının xeyrinə, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunmuşdur. Aliment məbləği indeksasiya edilməzdən əvvəl çətinliklə də olsa aliment məbləğini ödəyə bilirdim, lakin Abşeron Rayon Məhkəməsinin qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0,72 misli həddində indeksasiya edildikdən sonra hər uşaq üçün ödəməli olacağım aliment məbləği 288 manat edir ki, bu məbləği ödəmək çox çətin və mümkünsüzdür. Qeyd edilən məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan da çoxdur. Mən alimentin ödənilməsindən boyun qaçırtmıram. Sadəcə olaraq hər uşaq üçün aylıq 288 manat alimenti ödəməyə imkanım çatmır. Bunun səbəbi əmək haqqının az olması və ikinci dəfə ailə həyatı qurmağı, həmin nikahdan da 1 uşağının olmasıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məndən tutulan aliment məbləği azaldılaraq hər uşaq üçün minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməlidir. İddiaçı Məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirdi və ərizəsini onunla əsaslandırdı ki, hazırki dövrdə ölkədə baş verən iqtisadi vəziyyət, xüsusilə də gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində müşahidə olunan ciddi artım, aliment məbləğinin azaldılması məsələsini mümkünsüz edir. İnflyasiya nəticəsində uşaqların saxlanması və təhsil xərclərinin ödənilməsi üçün tələb olunan məbləğ durmadan artır. İddiaçının ödədiyi aliment hazırki vəziyyətdə uşağın əsas ehtiyaclarını qarşılamağa belə kifayət etmir. Qızı hazırda 10-cu sinifdə təhsil alır və ali məktəbə qəbul olmaq üçün 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır. O, 6 fənn üzrə hazırlıq dərslərinə gedir və bu dərslərin aylıq ödənişi ailə büdcəsi üçün böyük yük təşkil edir. Uşağın təhsilinə yönələn bu xərclərin böyük bir hissəsi yalnız onun tərəfindən qarşılanır. Ata isə alimentdən başqa heç bir əlavə maddi dəstək göstərmir və övladının digər xərcləri ilə maraqlanmır. Hal-hazırda o, Abşeron rayonunda kirayə mənzildə yaşayır və kirayə haqqı da ailə büdcəsinə əlavə maliyyə yükü yaradır. Bu şəraitdə alimentin azaldılması həm onun, həm də övladının yaşayış səviyyəsinə mənfi təsir edəcəkdir. İddiaçının sonradan ailə həyatı qurması və yeni övladının olması onun əvvəlki nikahdan olan övladına qarşı olan aliment öhdəliyini azaltmamalıdır. Ailə Məcəlləsinə əsasən, valideyn hər bir övladına qarşı bərabər məsuliyyət daşıyır və bu məsuliyyət sonradan yaranan ailə vəziyyəti ilə məhdudlaşdırıla bilməz. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq, İddiaçı alimentin məbləğinin azaldılması ilə bağlı iddia ərizəsinin təmin olunmamasını və mövcud aliment məbləğinin saxlanılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-4306/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iki uşağa görə ümumilikdə 320 manat aliment təyin edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının xeyrinə, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 332047 nömrəli nikah haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, İddiaçı ilə X5 arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 855 nömrə ilə nikah aktı qeydə alınmış, ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ İV seriyalı, 535249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, həmin tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında İddiaçı tərəf iştirak etmiş, mediasiya xərci olaraq 60 manat vəsait ödəmiş, mediasiya sessiyasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh tərəf iştirak etməmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə vaxtamuzd olaraq rəngsaz vəzifəsində işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İddiaçı iddia ərizəsinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-3-cü bəndində qeyd edilir ki, Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmin qərarın 8.7-ci bəndində qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərarın 8.14-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və Cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment məbləğinin dəyişdirilməsi tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə Cavabdehin ödəmə qabiliyyətini, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya olunmuş aylıq aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400 * 0,50 = 200 manat) həddində olması yetərlidir və bu aliment məbləği ilə uşağın layiqli həyat şəraitinin, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Belə ki, Məhkəmə iş materiallarında olan sənədlər əsasında müəyyən edir ki, İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahından uşağı xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur və onun himayəsindədir. Bundan başqa iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə vaxtamuzd olaraq rəngsaz vəzifəsində işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. Həmçinin iş materialları əsasında müəyyən olunur ki, İddiaçı aliment məbləği indeksasiya olunanadək heç bir borc saxlamadan aliment öhdəliyini yerinə yetirmiş, lakin aliment məbləği indeksasiya olunduqdan sonra aliment ödəməkdə maddi çətinliklər yaşamışdır. İndeksasiya olunmuş aliment məbləği 576 manat təşkil etmişdir ki, bu da İddiaçının aylıq əmək haqqısından xeyli dərəcədə yüksəkdir. Məhkəmə İddiaçının ikinci dəfə ailə həyatı qurmasını və ikinci nikahından uşağının olmasını, indeksasiya olunmuş aliment məbləğinin aylıq gəlirindən xeyli dərəcədə yüksək olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, aliment məbləği dəyişdirilməli və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400 * 0,50 = 200 manat) həddində təyin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400 * 0,50 = 200 manat) həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar