Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1753/2023 05.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “məhkəmə qətnaməsi əsasında əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində ödəməli olduğu aliment miqdarının hər ay 200 manat sabit pul məbləğinə dəyişdirilməklə azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)-724/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh (bundan sonra - cavabdeh) əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində ödəməli olduğu aliment miqdarının hər ay 200 manat sabit pul məbləğinə dəyişdirilməklə azaldılması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)-724/2022 nömrəli qətnaməsi ilə onunla hazırki iş üzrə cavabdeh arasında bağlanmış nikahın pozulması, nihaklarından doğulmuş 14 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi cavabdehin yanında saxlanması ilə əlaqədar ondan əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Hazırda işləmir, əmək haqqı almır. Bu fakt 3 saylı Bakı Dost Mərkəzinin 31 avqust 2023-cü il tarixli arayışı ilə təsdiq edilir. X1 cavabdeh olan anasının yanında yaşasa da, göstərdiklərinə əsasən həmin aliment miqdarının hər ay 200 manat sabit pul məbləğinə dəyişdirilməklə azaldılmalı olduğunu hesab edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında iddiaçının işlədiyini və hər ay təxminən səkkiz min manat məbləğində əmək haqqı aldığını, iddiaçı ilə nikahından doğulmuş X3 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)- 724/2022 nömrəli qətnaməsi əsasında onun yanında yaşadığını göstərərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin hansı faktiki hallarının müəyyən edilməsi və ona tətbiq edilməli olan qanunvericilik norması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - iş üzrə tərəflərin nikahından 14 aprel 2020-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur (AZ-İV seriyalı, 441156 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən). - Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)- 724/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi, sonuncu ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, onların nikahından doğulmuş 14 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Cavabdeh yanında saxlanması, bununla əlaqədar həmin məhkəmənin 25 fevral 2021-ci il tarixli, 2(008)- 1950/2021 nömrəli qətnaməsi əsasında İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin 175 manat sabit pul məbləğindən dəyişdirilərək, əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsində tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(103)5043/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)-724/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır (Göstərilən məhkəmə qətnamələrinin surətlərinə əsasən). - İş üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən əvvəl keçirilmiş mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdeh iştirak etməməklə iddiaçının verdiyi alimentin miqdarının azaldılması tələbi ilə razı olmadığını ifadə etmişdir (Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 26 avqust 2023-cü il tarixli, MŞC/1/0001178 nömrəli arayışın surətinə əsasən). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmununa, xüsusilə də orada “uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə” ifadəsi işlədildiyinə görə alimentin hər ay sabit pul məbləğində və ya qazancın (gəlirin) müəyyən hissəsi həcmində tutulmasını, eləcə də məhkəmə qətnaməsi ilə alimentin müəyyən edilmiş tutulma qaydasının (yəni, sabit pul məbləğində və ya qazancın (gəlirin) müəyyən hissəsi həcmində) dəyişdirilməsini tələb etmək hüququ yalnız uşağın yanında yaşadığı valideyninə məxsusdur. Uşağın yanında yaşamadığı valideyninin isə bununla bağlı məhkəmədə tələb irəli sürməyə dair subyektiv hüququ yoxdur. Məhkəmə göstərilən hüquqi mövqelərə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı hazırda işləmədiyini və əmək haqqı almadığını əsas gətirərək, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)-724/2022 nömrəli qətnaməsi ilə ondan cavabdehin xeyrinə əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində tutulması qət edilmiş aliment miqdarının hər ay 200 manat sabit pul məbləğinə dəyişdirilməklə azaldılmasını xahiş etsə də, həmin qətnamə ilə tərəflərin nikahından doğulmuş 14 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Cavabdeh yanında saxlanması qət edildiyinə və həmin uşaq cavabdeh olan anasının yanında yaşadığına görə iddiaçının həmin məhkəmə qətnaməsi ilə cavabdehə ödəməli olduğu qət edilmiş aliment miqdarının ödənilmə qaydasının dəyişdirilməsi yolu ilə azaldılmasını tələb etməyə dair subyektiv hüququ yoxdur. Məhkəmə belə qənaətə gələrkən, həmçinin iddiaçının Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(008)-724/2022 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətində də hazırki iddia ərizəsi ilə eyni məzmunda xahiş etdiyini, Bakı Apelyasiya Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(103)5043/2022 nömrəli qətnaməsi ilə həmin apelyasiya şikayətinin təmin edilmədiyi və Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlandığını, eləcə də, iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 31 avqust 2023-cü il tarixli məktubunda həmin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində iddiaçının adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi göstərilsə də, elektron məhkəmə portalı vasitəsilə əldə edilmiş məlumatda iddiaçının “JOİNT OPERATİNG COMPANY OF ABSHERON PETROLEUM B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında istismar üzrə mühəndis işləməklə aylıq əmək haqqı məbləğinin 7896,00 manat olmasının göstərildiyini də nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə iddia tələbi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “məhkəmə qətnaməsi əsasında əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində ödəməli olduğu aliment miqdarının hər ay 200 manat sabit pul məbləğinə dəyişdirilməklə azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(064)-1753/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1753/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver